Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilən deputatı Şamil Ayrım 14 may seçkilərinin nəticələri və ayın 28-də keçiriləcək ikinci tur seçimləri barədə danışarkən deyib.
“Mayın 14-də ilk dəfə bu qədər çox ittifaqın iştirak etdiyi seçkilər baş tutdu. Bizim üçün vacib olan seçkilərin problemsiz, demokratiya bayramı kimi keçməsi idi. 28-ci çağırış parlament seçkilərində vətəndaşların əksəriyyəti “Cümhur ittifaqı”na səs verdi. Bu da parlamentdə spiker daxil olmaqla komissiya rəhbərlərinin “Cümhur ittifaqı”ndan olması deməkdir. Çox az fərqlə 13-cü prezident seçkisi ikinci tura qaldı. Biz mayın 28-də həm Azərbaycanın Müstəqillik Gününü, həm də cənab Ərdoğanın 13-cü prezident seçilməsini qeyd edəcəyik", - türkiyəli deputat bildirib.
"ATA İttifaqı"nın prezidentliyə namizədi, Azərbaycan əsilli siyasətçi Sinan Oğanın ikinci turda hansı namizədə dəstək olmasına gəlincə, AKP təmsilçisi onun tərəfdarlarının Rəcəb Tayyib Ərdoğana səs verəcəyini düşünür.
"Sinan bəy milliyyətçi və Atatürkçülərin səslərini toplamaq üzrə yola çıxdı. Təsadüfi deyil ki, Sinan Oğanın ilk üzvü olduğu partiya Milliyyətçi Hərəkat Partiyasıdır (MHP). Hazırda MHP "Cümhur İttifaqı"na daxildir və Ərdoğanı dəstəkləyir. Bu o deməkdir ki, "Cümhur İttifaqı" milliyyətçilərin və Atatürkçülərin sıx olduğu qrupdur. Sinan bəyin cılız sövdələşmə istəyində olacağını düşünmürəm. Ona səs verən insanların ikinci turda Prezident Rəcəb Tayyib Ərdoğana səs verəcəyini düşünürəm. Əlbəttə, Sinan bəylə görüşlərimiz olacaq. Ancaq qəti olaraq vəzifə sövdələşməsinin olacağını hesab etmirəm", - Şamil Ayrım vurğulayıb.
Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci tur mayın 28-də olacaq.
İlk turun nəticələrinə əsasən, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,51% səs toplayıb. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,85%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs qazanıb. Seçkidən əvvəl namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncəyə isə seçicilərin 0,44%-i səs verib.
İkinci turda Ərdoğan ilə Kılıçdaroğlu yarışacaq. Siyasi fəaliyyətində ilk dəfə yüksək nəticə əldə edən Sinan Oğan ikinci turda hansı namizədi dəstəkləməsinə hələ qərar vermədiyini, tərəflərlə müzakirələrdən sonra mövqeyini açıqlayacağını söyləyib.