Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçki prosesinin səhər saatlarından insidentsiz və problemsiz davam etdiyini deyib.
Bakupress.az “TRT Haber”ə istinadən xəbər verir ki, Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan səs vermək üçün saat 11:40-da İstanbulun Üsküdar rayonundakı iqamətgahından ayrılaraq Saffet Cəbi orta məktəbinə gedib.
Məktəbin həyətində yığışan vətəndaşların sevgi nümayiş etdirdiyi Ərdoğanı Prezident Aparatının Kommunikasiya direktoru Fahrettin Altun, Üsküdar Bələdiyyə sədri Hilmi Türkmen, AK Partiya İstanbul sədri Osman Nuri Kabaktepe və digər rəsmilər qarşılayıblar.
Rəcəb Tayyib Ərdoğan İstanbulun Saffet Cəbi orta məktəbində keçirilən səsvermədən sonra jurnalistlərə açıqlama verib.
“Səhər saatlarından etibarən proses insidentsiz, problemsiz davam edir. Ən əhəmiyyətlisi zəlzələ bölgəsində səslərin istifadəsi idi. Onlar səs verirlər. Orada da problem yoxdur. Seçkilərin axşam hesablamalarından sonra türk demokratiyasına xeyirli olmasını Allahdan diləyirəm. Türk demokratiyasının gücündən istifadə etmək baxımından vətəndaşlarımızın səs vermələri çox önəmlidir”, - Prezident bildirib.