Fərəcovla pul zarafatı keçmir. Hətta şəriki olsa belə- Sumqayıt bulvarının rəisi ilə başçı arasında borc qalmaqalı

İki gündü Sumqayıt Dənizkənarı Bulvarda pomidor-xiyar əkən Yavəri müzakirə edirlər. Hamı deyir ki, bulvarda tərəvəz əkərlər? Bəli, bulvar bostan deyil. Amma məsələnin indi ortaya çıxması da maraqlıdır. 

Əvvəla Sumqayıt bulvarında 2017-ci ildən pomidor-xiyar bostanı var. Orada yetişdirilən tərəvəzdən də əldə olunan gəliri Yavər tək yeməyib. 

O, hələ Abşeron rayonundan icra başçısı Zakir Fərəcovun ən yaxın adamı olub. Həm Sumqayıt, həm də Abşeronda bir çox park, uşaq bağçası və məktəbin tikintisini həyata keçirib. Demək olar ki, Fərəcovla şərik hesab olunurmuş. Elə Dənizkənarı Bulvara rəhbər təyinatı da bu yaxınlıqdan irəli gəlib. Lakin...

Yavər pomidor-xiyar söhbətindən iki gün öncə Zakir Fərəcovun qəbulunda olub. Qəbula getməsinə də səbəb Fərəcovun ona olan borcunu istəməsiymiş. Belə ki, Sumqayıtın icra başçısının idarə rəisinə borcunun təxminən 1.8 milyon manat olduğu deyilir. 

İndiyə qədər aralarında borc məsələsi çox olsa da, Yavər heç vaxt pul istəməyib. Hər dəfə Zakir onu çağırıb, əlində olandan verib, yola salırmış. Amma son zamanlar Yavərin özünün də ciddi maliyyə problemi yaranıb və o səbəbdən Zakirə üz tutub. Söhbətləri də xoş keçməyib. Çünki Fərəcov ona pul verə bilməyəcəyini deyib və aralarında narazılıq yaranıb. 

Elə söhbət Zakirin də ürəyincə olmayıb. Ona görə də, Sumqayıt Şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri, Fərəcovun "tender oyunçusu", "qara kassa"larından biri olan Gündüz Əliyevə tapşırıq verib ki, məsələni ictimailəşdirsin. Nəticədə hər kəsə məlumdur. 

Fərəcovun sahibkarlara borcu az deyil. Bu rəqəm 10 milyon manatdan çox hesab olunur. Elə 2016-cı ildən bəri həmin borc qalmaqalı davam edir. İcra başçısının tək şərti budur ki, tenderi udmuş sahibkarlar faktiki borcun yarısından imtina etsələr, pulun qaytara bilər. Əks təqdirdə... İndiyə qədər bir neçə sahibkar şərlənərək, həbs olunub. Bir neçəsi isə həbslə təhdid olunduğundan Fərəcovla razılaşıb. Razılaşmayanlar isə hələ də icra başçısının qəbuluna düşə bilmir. 

Görünən odur ki, Fərəcovla pul zarafatı keçmir. Hətta şəriki olsa belə....

Fikrət Fərəməzoğlu

0.093933820724487