Bakupress Milli İnformasiya Agentliyi

Satılan torpağın sənədi var, amma özü yoxdur – Məhəmmədi kəndində kütləvi dələduzluq…

Zaqatala rayonu Sumayılı kənd sakini Abdullayeva Nəzakət Abdulla qızı “Bakı-Xəbər”ə müraciət edərək, Abşeron rayonunun Məhəmmədi qəsəbəsində yaşayan, 1988-ci il təvəllüdlü Əliyev Süleyman Mübariz oğlu tərəfindən aldadıldığını bildirib.

Şikayətçinin sözlərinə görə, həmin şəxs onunla yanaşı, bir neçə şəxsə də Abşeron rayonunun Məhəmmədi kəndindən torpaq satmaq adı ilə fırıldaq gəlib: “2013-cü ildə bacımgil həmin yerdən torpaq alırdılar. Onda dedim ki, mən də istəyirəm. Necə oldusa, bizə torpaq satan kimi Süleyman adlı oğlanı təqdim etdilər.  Mən də çıxartdım ona pul verdim. Sonra bu adam oldu atlı, mən piyada. Onu tapa bilmədim. Bizə torpağı da göstərdi, hətta sənəd də verdi. Sonra biz araşdırdıq ki, onun verdiyi sənəddə göstərilən yer ümumiyyətlə yoxdur. Ancaq bilirəm ki, həmin adamın Məhəmmədi kəndində hektarlarla torpağı var, istəsə, mənim 3 sot torpağımı verə bilər. Pulu məndən şəxsən Süleymanın özü alıb. Sonra bütün telefon nömrələrini dəyişdi. Sonuncu dəfə onunla 2 ay əvvəl danışmışam. Elə deyir ki, pulunu qaytaracam, amma etmir. Ona 4500 manat bir dəfə vermişəm, sonra da 250 manat sənəd hazırlamaq üçün verdim. Mən düzgün adamam, nə var onu deyirəm. O hətta puldan mənə qaytarıb da. Keçən il fevarl ayında gətirib 1500 manat, Ramazan ayında isə 100 manat verib. Ümumən, mənə 1600 manat pul qaytarıb. Mən ondan yalnız öz verdiyim pulu istəyirəm. Nə qədər yalvardım ki, heç olmasa 200 manat verməklə qaytar, bunu da etmədi. Mən tək deyiləm, bunun əməlindən çox adam zərər çəkib. Sadəcə, çox adam dalınca getmək istəmir, beziblər. Mənim hüquq-mühafizə orqanlarına şikayət etməməyim isə pulumu alacağıma ümidli olmamağımla bağlı olub. İndi onun verdiyi sənədlə biz torpağı tapa bilmirik. Sonda bizə qarşı fırıldağı edən adam mənə dedi ki, “gedin pulunuzu mənim atamdan alın, mənlik heç nə yoxdur”. Maraqlandıq, dedilər ki, atası rəhmətə gedib. İndi də bu fırıldağa əl atıb. Amma hamı deyir ki,  onların Məhəmmədi kəndində böyük torpaq sahələri var. Bələdiyyə, icra qurumlarının hamısı tanıyır bunları. Sizdən çox xahiş edirəm, bu məsələni ictimailəşdirin ki, bəlkə gətirib mənim pulumu qaytarsın. Bilirəm ki, imkanı da var. Sadəcə, məni kimsəsiz gördüyü üçün bu fırıldağı edir”.

Biz Abşeron rayonu Məhəmmədi kənd bələdiyyəsilə əlaqə saxladıq. Bizimlə danışan ümumi şöbənin müdiri Vüsalə Rəhimova qəzetimizə bildirdi ki, bu adda adam tanımır və onlara belə fırıldaqla bağlı hər hansı bir məlumat daxil olmayıb. Bələdiyyə sözçüsü bizə dedi ki, məsələni araşdırıb günün sonunda bizə məlumat verəcəklər.

Torpaq satmaqda adı çəkilən Əliyev Süleyman Mübariz oğlu ilə əlaqə saxladıq. İlk zəngimizdə o, sualı eşidəndən sonra bizə dedi ki, evdədir, danışa bilmir, özü bizimlə uyğun vaxtda əlaqə saxlayacaq. Sonra bir neçə dəfə zəng etməyimizə baxmayaraq, telefonu götürmədi. Nəhayət, iş gününün sonunda onunla əlaqə qura bildik. Sözügedən şəxs bizi hədələməyə başladı: “Siz kimsiniz ki, mənə dəqiqədə bir zəng edirsiniz? Demişdim zəng edəcəm, deməli gözləməlisiniz. Ürəyim nə vaxt istəyir onda da yığacaydım… Sən mənim fikrimi öyrənə bilməzsən. Harda olsan səni tapıb görüşəcəm. Görərsən mən kiməm”.

Suallardan yayınmaq yolunu bizi hədələməkdə görən bu şəxs telefonu qapadan kimi, Məhəmmədi bələdiyyəsindən bizə zəng gəldi. Əvvəl danışdığımız Vüsalə xanım bizə bildirdi ki,  maraqlanıblar, belə adam var: “Amma bu uşaqdır, onun nə günahı var ki? Hamısını atası edib, o da rəhmətə gedib. Onluq bir şey yoxdur. Siz həmin şikayətçilərə deyin bizə yaxınlaşsınlar. Görək nə məsələdir”.

Əslində, kənd bələdiyyəsinin bu davranışı müəyyən şübhələr üçün əsas yaradır. Çünki bilirik ki, Bakıətrafı qəsəbələrdə kimsə özbaşına torpaq sata bilməz. Əksər hallarda bu cür əməliyyatlar bələdiyyələrlə işbirliyində olan şəxslər tərəfindən həyata keçirilir. Təəssüf ki, biz bələdiyyənin sədri Xəyaləddin Məmmədovla əlaqə yarada bilmədik. Ancaq hesab edirik ki, burada cinayət tərkibli əməl var. Sadəcə, hüquqlarını bilməyən insanların savadsızlığından istifadə edərək, ortada külli miqdarda pullar yeyilib. Hesab edirik ki, bu material hüquq-mühafizə orqanları üçün  külli miqdarda törədilən dələduzluq əməlini araşdırmaq üçün yaxşı əsas ola bilər…

Məhəmmədəli QƏRİBLİ

Paylaş:

Oxşar xəbərlər