Azərbaycanda odunla qızdırılan məktəblərin siyahısı hazırlanıb.
BakuPress.Az-ın məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov bildirib.
Onun sözlərinə görə, dağ yerlərində odunla qızdırılan məktəblərin sayı kifayət qədər çoxdur:
“İki ildir ki, Tovuz, Qazax və Ağstafa məktəblərində odunla qızdırılma aradan qaldırılıb. Modul tipli məktəblər isə kiçik olduğu üçün elektrik enerjisi ilə qızdırılır”.
O qeyd edib ki, hədəf odunla qızdırılan məktəblərin sayının azaldılmasıdır:
“Nazirlikdə ölkədə odunla qızdırılan məktəblərin konkret siyahısı var. Siyahıya uyğun olaraq hər il dövlət proqramına əsasən, müxtəlif sayda məktəblərin qazlaşdırılması və ya digər enerji mənbələri ilə qızdırılması istiqamətində işlər aparılır”.
O, ölkə üzrə ümumtəhsil müəssisələrinin qızdırılması üçün hələ də odundan istifadənin səbəbləri barədə danışıb:
“Odun ənənəvi yanacaq növüdür. Hazırda ölkədə bəzi məntəqələr maye qazla təmin olunmayıb”.