İcra başçısının bacısı oğluna cinayət işi açılıb: Torpaq alveri qalmaqlı

Sumqayıtın icra başçısı Zakir Fərəcovun bacısı oğlu Elgizlə bağlı cinayət işi açılıb. BakuPress.Az xəbər verir ki, hüquq mühafizə orqanları tərəfindən qaldırılan cinayət işinə səbəb isə Abşeron rayonunda, xüsusən də Mehdiabad kəndində torpaq sahələrinin kütləvi şəkildə satılması göstərilir.

Məlumatda deyilir ki, çoxsaylı şikayətlərə əsaslanan proses zamanı Mehdiabad kənd İcra Nümayəndəliyi və yerli bələdiyyənin bir neçə üzvü saxlanılıb. Onlar verdikləri ifadələrində Elgizin adını çəkiblər və torpaq satışı məsələsində söz sahibi olmadıqlarını bildiriblər. Bundan sonra isə icra başçısının bacısı oğlu istintaqa dəvət olunub və dindirilib. Lakin onu saxlamayıblar. Zəmanətlə sərbəst buraxıblar.

Məlumatlarda hazırda Zakir Fərəcovuin bacısıoğlunun ölkədən çıxmamaq şərti ilə sərbəst buraxıldığı deyilir. Bildirilir ki, buna da dayısının xahişləri nəticəsində müvəffəq olub.

Bildirək ki, Elgizin adı hələ bir xeyli əvvəl də torpaq alverinə qarışmışdı. Belə ki, o, həmin vaxt Abşeron rayonu ərazisində bütün torpaqların mütləqi-hakimi kimi davranaraq, istədiyi yerlərin hamısını satıb. Həmin vaxt Elgiz saxlanılaraq, bir müddət həbsdə də yatıb. Hətta iddialar var ki, o vaxt bacısıoğlunun həbsini elə Fərəcovun özü istəyib. Bunu da onunla əsaslandırırlar ki, guya, Zakir Fərəcov nüfuzuna xələl gəlməsin deyə, belə bir addım atıb.

Hərçənd bu bir qədər inandırıcı görünmür. Çünki Zakir Fərəcov hələ Abşeron rayonunun icra başçısı olan zaman torpaq alqı-satqısını bacısıoğluna həvalə etmişdi. Onun adı torpaq məsələsində də ciddi şəkildə çəkilib. Üstəlik, indi də Abşeronun yeni icra başçısı bütün məclislərdə Fərəcovun rayonda bir qarış torpaq qoymadığından gileylənir.

JAMAZ.İNFO-ya verilən məlumata görə, Elgiz təkcə, torpaq alqı-satqısı ilə deyil, həm də Abşeron rayonunda fərdi evlərin tikilməsi prosesinə də nəzarət edib. Belə ki, onun icazəsi olmadan heç kimin daşı daş üstünə qoymağa ixtiyarı olmayıb.

Son xəbərlərə görə, hazırda Elgizlə bağlı qaldırılmış cinayət işi üzrə istintaq gedir. Zakir Fərəcov belə prosesə müdaxilə edə bilmir. Onun bir neçə dəfə istintaq orqanlarına yanaşaraq, məsələni həll etmək cəhdləri isə alınmayıb.

Fərəcovun qorxusu bacısı oğlunun uzun müddət həbsdə yatması deyil. Onu narahat edən məsələ odur ki, Elgiz istintaqda onun da adını çəkə bilər ki, bu da icra başçısı üçün əlavə baş ağrısıdır.

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

0.043498039245605