Bakıdakı silahlı insidentin şahidi: “Atəşdən iki dəqiqə sonra bura gəldik” - CANLI YAYIM + YENİLƏNİB

Biz atışma səslərinə gəldik. Atəş açanları görmədik, iki nəfər xanım görüb. Onlar da qaçdılar yolun o biri tərəfinə”.

BakuPress.Az xəbər verir ki, bu barədə şahid Baku TV-nin hadisə yerinə yollanan müxbirinə açıqlamasında deyib. 

 

Hadisə şahidi bildirib ki, yaralılara ilkin tibbi yardımı onlar göstəriblər:

“Biz atəş səsləri eşitdikdən 1-2 dəqiqə sonra bura gəldik. İki nəfər yaralı var idi. Onların ayaqlarını juqutla bağladıq və təcili tibbi yardıma məlumat verdik. Biri dedi ki, ATU-nun tələbəsidi. O sağ ayağından güllə yarası almışdı. O biri bilmədik kim idi. Tələbə dedi ki, Xırdalanda yaşayır, heç kimlə ədavəti olmayıb”.

15:51

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədilər.

Baku TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, silahlı insident nəticəsində üç nəfər xəsarət alıb və bir avtomobilə ziyan dəyib.

Canlı yayımı təqdim edirik:

15:43

Bakının Səməd Vurğun küçəsində silahlı atışmada yaralanan şəxslərdən biri tələbədir. 

BakuPress.Az-ın əldə etdiyi məlumata görə, 2002-ci il təvəllüdlü Fəqan Rəhimli Azərbaycan Tibb Universitetinin tələbəsidir. 

Məlumatı BakuPress.Az-a ATU-nun mətbuat xidmətindən təsdiq ediblər. 

15:31

Bakıda silahlı insidenti törətməkdə şübhəli bilinən bir nəfər tutulub. 

Bu barədə BakuPress.Az-a DİN-dən məlumat verilib. 

İctimaiyyətə əlavə məlumat veriləcək.

15:23

Bakıda silahlı insident zamanı xəsarət alanların kimlikləri məlum olub. 

DİN-dən BakuPress.Az-a verilən məlumata görə, xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.

Onlar xəstəxanaya çatdırılıblar.

15:02

Bakıda silahlı insidentlə bağlı yeni məlumat üzə çıxıb. 

BakuPress.Az-ın əldə etdiyi məlumata görə, yaralananlardan ikisi təxminən 20-25 yaşlarında olan oğlandır. Onların hər ikisi ayaq nahiyəsindən güllə yarası alıb. 

Yaralılar təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər. 

TƏBİB-dən verilən məlumata görə, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Əlavə məlumat veriləcək.

14:57

Bakıda silahlı insidentin baş verdiyi ərazidən görüntülər yayılıb. 

BakuPress.Az-ın əldə etdiyi görüntülərdə iki nəfərin qan içində yerdə uzandığı əks olunub. 

Həmçinin videoda polislərin hadisə yerində olduğu görünür. 

BakuPress.Az-ın əldə etdiyi məlumata görə, silahlı şəxs hadisə yerindən qaçıb.  

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi rayonunda üç nəfərin odlu silahdan açılan atəşdən yaralanması barədə polisə məlumat daxil olub. 

14:45

Bakıda silahlı insident olub. 

BakuPress.Az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

İnsident zamanı silahlı şəxs(lər)in iki nəfəri güllələdiyi iddia edilir.

DİN Mətbuat Xidmətindən BakuPress.Az-a bildirilib ki, hadisə yerinə polis briqadası cəlb edilib.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Araşdırma aparılır.

 

0.046163082122803