"Şəhid ailələri profilaktik müayinə üçün bizə müraciət edə bilər" - Onkoginekoloq Aynur Pənahova

Qadın problemləri həmişə aktual mövzu olub. Qadınlar baxımları üçün kişilərdən daha çox həkimə müraciət edir, baxımları üçün daha çox can atırlar.

Qonağımız xüsusi prezident təqaüdçüsü, Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsinin əlaçı məzunu, Tibb Universitetinin Onkolojı klinikasında internatura,Türkiyənin Hacettepe Universiteti, Rusiyanın Bloxin adına Elmi Tədqiqat Onkolojı mərkəzındə və "İnsburq" Universitet klinikasının ginekologıya bölümündə müxtəlif ixtisaslaşma kurslarını uğurla bitirən, Onkologıya ixtisasında tibb üzrə fəlsəfə doktoru, ATU-nun Onkoloji klinikasının onkoginekoloqu-cərrah ginekoloq Aynur Pənahovadır.

BakuPress.Az Aynur xanımla olan müsahibəni oxuculara təqdim edir: 

Aynur xanım, Azərbaycanda qadınlar ginekoloqa vaxtında müraciət edirmi? 


 Çox təəssüf ki, xeyr.  

Müayinə zamanı qadınlarda ən çox hansı ginekoloji problemlər ortaya çıxır?

Müraciətlər əsasən qarın nahiyəsində ağrıdan, uşaqlıq yolundan qanlı ifrazatdan, kontakt qanaxmalardan olur və baxdığımızda, müayinə etdiyimizdə müxtəlif törəmələr aşkar edilir.


Erkən yaşda intim əlaqə xərçəng xəstəliyinə səbəb ola bilər deyirlər. Bu nə dərəcədə doğrudur?

Yaş faktoru az rol oynayır. Xərçəngönü proseslər olduqda kontaktlar prosesin inkişafına gətirib çıxara bilir. Məsələn uşaqlıq boynu xərçəngində.

Qadınlarımız ginekoloji baxımdan öz qayğılarına qala bilir? Təcrübələrinizi bölüşərdiniz...  
 
Məyusluqla deyirəm ki, xeyr. Çünki qadınlarımız düşünür ki, "ağrımıram, özümü yaxşı hiss edirəm, hər şey yaxşıdır" amma bilmirlər ki, əgər ağrı varsa deməli proses irəliləyibdir. Bunun səbəbi də xanımlarımızın məlumatsız olmalarıdır. Ona görə də profilaktik olaraq müayinələrə gəlməlidirlər.

Qadınlarda ən çox aşkarlanan ginekoloji şişlər hansılardı və necə qorunmaq olar?  


Ən çox aşkarlanan uşaqlıq cismi, uşaqlıq boynu, yumurtalıqların şişləridir. Qorunmaq üçün edilə biləcək ən yaxşı tədbir vaxtında xanımlarımızın müayinədən keçməsidir. 


Qadınlara ginekoloji şiş və digər xəstəliklər əks cinsdən cinsi əlaqə zamanı keçə bilərmi?

Xeyr, ginekoloji şişlər cinsi əlaqə yoluyla ötürülmür. Human Papilloma virusu uşaqlıq boynu xərçənginin əmələ gəlməsində risk faktorudur və kontakt zamanı partnyorlar bir-birilərini yoluxdura bilirlər. 

Son olaraq sizin karyeranız haqqında danışaq. Sizin şəhid ailələri, qazi ailələrinə müayinələr “və xeyriyyə tədbirləri” etdiyiniz haqqında məlumatlıyıq. Bu müsahibəni oxuyanlar arasında şəhid və qazi ailələri də olacaq. Onlara müraciətiniz varmı?

Karyeram haqqında qısa demək istərdim ki, 12 ildir Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında assistent-pedaqoq, ATU-nun Onkoloji klinikasında cərrah ginekoloq vəzifəsində çalışıram və həmçinin qadın genital üzvlərini USM edirəm.

Demək istərdim ki, şəhidlərimiz, qazilərimiz öz canlarından vətən uğrunda keçərək böyük fədakarlıq ediblər. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə uzun və sağlam ömür arzu edirəm. Onların ailələri bizə əmanətdir və əmanətlərinə baxmaq, qorumaq da bizim borcumuzdur. Mən daim onların sağlamlığının keşiyində durmuşam və həmişə də durmaq mənim vəzifə, vicdan borcumdur! Profilaktik müayinələr üçün bizə müraciət etsinlər ki, onların səhhətindəki problemləri vaxtında aşkarlayaq və müalicə edək. 

Nurlan Cəfəri

0.043581962585449