"Paytaxtdakı tıxac problemini yaradan ən əsas səbəb şəhərin yüklənməsidir. Dəfələrlə bu barədə danışmışıq, parlamentdə çıxış etmişik ki, şəhər boşalmalıdır”.
BakuPress.Az xəbər verir ki,bu
fikirləri News24.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.
O bildirib ki, müəyyən nazirliklər Bakıdan Gəncəyə köçürülməlidir: “Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin Bakıda nə işi var? Bakıda kənd təsərrüfatı var? Yaxud da Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətini və ya Ekologiya Nazirliyini nümunə üçün deyə bilərik. Bəzi qurumlar rayonlara köçürülməlidir. Beləliklə, həm rayonlar inkişaf edəcək, həm də şəhər boşalacaq.
Digər bir məsələ universitetlərdir. Ali təhsil ocaqları paytaxtdan rayonlara köçürülməlidir. Xırdalanda yerləşən Bakı Mühəndislik Universitetini qeyd edə bilərik. Şəhərdən kənarda yerləşir və öz yataqxanası var. Türkiyədə universitetlərin əksəriyyəti şəhərdən kənarda yerləşir”.
A.Abbasın fikrincə, kəndlərdə şərait olsa, camaat qaçıb, Bakıya gəlməz: “Kəndlərdə əkinçilik inkişaf etsə, sahələri sulama imkanları normal olsa, insanlar yaxşı məhsul götürə bilsə, Bakıya gəlməzlər. Problemlər çoxdur, bir deyil, iki deyil. Şəhərin də bir yükgötürmə norması var. Bakı o qədər yüklənib ki, bir azdan aşacaq”.
O, insanların davranışının da tıxacların azalmasında rol oynadığını bildirib: “Belçikanın paytaxtı Brüsseldə dar küçələrdə hərəkət edən tramvaylar var. Həmin küçələr Bakıdakılardan da dardır, amma tıxac yoxdur. Çünki onlarda piyada mədəniyyəti var. Onlarda qadağan olan yerdə heç bir sürücü maşınını saxlamır. Bu, təfəkkürün düzgün formalaşması ilə əlaqədardır. Bizdə insanlar piyada keçidlərini görməzdən gəlib, asfaltın ortası ilə hərəkət edirlər. Bəzi sürücülər də maşını elə sürür ki, gərək onlarla dalaşasan. Mən də o yaşda olmadığım üçün şəhərdə maşın sürmürəm”