Dörd şagirdli məktəbin müəllim-direktoru təəssüratlarını DANIŞDI - FOTO

Məleykə İbrahim qızı Abbasova Qusarın Nəcəfkəndoba kənd orta məktəbinin həm müəllimi, həm də direktorudur.

Məleykə xanım Bizim.Media-ya bildirib ki, məktəbdə 1-ci, 2-ci və 3-cü sinif şagirdləri üçün komplektləşdirilmiş bir sinif və cəmi 4 şagird var. 

Məleykə müəllimə 2019-cu ildə Azərbaycan Pedaqoji Universitetinin Quba filialının “ibtidai təhsil metodikası” fakültəsini bitirib. 

2020-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak edib və müsabiqədən uğurla keçərək Qusarın Nəcəfkəndoba kənd ibtidai məktəbinə təyinat alıb. 

O, ucqar kənddə işləməyin çox maraqlı olduğunu qeyd edib: 

“Düzdür, çətinliklər var,məktəbdə şərait o qədər də yaxşı  deyil, informasiya texnologiyalarından uzağıq, amma,adam burda rahat olur, darıxmır. Balacaların üzündəki təbəssüm və saf baxışları adamın öyrətmək həvəsini daha da artırır. İnsan özü burda həm həyat sürür, həm bilik öyrədir, bununla yanaşı özü də həyatı öyrənir”. 

Tədris zamanı  dərsi şagirdlərə mükəmməl izah etməyi prioritet hesab edən gənc müəllim yeri gələndə müxtəlif üsullardan istifadə etməyi də unutmur.  

Müəllim deyir ki, özü ləzgi olduğundan ləzgidilli uşaqlara dərs keçmək çətin olmayıb: 

“Amma bu, əsas deyil. Mən müsabiqə nəticələrinə görə diğər rayonların ucqar kəndlərinə yollansaydım belə, balacalara eyni həvəslə dərs keçərdim. İşləyən müəllim üçün məkanın və kəndin heç bir fərqi olmamalıdır.Əsas peşəni sevməli və üzərində işləməlisən ki, qarşındakı balacalar səndən çox şey öyrənə bilsin”. 

Məleykə Abbasova Qusarın Piral kəndində  doğulub, işlədiyi kənd doğulduğu kənddən 25 kilometrdən artıq məsafədə yerləşdiyindən dövlət tərəfindən 190 manat məbləğində həvəsləndirici vəsait alır, bu vəsaiti isə o, kirayə mənzil haqqı üçün ödəyir.

Qusarın 26 yaşlı gənc müəllimi və direktoru paytaxtda qalıb rahat iş axtaran gənc həmkarlarına da səslənərək onları rayonda işləməkdə daha maraqlı olmağa çağırdı. 

0.042540073394775