İlham Əliyev və Paşinyan arasında daha 3 görüş gözlənilir

Ötən gün Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

 

Bakupress.az xəbər verir ki, liderlər beşinci dəfə Brüsseldə bir araya gəliblər.

 

Üçtərəfli danışıqlardan sonra Şarl Mişel mətbuata açıqlamasında bildirib ki, tərəflər Brüssel görüşlərini mümkün qədər tez-tez keçirmək barədə razılığa gəliblər. Onun sözlərinə görə, bu il tərəflər arasında daha 3 görüşün keçirilməsi gözlənilir.

 

Belə ki, iyunun 1-də Moldovanın paytaxtı Kişinyov şəhərində keçiriləcək 2-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısı çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə liderlər arasında növbəti danışıqların aparılması planlaşdırılır.

 

İyul ayında isə Brüsseldə yenidən üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur. Brüssel danışıqlarında Mişel, İlham Əliyev və Paşinyan iştirak edəcək.

 

"Mən, həmçinin liderləri oktyabrda Qranadada təşkil ediləcək 3-cü Avropa Siyasi Birliyi Zirvə Toplantısı çərçivəsində daha bir görüşə dəvət etmək niyyətindəyəm", - Mişel deyib.

 

Qeyd edək ki, Azərbaycan və Ermənistan tərəfləri görüşlərə razılıq verilib-verilməməsi barədə məlumat yaymayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Brüssel görüşündən öncə yaydığı məlumatda bildirilib ki, Kişinyovda Avropa Siyasi Birliyinin növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub.

 

"Azərbaycan tərəfi öz növbəsində, Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib", - XİN-in məlumatında bildirilib.

0.047431945800781