“Bakıdan fərqli, İrəvanın Moskvadan tam müstəqil siyasət aparmaq üçün çox variantı yoxdur” – Praqadan ŞƏRH

“Mən Moskvanın və onun reputasiyasının müdafiəsi üçün danışsam, qəribə olardı, amma indiki halda, düşünürəm ki, Moskva ilə Brüssel arasında rəqabət haqqında söhbətlər çox şişirdilib. Hesab edirəm ki, Rusiya və Aİ səylərini əlaqələndirirlər, Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı onların heç bir əsaslı ziddiyyətləri yoxdur”.

Bunu “Azadlıq” radiosunun Praqadan olan müşahidəçisi, tanınmış analitik, Qafqaz üzrə ekspert Vadim Dubnov Praqa danışıqlarını və Moskvanın əsas vasitəçi olmasına baxmayaraq, bunun tədricən Avropaya ötürülməsini -a şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan invariant siyasət apara bilər, lakin Ermənistanın Moskvadan tam müstəqil siyasət aparması üçün çox variantı yoxdur. Ekspert vurğulayıb ki, istənilən halda Brüsseldə nə qərar verilməyindən asılı olmayaraq, yerlərdə monopol nəzarəti Rusiya və Türkiyə həyata keçirirlər.

“Oyun iki formatda davam edir. Biri Moskva-Ankara, ikincisi isə Avropa, Aİ institutlarıdır. Düşünmürəm ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu yaxınlarda Avropa İttifaqına ünvanladığı acı sözləri ciddi qəbul edilməlidir (O bildirib ki, Moskva İrəvanla Bakı arasında sülh müqaviləsinə Qərbin yanaşmasını balanssız hesab edir, danışıqlar prosesinin bəzi vasitəçilərini isə ümumiyyətlə “sülh vasitəçiləri” adlandırmaq olmaz – red.) Mən bu iki formatı parlamentin iki palatası ilə müqayisə edərdim. Biri qanunlar qəbul edir, digəri isə bəzi düzəlişləri əlavə edir.

Sualınıza qayıdaraq qeyd etmək istərdim ki, Praqa danışıqlarını, çətin ki, Avropa diplomatiyasının qələbəsi adlandırmaq olar, amma buna uğur demək mümkündür”, - deyə icmalçı vurğulayıb.

O, bundan əvvəlki təcrübələri nəzərə alaraq Ermənistanın baş nazirinin öz bəyanatlarından imtina edib geri addım atma ehtimalına da münasibət bildirib və bunun mümkün olduğunu deyib.

“Bu Avropa uğurlarının İrəvanda necə qarşılanacağını hələ bilmirik. Mən tam etiraf edirəm ki, Praqada aparılan danışıqların nəticələri Ermənistanda bir qədər fərqli formada göstəriləcək, ifadələrdə fərqliliklər olacaq. Bununla belə, artıq müəyyən strateji istiqamət müəyyən edilib. Əlbəttə ki, ondan sağa və ya sola sapmalar ola bilər, lakin hərəkəti dayandırmaq kifayət qədər çətin olacaq”, - deyə Vadim Dubnov sözlərini yekunlaşdırıb.

Nair Əliyev

0.046625137329102