Kənan Hacı - Yazıçının etirafları

Kənan Hacı - Yazıçının etiraflarıNə qədər paradoskal görünsə də insanın səmimiyyəti bəzən onun maskasına çevrilir, o, hətta bu “səmimiyyət”lə özünə “səmimi insan” imici də qazanır. Səmimiyyətin izafi dozası isə çox vaxt cəmiyyətdə normal qəbul olunmur. Ədəbiyyata gəldikdə isə burda məsələ bir az başqa cürdür. Yazı sənəti elə bir sahədir ki, o məkanda mütləq səmimi olmalısan, əks halda qeyri-ciddi qəbul olunacaqsan. Dünya ədəbiyyatında, fəlsəfi fikrində yazdıqları ilə yaşam tərzi arasında ziddiyyətlər olan və həm də özünün etiraflarını yazan, dilə gətirən yazıçılar, filosoflar olub. Yaradıcı insanın yaşamı ilə sənəti arasında bərabərlik işarəsi axtarmaq nə dərəcədə doğrudur, deyə bilmərəm. Amma gəlin görək, Dostoyevskinin qumarbaz, Mopassanın qadın düşgünü, Artur Rembonun tüfeyli olmaları (bu siyahını xeyli uzatmaq olar) onların böyüklüyünə və ədəbiyyatdakı yerinə xələl gətirirmi?

Elə yazıçılar var ki, onlar hətta memuarlarında belə tam səmimi olmağı bacarmırlar. Henrix Heyne yazır ki, dəqiq tərcümeyi-hallar yoxdur, heç kəs öz həyatını olduğu kimi yazmır, buna cəsarəti çatmır. Onun fikrincə, Jan Jak Russo məşhur “Etiraflar”ında şöhrətpərəstliyindən özünə böhtan atıb. Bu, çox ciddi ittihamdır. Fransa maarifçiliyinin ən böyük simalarından olan J.Russo əvvəlcə özünün dünyaya gəlməsini bir səhv adlandırır. Çünki onun həyatı doğma anasının həyatı bahasına başa gəlmişdi. Atasını isə sevə bilməyən Russo kimsəsizlər evində böyüyüb. Sonralar Fransa Burjua inqilabı zamanı onun əsərləri yakobinlərin əsas ideya dayağına çevrildi. Russu “Etiraflar”da yazır: “Qiyamət günü gələndə mən əlimdə bu kitabla uca hakimin hüzuruna çıxacaq və var səsimlə hayqıracağam: “Mənim etdiklərim, düşüncələrim və kim olduğum bu kitabda yazılıb: Etdiyim bir pisliyi gizlətmədiyim kimi, etmədiyim bir yaxşılığı da söyləmədim. Olduğum kimi görünməyə çalışdım. Rəzil və səfil olduğum, yaxşılıqsevər olduğum zamanları bütünlüyü ilə gözlər önünə sərdim. İç üzümü ortaya qoydum. Ey Əbədi Varlıq! Qullarını ətrafıma topla ki, etiraflarımı dinləsinlər. Topla ki, kədərlərim qarşısında inləyib, rəzilliyim qarşısında utansınlar. Və hamısı bir-bir sənin taxtına yaxınlaşıb eyni dürüstlüklə və içdən etiraf etsinlər.Sonra da içlərindən cəsarətli biri çıxarsa, “mən bu adamdan daha yaxşı idim” desin.”

Amma Heyne bu etirafları “şöhrətpərəstlikdən doğan gedişlər” hesab edərək şübhə altına alır. Mən Heynenin bu fikrinə Dostoyevskinin “Gizlindən qeydlər” əsərində rast gəldim, gərək Russonun “Etiraflar”ını yenidən və diqqətlə oxuyum. Dostoyevski “Gizlindən qeydlər”də yazır ki, hər bir insanın xatirələrində elə şeylər var ki, onu hamıya açmır, yalnız dostlarına açıb deyir. Elələri var ki, onu heç dostlarına da açıb deməz, olsa-olsa, özünə açıb deyə bilər, o da xəlvəti. Elə şeylər də var ki, insan onu hətta özünə açmaqdan da qorxur. Hər bir insanın özüylə qəbrə aparacağı sirlər olur, insan o qədər mürəkkəb bir məxluqdur ki, onun daxilindəki təbəddülatları, niyyətləri, fikirləri tam anlamaq və buna izah vermək müşküldür. İnsanın etiraflarının müəyyən sərhəddi var, o, heç vaxt bu sərhədi keçməz, keçsə, ona dəli kimi baxarlar. İnsanı özündən yaxşı heç kim tanıya bilməz.

Bu yazını işləyərkən Henri Millerin “Xərçəng tropiki” romanını oxuyurdum. Yazıçı sanki bütün miskin insanları yazdığı romanın ərazisinə toplayıb və onları öz miskinliklərini bir daha təkrarlamağa məcbur edir. Bu kitabı oxuyan adam Millerin bir şizofrenik olduğunu düşünə bilər. Miller elə səhnələr təsvir edir ki, dünyada miskinliyin bundan artığını təsəvvür etmək mümkün deyil. Miller bu romanda özünün Paris küçələrində aclıq və səfalət içində çabaladığı dövrü, ötən əsrin iyirminci illərinin Parisini təsvir edir. Misilsiz etiraflar var bu romanda. Bir sözlə, insanı alçaldan hər şey! Millerə haqq qazandıran yeganə cəhət onun sənətkarlığıdır, o, bütün bu iyrənclikləri bədii sözün qüdrətilə misilsiz şəkildə təsvir edə bilib. Yazıçı bu əsərdə sözün bütün imkanlarından ustalıqla istifadə edib, sözlərdən yeni bir dünya yaradıb. Fikrin ucqarlarına qədər gedib çıxa bilib. Bu, hər yazıçıya müyəssər olan xoşbəxtlik deyil.

