Bakupress Milli İnformasiya Agentliyi

Dəmir Gədəbəyli - 80

Sözün yaratdığı möcüzə.

Dəmir Gədəbəyli imzası oxuculara yaxşı tanışdır. Ötən əsrin 60- ci illərindən başlanan bu uğurlu yol bu gün də davam edir. Dəmir müəllim lap gənclik illərindəki həvəs coşqu ilə poeziya sənətində uğurlara imza atır, yazıb-yaradır. Elmi fəaliyyəti belə onun poeziya ilə dostluğuna xələl gətirə bilmir.
Dəmir Gədəbəyli şeirlərini ürəyinin hökmü ilə, daxilən gələn bir həvəslə yazır. Bu şeirlərində Dəmir müəllim çox təbiidir. Hər misrasından görünür ki, o, sözün, hər kəlmənin üstündə əsir, onu ürəyinin odu ilə bişirir, sonra oxucularına təqdim edir.
Dəmir müəllim dağlar qoynunda , füsunkar, təbiəti ilə göz oxşayan Gədəbəy rayonunda dünyaya göz açıb. Bəlkə elə onun şeirlərindəki saflıq, gözəllik də bundan irəli gəlir. İstedadlı söz ustasının şeirlərindəki lövhələrə, mənalı, axıcı, fikirlərə vurulmaya bilmirsən.
Yaxşı şeirin, yerində deyilmiş misranın gücü, sehri də elə bundadır.


Onu geniş oxucuları həm də nəğməkar şair kimi tanıyırlar.
Qələmindən çıxmış mahnı mətnləri bir deyil, iki deyil, yüzlərlədir. Bu mahnılar bir çox sənətkar musiqiçilərin ifasında səslənir, sevilə-sevilə dinlənilir.
"Ey Vətən", "Qarabağ", "Sən yadıma düşəndə", "Bir qız qocaltdı məni", "Gözlərimdən çəkinmə", "Ağlamasın salxım söyüd", " Bacara bilsən", "Bacılar", "Darıxma" və sairə mahnıları haqda danışa bilərəm. O mahnıların indi hər biri retro mahnılar içərisində onluqda birincilik qazanmış mahnılardır, əsərlərdir.
Dəmir Gədəbəyli bir şair kimi, yurda, torpağa bağlı bir insandır. Onun vətən, torpaq məhəbbəti çox ucadır. Bunu bir şeirindəki misralar da təsdiq edir:

- Səni candan sevirəm,
Ömrümün sultanı Vətən!
Can içində yaşayan,
Ey canımın canı Vətən!
... Mənə bəxş eyləmisən,
Dünyada dünyanı Vətən!

" Bir bulmaca" şeirindəki fikirlər daha tə'sirlidir.

- İnsan oğlu mənim demə,
Sən torpağın ola-ola.
Süleymanlar gəlib-gedib,
Saç-saqqalı yola-yola.

Baş sındırma şair Dəmir,
Bir sınaqdı ötən ömür.
Fani dünya sirrin demir,
Hey boşalıb dola-dola.

Böyük mütəfəkkir, görkəmli alim, xeyirxah, gözəl insan Mir Cəlal müəllimin ziyasından Dəmir Gədəbəylinin də ömrünə işıq düşüb Böyük ədibə həsr etdiyi şeirində şair o kövrək hissləri belə qələmə alır:

- Məni gəncliyimə apardı xəyal,
Canlandı gözümdə halaldan halal.
Ata nəvazişi, sadə, mehriban,
Alimlər-alimi, ustad Mir Cəlal.

Dəmir müəllim məhsuldar şairdir. İndiyədək onun nəşr etdirdiyi əlliyəcən kitabı dəyərli oxucuların istifadəsinə verilmişdir.
Şairin bu günlərdə şəxsi avtoqrafla mənə bağışladığı, bir neçə il əvvəl nəşr olunmuş " Allahın möcüzələri" kitabını maraqla oxudum.
Azərbaycan türklərinin müqəddəsi sayılan seyid- peyğəmbər övladı Mir Mövsüm ağaya və onun möcüzələrinə həsr olunmuş bu kitab bir oxucu kimi məndə dərin təəssüratlar yaratdı. Respublikanın bütün bölgələrinin gəzərək elin dərin rəğbət və məhəbbətini qazanmış müqəddəs seyidlərin nəcib xeyirxah əməllərini poetik dildə oxuculara təqdim etmək böyük hünər və iste'dad tələb edir.
Məşhur bir ifadə var: deyilən söz yadigardır. Yaxşı sözə, yaxşı əsərə həmişə ehtiyac var. Və öz çoxsaylı oxucularına belə dəyərli söz hədiyyəsi bəxş edən yaradıcı insanlar xoşbəxtdirlər.
Mənim əziz müəllimim, ustadım Dəmir Gədəbəyli kimi.


Tələbənin əziz müəlliminə şeirlə sualı.

Nə günə qaldı?

Biz xeyir görmədik, şər gördük ancaq,
Cəhənnəm yaşadıq, gor gördük ancaq,
Yandı ürəyimiz, qor gördük ancaq,
Bu dünya, bu cahan nə günə qaldı!

Əydilər belini, bükdülər onu...
Qırdılar, yıxdılar, sökdülər onu...
Neçə yol biçdilər, əkdilər onu...
Bu dünya, bu cahan nə günə qaldı!

Yığdılar dövrəyə ilan-ilbizi!
Kimsə seçəmmədi əyridən düzü.
Köməyə yetişə yaradan özü!
Bu dünya, bu cahan nə günə qaldı!
Nə günə qaldı!

Müəllif: Fuad Biləsuvarlı

Ustadın əziz tələbəsinə şeirlə cavabı.

DÜNYA BELƏ DÜNYADI ...

Şair Fuad Biləsuvarlı üçün.

Dünya yaranandan, belə dünyadı,
Qucağında ac, quduzlar çoxalıb!
Nə soyu bəllidi, nə təmiz adı,
Yer üzündə dələduzlar çoxalıb.

Allahın işinə heyranam, düzü,
Özüdür yaradan, güclü, gücsüzü,
Haqq yerdə sürünür, qan verir dizi,
Kütbeyinlər, ağlı azlar, çoxalıb!

Sel kimi kükrəyən, yel kimi əsən,
Baxtından inciyən, qismətdən küsən,
Doğma anasının əmcəyin kəsən,
Daş vicdanlar, qəlbi buzlar, çoxalıb!

Sənətdə qaynayır, örtülü qazan,
Bir deyil, beş deyil, yolunu azan,
Kərkinə - kərkinə şeirlər yazan,
Dəyərsizlər, həm ucuzlar çoxalıb...

Dəmir yanmağında, dünya gedişdə,
Adiləşib, şər, böhtan da, söyüş də,
Yaşam adlı, bu qaydasız döyüşdə,
Onluq marıtlayan, tuzlar çoxalıb!

Müəllif: Dəmir Gədəbəyli

Hazırladı: AYB üzvü, Prezident mükafatçısı, nəğməkar şair Fuad Biləsuvarlı

Paylaş:

Oxşar xəbərlər