Çox kasıb ailədə dünyaya göz açmışam. 3 qardaşın bir bacısı olmuşam. 17 yaşıma çatanda anam mənə dedi ki, “bir kişi tapıb səni ərə verim, o kişi də bizə baxsın”. Dedim ki, “ay ana, nə kişi, mən oxumaq istəyirəm”. Anam işləyirdi, dedim ki, “mən də işləyim, ikimiz birləşək, qardaşlarımı saxlayaq, böyüdək”. Mən deyənə qulaq asmadı. O kişini tapıb üstümə gətirdi. Kişi məndən 20 yaş böyük idi. Anam zorla, döyə-döyə məni “zaqs”a göndərdi. Ağzımı aça bilmirdim. “Zaqs”da bir yaşlı kişi oturmuşdu. Dedi ki, bu necə olur? Ondan sənə ər, səndən də ona arvad olmayacaq”.
Bunu açıqlamasında əməkdar artist, Akademik Musiqili Teatrın aktrisası Səmayə Musayeva deyib.
“Oğlum Mehmanı dünyaya gətirdim. Qanım zəhərlənmişdi, ölümlə üz-üzə idim. Kişi dedi ki, “mənim pulum, filan yoxdur. Get ona bax!” Nə edə bilərdim ki? Anam məni məhv etdi. Evdə şikayətlənən kimi anam deyirdi ki, “bu taleyi sənə Allah yazıb, məndən nə istəyirsən?!” Anam o kişini evə gətirməklə mənim həyatımı məhv etdi. Çox arzularım var idi. Deyirdim ki, oxuyaram, işləyərəm. Universitetə 25 yaşında daxil oldum. O kişi anamı dilə tutub, əməlli-başlı aldatmışdı. Guya ki, pulu çoxdur, işləyib bizə kömək edəcəkdi. Ayrılandan sonra gəldiyi kimi də, çıxıb getməyi bir oldu. Ondan sonra ailə həyatı qurmadım. Kim dəqiq deyə bilərdi ki, ikinci ailə birincidən yaxşı ola bilər? Sənətim həyatıma heç vaxt mane olmayıb. Əksinə sənətimlə ucalmışam, tanınmışam, sevilmişəm”, - deyə sənətkar bildirib.
Aktrisa bildirib ki, hər zaman teatrda “Arşın mal alan”da Telli obrazını oynamaq istəyib.
“Gənclik illərimdə hər zaman bu rolu oynamağı arzu etmişəm. Hələ heç aktrisa deyildim, bu roldan çox xoşum gəlirdi. Telliyə oxşar çox rollarım olsa da, Tellini oynamaq mənə qismət olmayıb. Mən daha çox dramatik obrazları sevirəm. Bu gün ayaqlarım demək olar ki, tutulub. Yeriməkdə çətinlik çəkirəm. Evin içində özümü güc-bəla ilə idarə edirəm. Filmdə çəkilmək üçün dəvətlər gəlir, amma səhhətimə görə çəkilə bilmirəm. Serial həm də uzun prosesdir. 47 il fasiləsiz Akademik Musiqili Teatrda çalışmışam. Mənimki teatrdır, çünki tamaşaçı ilə canlı ünsiyyət daha rahatdır”, - deyə aktrisa bildirib.