Məmməd Arazın doğum günüdür

 
 
Bu gün xalq şairi Məmməd Arazın doğum günüdü. BakuPress.Az xəbər verir ki, bu münasibətlə şairin yaxınları onun məzarını ziyarət ediblər.

Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta  məktəbdə müəllimliklə başlayıb. Bakıya köçüb Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib.

1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub.

"Vətən mənə oğul desə, nə dərdim" şeiri ilə əsl vətənpəvlik göstərən şair Vətən üçün canını verməyə həmişə hazır olduğunu bəyan edib:

Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim -
Xəzanımdır, xəzanımdır, xəzanım.

1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995) və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Adına "Məmməd Araz" mükafatı təsis olunub (1993-cü ildən). 2004-ci ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
0.10491418838501