Bakupress Milli İnformasiya Agentliyi

VƏTƏNPƏRVƏR HƏKİM, ƏSL ZİYALI

Lerikin Zuvand mahalı qədim tarixi, zəngin və unikal təbiəti, görkəmli dövlət xadimləri, alimləri, təbibləri, nüfuzlu ziyalıları ilə tanınır. Haqqında söhbət açacağımız Əsədulla Əsgərov da 1949-cu ilin aprelində bu mahalın Hiledərə kəndində dünyaya göz açıb.
Uşaqlığı çətin illərə düşüb. Üç yaşında ikən rəhbərin “atalıq qayğısı” sayəsində Zuvandın 40-a yaxın kəndi deportasiyaya məruz qalıb. Atası Həzərxan kişi həmkəndliləri ilə zorla Biləsuvar rayonuna köçürülüb. Ailə Əsgərabad kəndində məskunlaşıb.
Əsədullanın valideynləri kolxozda işləyib. Halal zəhmətlə dolanıblar. Yeniyetməlik dövründə atası dünyasını dəyişib. Dörd qız və dörd oğlan uşağını böyüdüb ərsəyə çatdırmaq Əminə ananın kövrək çiyinlərinə düşüb. Ana min bir əziyyətlə övladlarını saxlayıb, onları ev-eşik sahibi edib. Bir əsrdən çox ömür sürüb, mərd, cəfakeş, qeyrətli ana kimi yaddaşlarda iz qoyub.
Əsədulla ibtidai məktəbi kənddə bitirib. Sonra Nizami adına Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirəndən sonra ailəyə kömək məqsədilə poçt şöbəsində, məktəbdə işləyib.
Atasının vaxsız ölümü onu hədsiz dərəcədə sarsıdıb. Uzun müddət atasızlığın ağrılarını, nisgilini yaşayıb. Böyüyəndə həkim olacağını, uşaqların atalı-analı böyüməsi üçün əlindən gələni edəcəyini düşünüb, gələcəyə nikbin arzularla baxıb. 
Əsədulla 1969-cu ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakültəsinə qəbul olundu. Qabaqcıl, nümunəvi tələbə kimi tanındı. Ali məktəbdə qalmaq şansı olsa da insanların sağlamlığı keşiyində durmağa üstünlük verdi. 
1976-cı ildə təyinatla Kəlbəcər rayonundakı “İstisu” sanatoriyasında əmək fəaliyyətinə başladı. Dərin biliyi, savadı, bacarığı ilə kollektivdə seçildi. Gənc həkim yeni müalicə üsullarını tətbiq edir, xəstələrin sağalması üçün qüvvə və bacarığını əsirgəmirdi. Xəstələr daha çox ona müraciət edirdilər. O illərdə dəfələrlə iş otağının qapısında növbələrin yarandığının şahidiyəm. Sanatoriyanın iclas zalında tibbi mövzuda oxuduğu mühazirələr, verdiyi tövsiyə və məsləhətlər maraqla qarşılnır, sağaltdığı xəstələr həkimə inamı daha da artırırdı. Əsədulla həkim “İstisu”da mədə-bağırsaq xəstəlikləri şöbəsinin müdiri kimi 4 il çalışdı. Burada zəngin təcrübə qazandı, peşəkar həkim kimi formalaşdı.
İşgüzarlığı, həkimlik məharəti, təşkilatçılıq qabiliyyəti Respublika Baş Kurortlar İdarəsinin rəhbərliyinin diqqətindən yayınmadı. 1980-cı ilin yanvar ayında “Şuşa” Kurort Birliyində baş həkimin müalicə işləri üzrə müavini vəzifəsinə təyinat aldı. “Şuşa” o vaxt ümumittifaq əhəmiyyətli sanatoriya kimi sovet məkanında tanınırdı. İttifaqın hər yerindən bura müalicə almağa, dincəlməyə gəlirdilər.İş başdan aşırdı. Əsədulla həkim istirahətin nə olduğunu bilmir, müalicə işinin düzgün, səmərəli təşkilinə, onun keyfiyyətinin artırılmasına var qüvvə ilə çalışırdı. Beləcə ömrünün 12 ilini Şuşada kurort-sanatoriya sisteminin inkişafına həsr etdi.
Şuşanın çətin günlərində sanatoriyanın fəaliyyəti dayanmışdı. Bakıda ona layiqli iş təklif olunsa da o, Şuşanı tərk etmədi. Vətənpərvər həkimin iş yerini ön cəbhə, səngərlər əvəz etdi. Şuşa özünümüdafiə batalyonunun tərkibində döyüşlərdə olur, yaralı əsgər və zabitlərə ilkin yardım edir,onları təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırırdı. Xoşbəxtlikdən düşmən gülləsi dəfələrlə ondan yan keçmiş, ölüm hər dəfə bu mərd, qorxmaz, cəsur həkimdən “qaçmışdı.”
