Zakir Fərəcovla bağlı prokururluğa müraciət: icra başçısı dövləti necə aldadır?

Sumqayıtın icra başçısı Zakir Fərəcovla bir qrup iş adamı və 400-ə yaxın işçinin arasında pul qalmaqalı davam edir. Belə ki, şəhərin Dənizkənarı Bulvarı və giriş hissəsinin tikintisini həyata keçirən iş adamları 2016-cı ildən bəri 8 milyon manat pullarını ala bilmirlər. Onların bildirdiyinə görə, işi tamamladıqdan sonra pullarını istəsələr də, bunun heç bir xeyri olmayıb. Əksinə, işi görmüş şəxslərdən əksəriyyəti icra başçısı tərəfindən təhdid olunub, bir neçəsi də müxtəlif bəhanələrlə həbs olunublar.

Bu barədə  sahibkarların özü bildirib. Zakir Fərəcovun məhkəməyə verilməsinin səbəbi isə onunla sahibkarlar arasında yaranmış borc qalmaqalıdır. Sumqayıtın giriş hissəsini, şəhər bulvarının tikintisini həyata keçirmiş şirkətlərin təmsilçiləri və 400-dən çox fəhlə indiyə qədər pullarını ala bilmədiklərini iddia edirlər. 2016-cı ildə başa çatmış işlərlə əlaqədar 12 milyon manat pul ayrılsa da, Zakir Fərəcov həmin vəsaitin yalnız 4 milyon manatlıq hissəsini ödəyib. Yerdə qalan 8 milyon manata yaxın pulu isə ödəməkdən imtina edir.
Bununla bağlı, dəfələrlə Prezident Admnistrasiyasında olmuş iş adamları və fəhlələr xahiş ediblər ki, həmin pulun alınması üçün onlara yardımçı olsunlar.İndiyə qədər sahibkarlara ödənilməli olan vəsaitdən heç nə verilməyib. Əksinə, Zakir Fərəcov onlara çatacaq pulun 30 faizinin ona verilməsini tələb edib ki, bu da böyük qalmaqala səbəb olub. Hazırda münasibətlər daha gərginləşib. Sahibkarlar bildirir ki, artıq dözə bilmirlər. “Zakir Fərəcovun vermək istəmədiyi pulun heç də hamısı bizə çatmır. Biz Bulvarın və şəhərdəki tikinti işlərinə görə, mal və materialları başaqalarından almışıq. Hazırda da onlara borclu qalmışıq. Onlar da haqlı olaraq öz pullarını tələb edirlər”, -deyə sahibkarlar vurğulayıb.
Onların sözlərinə görə, Zakir Fərəcov həmin pulu verməmək üçün müxtəlif bəhanələr gətirir: “Bir ara bizdən həmin pulun 30 faizini tələb edirdi. Üstəlik, tələbi yerinə yetirilməyəcəyi təqdirdə, bizi həbs etdirəcəyi ilə hədələyirdi. Bu işə yaramayanda, başqa vasitəyə əl atdı. Sumqayıt İcra Hakimiyyəti Tikinti və Memarlıq şöbəsinin müdiri Adil Xudadatovu qabağa verdi və dedi ki, pulumuzu o verəcək. O da gah dedi, pul yığmayıb, gah dedi işçiləri hələ ərazidən qayıtmayıb, gah da dedi ki, onluq məsələ yoxdur. İndi də Fərəcov başlayıb ki, tikintinin smetasını araşdırır, həm də görülən işlərlə bağlı araşdırma aparır. Nəyin araşdırmasını aparacaq? Vaxtında bir dəfə qiymətləndirmə təşkil elədi, məlum oldu ki, həmin işlərin real dəyəri ayrılan puldan 4 milyon manat çoxdur. İndi durub təkrar araşdırma aparmaq eşqinə düşmək, vaxt udmaq, borcu qaytarmamaq istəyindən başqa bir şey deyil”.

Bir müddət əvvəl Zakir Fərəcov borclu olduğu sahibkarların bir qismi ilə görüşərək, onlara pulu ödəməyə hazır olduğunu desə də, tələbinin olduğunu dilə gətirib. Tələb də ondan ibarət olub ki, 8 milyon manatın 30 faizini ona keçsinlər. Sumqayıtda işləmiş şəxslər dəfələrlə Prezident Admnistrasiyasında olublar. Onları şöbə müdirləri qəbul edərək, problemlərinin həllində yardımçı olacaqlarını bildiriblər. Sahibkarlar deyirlər ki, Prezident İlham Əliyevin ötən günlərdə keçirdiyi müşavirədə səsləndirdiyi fikirlər, görünür, Zakir Fərəcov üçün heç bir əhəmiyyət kəsb etmir. “Əks təqdirdə, o xəbərdarlıqdan sonra Fərəcovun borcu idi ki, camaatın gətirib pulunu versin. Əgər belə edirsə, ya arxalandığı adamı prezident hesab edir, ya da onun kimsədən qorxduğu yoxdur”. Sahibkarlar deyirlər ki, normal qaydada Zakir Fərəcov dövlət tərəfindən ayrılmış pulları işi görənlərin hesabına köçürməlidir. “İndiyə qədər hesabımıza bir qəpik belə ödənilməyib. Hər dəfə bir bəhanə ilə pulu ödəməkdən boyun qaçırır. İndi də, Adil Xudadatovu qabağa verib, o da min dənə bəhanə ilə pul ödəməkdən boyun qaçırır. Eyni zamanda, şöbə müdiri niyə bizə pul verməli və Zakir Fərəcovun borclarını bağlamağa borclu olmalıdır?”

 

İş adamları bildirir ki, onlar artıq çıxış yolu görmədiklərindən Respublika Baş Prokurorluğuna üz tutacaqlar. “Başqa çarəmiz qalmadı. Qoy, Baş Prokurorluq araşdırsın ki, dövlət tərəfindən ayrılmış milyonlarla manat vəsaiti Zakir Fərəcov hara xərcləyib. Qoy, araşdırsınlar ki, Adil Xudadatov niyə Sumqayıtda pul yığır. Biz 500-ə yaxın şəxs bununla bağlı müraciət edəcəyik”. Yeri gəlmişkən, borc qalmaqalı ilə bağlı icra başçısının zəmanət məktubu da var ki, bu məktubun bu günədək icra olunmaması faktik olaraq adminstrasiyanın aldadılması anlamına gəlir.

0.067154169082642