Moskva univermağının qarşısında xaos... - Əcəmi metrosunun çıxışındakı əraziyə turbalar basdırılıb, şlaqbaum, zəncirlər və s...

Görəsən, rayon və şəhər icra hakimiyyəti  hara baxır..?  

Təxminən 30 il əvvəl SSRİ-nin dağılması ilə ölkəmiz Azərbaycana özəl biznes ayaq açdı. Biz bir media olaraq özəl biznesin, sahibkarlığın əleyhinə  deyilik. Əlbəttə, şəxsi restoranların, kafelərin, marketlərin, ticarət obyektlərinin olması cəmiyyətimiz və dövlətimiz üçün faydalıdır. 
Birincisi, hər açılan obyekt yeni iş yerləri deməkdir  və əhalinin məşğulluğudur. 
İkincisi, hər açılan obyekt dövlətin büdcəsinə vergi köçürür, bunun əhəmiyyəti isə  hamıya məlumdur. Amma.. Əmması odur ki,  hər açılan obyektin sahibi öz obyektinin qarşısını hasarlayır, turbalar basdırır və gediş-gəlişə imkan vermir.  Bir soruşan olmur ki, ay adam, bura sənin atanın yeri deyil, nə üçün vətəndaşların gediş-gəliş  yolunu hasarlamısan..? Bu hələ harasıdır..? Restoranlar, kafelər, marketlər  hətta səkiləri  belə zəbt edirlər. 
Təsəvvür edirsiniz, səkiləri zəbt edirlər. Bu da hələ problemin hamısı deyil. Özəl obyekt sahibləri Allah qoymasa, özəl dayanacaqlar düzəldirlər, özü də pullu, hətta ŞLAQBAUM da qoyurlar. Bu gün Bakıdakı bütün özəl  obyektlərin qarşısı şəxsi parkinqə çevrilib. Nəinki avtomobillərin, hətta piyadaların keçməsi mümkün deyil. Şəhərin küçələrində, səkilərində bu qədər turba basdırılmasına kim icazə verib..? 
Əgər sabah  qaranlıqda kimsə  bu dəmir turbalara pərçim olsa, buna kim cavab verəcək..? Bəs paytaxtın təsərrüfatı ilə məşğul olan qurumlar hara baxır..? 
Paytaxtımızın  belə xaos məkanlarından biri də Bakı şəhəri,  Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən "Moskva" univermağının ( Moskva Ticarət  Mərkəzi  Qapalı Tipli Səhmdar Cəmiyyətinin ) qarşısındakı  məkandır. 
Təsəvvür edirsiniz, kimsə öz toy məclisi üçün, yaxud  başqa bir məqsədlə Moskva univermağına gəlibsə...bura onun üçün əsl  stres, əsəb, gərginlik məkanı olacaq. Axı, univermağın qarşısı niyə kimlər üçünsə  özəl avtodayanacağa  çevrilib..? 
Buradakı irili-xırdalı obyektlərin qarşısı az qala dəmir çəpərə alınıb, turbalar basdırılıb, hələ şlaqbaum qoyanlar, keçidi zəncirləyənlər də var. Bura bir  daxil ola bilən sevinər, bir də buradan qaçıb canını qurtaran. Yolun ortasında kimsə özünə xırda alış-veriş üçün  “toçka”  düzəldib. Bir sözlə, əsl  cəhənnəm əzabı... Bu hələ harasıdır..? 
Moskva univermağından 5-10 metr kənarda, düz Əcəmi metrostansiyasının çıxışındakı "McDonalds" restoran-kafesinin qarşısı da bərbad gündədir, bu ərazilərdə hara baxırsan hasara alınıb, zəncirlənib... Bu adamlara başa salan yoxdur ki, bu ərazi Əcəmi metro stansiyasının çıxışıdır. Sabah iraq olsun bir hadisə baş versə, bu məkan bilirsiniz nə vəziyyətə düşə bilər..? 
Digər tərəfdən  axı metro çıxışlarının 20-25 metri  Metropolitenin təhlükəsizlik ərazisi sayılır. Sabah bir yanğın olsa, FHN-nin maşınları bura necə daxil olacaq..? Hələ  qeyd etdiyimiz məkanda ətrafdakı ağacların kəsilməsi də bir başqa problemdir. Görəsən, burada küçəni hasarlayaraq, qanunsuz işlərlə məşğul olan şəxslərə, vətəndaşların piyada və avtomobil  yolunu kəsməyə hansı məmur icazə verib..? 
Hələ bu harasıdır..? Moskva univermağına bazarlıq etməyə gələn vətəndaşların avtomobil nömrələri pullu  dayanacaq nəzarətçiləri tərəfindən qeyd edilir. Qanunsuz  pul tələb etməkləri  bir yana, görəsən, bu özəl nəzarətçilərə kim icazə verib ki, vətəndaşların avtomobillərinin dövlət nömrəsini yazsınlar..? Ümumiyyətlə, Moskva univermağının ətrafında heç bir nəqliyyat qaydalarına əməl olunmur. Görəsən, Şəhər Yol Polisi hara baxır..? 
Görəsən, bu ərazinin aid olduğu Nəsimi  Rayon İcra Hakimiyyətinin başçısı, hörmətli Asif  Əsgərov, yaxud Bakı Şəhər İcra hakimiyyətinin başçısı hörmətli  Eldar  Əzizov  bu acınacaqlı, dözülməz vəziyyəti görmürlər..? 
Bizim məqsədimiz bir media  olaraq hansısa məmuru  tənqid etmək deyil. Bizi  narahat edən məsələ cəmiyyətimiz və millətimiz üçün kimlərinsə  yaratdığı problemdir... Kimlərsə milyonlar qazanacaq deyə,  sıravi vətəndaşlar işgəncə, əsəb, sterss  yaşamalıdır..?

Axı, cənab Prezident İlham Əliyev dəfələrlə belə hallara qarşı kəskin mövqeyini bildirib. Bura dövlətimizin  paytaxtıdır, şəhərin mərkəzi ərazisidir. 
Ümid edirik ki, yaxın zamanda rayon və şəhər rəhbərliyi  bu ərazidə  səliqə-sahman yaradacaq.
Bizlər isə, Nəsimi rayon ərazisində olan alış-veriş mərkəzlərinə biri-birimizə sürtünərək getməyəcəyik. 
P.S. Bəzi məmurların tamah dişlərinin çəkilməsi çoxdan çatıb, cənablar!
                                                                        Yeniekinçi.az Siyasət şöbəsi

0.040390014648438