Gülən və güldürən Arif Quliyev: Yaşasaydı, 73 yaşını qeyd edəcəkdi - FOTO

Bu gün Azərbaycan SSR Əməkdar artisti, Azərbaycan Respublikasının Xalq artisti Arif Quliyevin doğum günüdür.

Arif Quliyev 16 may 1950-ci ildə Şirvan (Əli-Bayramlı) şəhərində doğulub.

1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun “Dram və kino aktyorluğu” fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirib.

Aktyor müxtəlif səpgili və xarakterli obrazlar yaradıb.

Teatr səhnəsində ifa etdiyi Şərbətəli (“Təzə gəlin”), Salyanski (“Gözün aydın”), Əli (“Qayınana”), Dursun (“Durna”), Mürsəl (“Gurultulu məhəbbət”), İbişov (“Özümüz bilərik”), Dursunov (“Hicran”), Tofiq (“Ev bizim, sirr bizim”), Hambal (“Məşədi İbad”), Mirzəqulu (“Durnalar qayıdanda”), Səbzəli (“Məhəbbət, şeytan və ağ ölüm”) kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.

Arif Quliyevin yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun “Şans”, “Bığ əhvalatı”, “Qayınana”, “Lift əhvalatı”, “Yarımştat”, “Evləri köndələn yar” və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb.

 

Xalq artisti İrəvan Dövlət Azərbaycan Dram Teatrında da işləyib. 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəri olub. 1982-ci ildə Respublika Gənclər mükafatına, 1989-cu ildə Əməkdar artist fəxri adına, 1993-cü ildə isə “Humay” mükafatına layiq görülüb.

1993-cü ildə Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunub. Elə həmin il Xalq artisti fəxri adına layiq görülüb. 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə “Qızıl Dərviş”, 2012-ci ildə “Zirvə” mükafatına, 2014-cü ildə “Sənətkar” medalına layiq görülüb. 

Xalq artisti 7 may 2021-ci il tarixində COVID-19 səbəbindən vəfat edib. O, “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

 

0.058704853057861