Xan qızının Vətənində abidəsi, 1500 ailəni qəbul edəcək Xıdırlı kəndi, Ağdama aparan yeni yol - FOTOREPORTAJ

İşğal azad olunan Ağdam rayonda tikinti və yenidənqurma işləri geniş vüsət alıb.

Bildirilib ki, Prezident İlham Əliyevin 2022-ci il 14 mart tarixli sərəncamı ilə bu il Xurşidbanu Natəvanın 190 illiyinin qeyd olunduğu nəzərə alınaraq yubiley ilində Mədəniyyət Nazirliyi tərəfindən həmin qəbirüstü abidənin bərpa olunması istiqamətində işlərə başlanılıb.

Şairənin qəbirüstü abidəsi özünün ilkin görkəmi əsasında heykəltaraş Kənan Əliyev tərəfindən 350 santimetr hündürlükdə boz qranit materialından hazırlanıb və əvvəlki yerində quraşdırılıb. Ağdamda 1982-ci ildə ucaldılmış və Elcan Şamilovun müəllifi olduğu qəbirüstü abidənin daş yonulması işlərini görmüş Rəfi Zeynalov 40 il sonra da eyni abidənin hazırlanması üçün daş yonub. Bununla bağlı Rəfi Zeynalovun xatirələrini bölüşdüyü qısa film də hazırlanıb.

Daha sonra media nümayəndələri oktyabrın 4-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə təməlqoyma mərasimi keçirilən Ağdam rayonunun Xıdırlı kəndində olublar.

Qeyd edilib ki, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsinin ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır. Xıdırlı kəndində tikinti işlərinə bu il oktyabrın 10-da başlanılacaq. Kənddə tikinti işlərinin 2024-cü il aprelin 10-da tamamlanması nəzərdə tutulur.

KİV nümayəndələri yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda görülmüş işlərlə də tanış olublar. Vurğulanıb ki, başlanğıcını Bərdə şəhərindən götürən bu avtomobil yolunun uzunluğu 44,5 kilometr, eni 26,5 metrdir. Birinci texniki dərəcəyə uyğun inşa olunan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, dörd hərəkət zolağından ibarətdir. Yol boyu 4 körpünün, o cümlədən 3 yolüstü piyada keçidinin inşası nəzərdə tutulur. Həmçinin avtomobil yolunda 29 avtobus dayanacağı tikilir. Onlardan 14-nün inşası tamamlanıb. Layihə üzrə torpaq işləri başa çatdırılıb, ümumi iş həcminin 75 faizi icra olunub.

Jurnalistlər Ağdam Konfrans Mərkəzi və hotel-restoran kompleksində də olublar. Onlara burada yaradılan şəraitlə bağlı məlumat verilib.

Daha çox foto burada: Photostock.az

0.046321153640747