Bu günlərin bir axşam çağında payız özünün qəfil ildırımlarıyla göy üzünü biçib-doğradı və leysan başladı. Mən hansısa naməlum hissin təsiri altında Viktor Hüqonun “Səfillər”ini kitab rəfindən götürdüm və aradan iyirmi üç il keçdikdən sonra “Balaca Qavroş” hissəsini yenidən oxudum. Qavroş öz balaca qardaşlarıyla küçədə rastlaşanda güclü yağış yağırdı və onlar sığınmağa bir yer tapa bilmirdilər. Qavroş onları özünün “Bastiliya fili” adlanan sığınacağına aparır və gecə yatanda ac siçovullar onların yatdığı yerin taxta arakəsməsini həyasızlıqla gəmirib yatağa soxulmağa can atırlar. Bu hissədə şiddətli yağışı tamam unutmuşdum, çöldə yağan yağış altşüurda qalmış o yaddaş qırıntısını hərəkətə gətirdi. Hüqo XIX əsr Fransasında qavroşların aclıq və səfalət içində həyat uğrunda necə mübarizə apardığını realistcəsinə və amansızlıqla təsvir edir. Yazıçının sənətkar vicdanı dilə gəlir, bütün dünyaya haray çəkir, haqqın və azadlığın tərəfində olur. Bonapart rejimi Parisdə tüğyan eləyən vaxt Hüqonun başına 25 min frank qiymət qoyulmuşdu. O Fransanı tərk edəndə səfərini sürgün adlandırdı. Hüqo Fransaya bir də 20 ildən sonra qayıtdı. Bu da bir növ, yazıçının etirafları idi, özüylə bağlı yox, ölkəsiylə bağlı etirafları.

İnsanlar isə etiraflarında Mövlananın dediyi kimi, yəni göründüyü kimi ola bilmirlər, olduğu kimi görünməmək üçün bütün ədəbi fəndlərdən istifadə edirlər, özlərini gizlətmək üçün yazırlar, ədəbiyyat bəlkə də onların ən etibarlı sığınacağıdır, onları heç vaxt ələ verməyəcək bir sığınacaqdır. Onda Heyne Russonu niyə ittiham edirdi ki?

/Ədəbiyyat qəzeti/

**********************************************************************************************************************************************************

Ən çox oxunan xəbərlər

  • Araşdırma 2017-05-23 09:48:13

    Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş

    Çəkdiyimiz videomaterilarda görəcəksiniz ki,Astaranın Şüvi kəndində yaşayan…

  • Cəmiyyət 2017-02-19 16:58:10

    Vətəndaş etiraz olaraq jurnalistin qarşısında gözünü çıxartdı - ŞOK -Video

    BakuPress Milli İnformasiya Agentliyinin əməkdaşları Xocalı soyqırımını…

  • Gündəm 2017-01-26 14:51:22

    Məcburi köçkünlər etiraza qalxdı-Video

    BakuPress.az xəbər verir,bu gün Bakl şəhər Yasamal rayonu Şərifzdə küçəsində…

  • Cəmiyyət 2017-04-12 14:07:07

    Seyid Ələkbərin 15 manatlıq huriləri-VİDEO+YENİLƏNİB

    Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə…

  • Cəmiyyət 2017-05-12 16:48:33

    ALLAHA MEYDAN OXUYAN MƏMMƏDSƏFA-ARAŞDIRMA    

    Zaman- zaman Şeyx Nesrullahlar,molla İbrahimxəlililər,Dərvişməstəlişahlar…

  • Cəmiyyət 2017-06-07 23:25:44

    Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib

    Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür.…

  • Cəmiyyət 2017-02-24 15:58:24

    Millət acından qırılır, bu millətə yazığınız gəlsin - ETİRAZ -VİDEO

    BakuPress Milli İnformasiya Agentliyi xəbər verdiyimiz kimi,Xocalı ilə…

  • Siyasət 2016-09-23 09:17:34

    Prezidentin verdiyi qərar ən doğru yoldur

    Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi…

  • Cəmiyyət 2017-08-01 13:05:37

    Bakıda "mamarozanın" evində gizli çəkiliş- "Polis maşını görəndə qaçın" - VİDEO

    Bakıda insan alveri ilə məşğul olan qadının gizli çəkilmiş görüntüləri…

  • Cəmiyyət 2017-07-16 19:33:15

    Oğraşlığın aksioması:Şəkidə ögey ata üç uşağı 7 il zorlayıb - TƏFƏRRÜATLAR

    3 azyaşlı uşağı zorlayan şəxsin dəhşətli və tükürpədən cinayət əməlləri…

  • Cəmiyyət 2017-07-22 02:57:17

    Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırıldı-SƏBƏB VƏTƏNDAŞ ŞİKAYƏTLƏRİDİR

    Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə tanınmış vəkil Şəfiqə…

  • Kriminal 2017-06-24 23:33:58

    Sevgilisi ilə gizli görüşən 21 yaşlı gəlinin dəhşətli sonu

    Bakıda avtomobildə meyiti tapılan gənc sevgililərlə bağlı bəzi məqamlar…