Ermənilər iki dəfə yaşadığı binaya ağır, odlu silahlardan zərbələr endirmişdilər. “Alazan” tipli paket yaşadığı mənzilin balkonuna düşmüş, pəncərələr qırılmış, mənzilə xeyli ziyan dəymişdi. İkinci dəfə “Qrad” qurğusu mənzili yandırıb viran etmişdi. Ailə zirzəmidə olduğu üçün xəsarət alan olmamışdı. Dostları bu gün də deyir ki, Əsədulla həkim ancaq Tanrının lütfü hesabına sağ qalıb. 
Şuşalı günlərini o, həmişə həsrətlə, ürək ağrısı ilə xatırlayır. Qarabağın baş tacının, Pənahəli xanın yadigarının düşmən əsarətində olması ilə heç cür barışmır, 27 il əvvəlki kimi yenə də düşmənlə döyüşə hazır olduğunu deyir.
Şuşanın işğalından sonra taleyini “Bilgəh” sanatoriyasına bağlayıb. O illərdə sanatoriyanın baş həkimi işləyən Solmaz Miriyeva kurort-sanatoriya sistemində zəngin təcrübə qazanmış, Qarabağ uğrunda gedən müharibənin alovlarından çıxmış vətənpərvər həkimi işlə, xidməti mənzillə təmin edir. Elə o vaxtdan Əsədulla Əsgərov sanatoryida baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışır.
Zəngin landşaft faktorlarına, 20 hektar yaşıllıqlara, abadlaşdırılmış əraziyə malik müalicə ocağı mavi Xəzərin sahilində yerləşir. Buranın mülayim, quru və isti iqlimi, əsəb sisteminə müsbət təsir göstərən yod-brom ionları ilə zəngin, dərdlərə məlhəm olan təmiz dəniz havası, yayda sahilin isti, narın qumu, ərazidə çıxan təbii yod-bromlu sular, bütün fizoterapiya müalicələri xəstələrin sağlamlığına xidmət edir. İlin 5-6 ayında Xəzər dənizində çimmək mümkündür. 
“Bilgəh” kardioloji sanatoriyasının profili ürək, qan-damar sisteminin xəstəlikləri olmaqla il boyu fəaliyyət göstərir. Sanatoriya 447 çarpayılıqdır. Burada dördmərtəbəli və 2 ədəd ikimərtəbəli yataq korpusları, 5 ədəd bir və ikimərtəbəli lyuks, yarım lyuks tipli koteclər vardır. Bundan əlavə genişprofilli müalicə-diaqnostika şöbəsi, 400 nəfərlik qış klubu və konsert zalı, 450 nəfərlik yeməkxana, zəngin kitabxana, idman, açıq havada yerləşən trinajor və tennis meydançaları xəstələrin ixtiyarına verilib.
Müalicə ocağında 14 nəfər həkim, 31 nəfər orta tibb işçisi çalışır. Əsədulla həkim söhbət zamanı deyir ki, son illər Respublika Həmkarlar İttifaqları Konfederasiyasının, “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin yüksək qayğısı sayəsində sanatoriyanın yataq və müalicə korpusları, yeməkxanası, yardımçı binaları əsaslı şəkildə təmir edilərək təzə, müasir inventar və avadanlıqlarla təchiz edilib. Müalicə, xidmət sahələrinin işi müasir səviyyədə qurulub. Sanatoriyada peşəsinin incəliklərini dərindən bilən, bacarıqlı, təcrübəli, peşəkar bir kollektiv formalaşıb. Təsadüfi deyil ki, kişik bir kollektivdə dörd nəfər: sanatoriyanın baş həkimi Muxtar Əhmədov, şöbə müdirlərindən Akif Quliyev, Şərif Şahməmmədov, həkim-kardioloq Rima Nəcəfova respublikanın əməkdar həkimi adına layiq görülmüşülər. 
Sanatoriyada uzun illər çalışan təcrübəli həkimlərdən Surxay Rəhimov, Ramiz Əliquliyev, İradə Mehdiyeva, Vahid Vəliyev, Xanım Səmədova, Fatma Məmmədova, baş tibb bacısı Qumru Haqverdiyeva, tibb bacılarından Surət Bayramova, Nigar İsgəndərova, Tamella Əhmədova, Tahirə Kamilova, Dinaş Rəhmanova, Firavan Hacıyeva, Səbinə Məmmədova, Gilə Allahverdiyeva, Nailə Vəliyeva, Aybəniz Muradova, Səlminaz Paşayeva, Natavan Məmmədova, Elnarə Hadiyeva və başqaları nümunəvi tibbi xidməti, bacarığı və peşəkarlıqları ilə xəstələrin dərin rəğbətini qazanaraq kollektivdə böyük nüfuza malikdirlər. 
