Elə adam var ki, övladını oxutmağa imkanı yoxdur, elə övlad var ki, özü oxumaq istəmir”.
Bunu Yenisabah.az-a Əməkdar artist, qarmonçu Gülbahar Şükürlü deyib.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin sözlərinə görə, əvvəllər ailələr kiçik yaşlarından qız övladı üçün cehiz yığmağa başlayırdı. “Cehizi almaq üçün də maliyyə vəsaiti tələb olunur”, - deyən DİM rəhbərinin fikrincə, valideynlər bunun yerinə uşaqlarının keyfiyyətli təhsil almasına diqqət yetirməlidirlər.
M.Abbaszadənin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çoxları soruşur: Doğrudan da ailə qurmaq üçün ali təhsil cehizdən daha vacibdir?
“Bəli. Mən övladlarımı misal çəkərək deyə bilərəm ki, onların hər ikisi həm diploma, həm də normal ailə həyatına sahibdir. Allah onların timsalında bütün balalarımızı qorusun! Doğrudur, cehiz də diplom qədər xüsusi əhəmiyyət daşıyır. Lakin savad da vacibdir. Çünki uşağın savadı olmadıqda o kənar, biliksiz mühitdə böyüyüb püxtələşir.
Elə adam var ki, övladını oxutmağa imkanı yoxdur, elə övlad var ki, özü oxumaq istəmir. Təbii ki heç bir halda sonuncuları buna məcbur etmək olmaz. Oxumaq insanın canından gəlməlidir.
Oğlanlara nisbətən qızların oxuması çox vacibdir. Qızın diplomu və pul qazanacağı bir işi olmalıdır. Oğlan hər işi görə bilər, yeri gələndə fəhləlik də edər”, - G.Şükürlü deyib.
Qarmon ifaçısı qızların erkən yaşda ailə qurmasına belə münasibət bildirib:
“Mən də çox gənc yaşda ərə getmişəm. 19 yaşımda ailə həyatı qurmuşam. Tanıdığım elə ailələr var ki, qızları 16 yaşında evlənir, amma hamıdan xoşbəxtdir. Hətta nəvələri var.
Əlbəttə, tez, yaxud gec ərə getməyin xoşbəxtliyə aidiyyəti yoxdur. İndi boşanmalar dəb halı alıb. Bir də görürsən ki, 25 yaşında evlənir, 6 aydan sonra da boşanır. Maşallah olsun, qızlarımız çoxbilmişdirlər. 16 yaşlısı özünü 23 yaşlı, püxtələşmiş qız kimi aparır.
El içində bir söz var: “Ər evindən meyitin çıxsın. Bu o demək deyil ki, get, öl. Yəni ər evinə get, oradan da ancaq öləndə çıx”.