Ali dərəcəli həkim-kardioloq, qocaman tibb işçisi Surxay Rəhimov Əsədulla həkimin sanatoriyada böyük əməyi olduğunu önə çəkərək deyir:
-Mən 50 ilə yaxındır ki, kurort-sanatoriya sistemində çalışıram. “Bilgəh”də uzun müddət baş həkim müavini işləmişəm. Həkim Əsədulla Əsgərovu 1992-ci ildən tanıyıram. Savadlı, hərtəfli, geniş dünyagörüşünə, əhatə dairəsinə malik həkim, bacarıqlı səhiyyə təşkilatçısıdır. Sanatoriyada tibbi xidmətin təşkilində, həkimlərin, orta tibb işçilərinin ixtisaslarının, peşəkarlıqlarının artırılmasında əməyi çoxdur. Özü də dəfələrlə Bakıda, Moskvada, Sankt-Peterburqda, Pyatiqorsk və digər şəhərlərdə qastroentorologiya, kardiologiya, tibb müəssisələri üçün rəhbər kadrlar hazırlayan ixtisasartırma kurslarında olmuş, müqəddəs həkimlik peşəsinin zirvəsinə ucalmışdır. Sanatoriyada müasir kardiologiyanın problemlərinə həsr edilmiş konfransların keçirilməsində, yeni müalicə metodlarının kollektivə çatdırılmasında və tətbiqində əvəzsiz xidmətləri vardır. İşini çox gözəl qurub. Çətinlikləri yerindəcə həll etməyi bacarır.Kollektiv onu çox sevir. Hər bir işçiyə fərdi qaydada yanaşır, qayğısını, təmənnasız köməyini heç vaxt əsirgəmir. Hazırda orta tibb işçilərini növbəti attestasiya imtahanına hazırlayır. Səmimi, vicdanlı, xeyirxah, vətənpərvər həkim kimi onu tanıyıram. Sənətini, həkim şərəfini, ləyaqətini həmişə uca tutur. Qarabağ müharibəsinin veteranıdır. Xidmətlərini, çəkdiyi əziyyətləri heç vaxt dilinə gətirməz.
Sanatoriyanın həkim-kardioloqu, respublikanın əməkdar həkimi Rima Nəcəfova həmkarı barədə deyir:
- Əsədulla cox savadlı, peşəsini sevən, işinə bağlı həkimdir. Uzun illərdir ki, sanator-kurort sistemində birgə calışırıq. İşinə hər zaman məsuliyyətlə yanaşır. Poeziya vurğunudur. Klassik və müasir ədəbiyyatımızın bilicisidir. Geniş diapazona malikdir. Hansı sahədən istəsən məlumatı var. Etibarlı, gözəl dost, maraqlı həmsöhbətdir.Ömür-gün yoldaşı Səkinə Abuzərova da tibb işçisidir. Bir yerdə işləyirik. Ailənin yeganə övladı Elvinin gələcəkdə həkim olmasını, ailə ənənələrini yaşatmasını arzulayırıq.
Əsədulla həkim 43 il ərzində minlərlə xəstəyə şəfa verib. Bu günlərdə onun iş yerində 70 illik yubileyi yüksək səviyyədə qeyd olunub. Yubiley tədbiri kollektivin əsl bayramına çevrilib. Sanatoriyanın baş həkimi Muxtar Əhmədov, Respublika Həmkarlar İttifaqları Konfederasiyasının, “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin məsul işçiləri, iş yoldaşları onu təcrübəli həkim, bacarıqlı səhiyyə təşkilatçısı, xeyirxah, alicənab, nəcib, gözəl insan kimi tanıdıqlarını qeyd edərək haqqında ürək sözlərini, təbriklərini söyləyiblər. El-obaya, müstəqil Azərbaycana bütün varlığı ilə bağlı olan vətənpərvər həkimin bundan sonra da dövlətçiliyimizə, kurort-sanatoriya sisteminin inkişafına dəyərli töhfələr verəcəyi əminliklə qeyd olunub.
Tədbirdə yubilyara Fəxri fərmanlar, hədiyyələr təqdim olunub. Hamıya sevinc, xoş ovqat bəxş edən tədbirdə incə ruhlu, şair qəlbli həkimin ifasında şeirlər səslənib, rəngarəng musiqi nömrələri, rəqslər nümayiş olunub.
Əlisəfa Həsənov.
.

Paylaş:

Oxşar xəbərlər