Bakupress Milli İnformasiya Agentliyi

İsmayıl Şıxlı - 100

Zəngin həyat yolu, Keçmiş böyük ədib.

Azərbaycan ədəbiyyatında "Dəli Kür" , " Ölən dünyam", " Ayrılan yollar" romanları, bir sıra publisistik yazıları, ədəbi -tənqidi məqalələri ilə iz qoymuş İsmayıl Şıxlı ədəbiyyata şeirlə gəlmişdir. "Quşlar" adlanan bu şeir çap olunsa da , ədibin ilk və son şeiri olub. Bundan sonra İsmayıl Şıxlı ədəbi mühitdə istedadlı nasir kimi tanınıb, bir-birindən gözəl nəsr əsərləri yaradıb. Çoxsaylı oxucular tərəfindən maraqla qarşılanıb.Bu əsərlər ədəbiyyatımızda əsl tarixi hadisəyə çevrilib. Qazax mahalında , İkinci Şıxlı kəndində ziyalı ailəsində dünyaya göz açan gənc İsmayıl pedaqoji təhsil alaraq müəllimlik fəaliyyətinə başlamışdır. Ali təhsilini başa vurması Böyük Vətən Müharibəsi illərinə təsadüf etdiyindən İsmayıl Şıxlı da " müsəlləh bir əsgər" olub Şimali Qafqaz , Krım, Ill Belorusiya və Şərqi Prussiya istiqamətində gedən döyüşlərdə iştirak edib. "Kerc sularında", " Cəbhə yolları", kimi əsərlərində ədib cəbhə həyatının yadda qalan , unudulmaz səhifələrini yaradıb.Azərbaycan ədəbiyyatında dəsti-xətti , bədii təhkiyyə üslub ilə seçilən görkəmli ədib İsmayıl Şıxlıdan söhbət düşəndə ilk dəfə göz önünə Cahandar ağa surəti gəlir. Məşhur " Dəli " Kür" romanındakı qürurlu, əzəmətli, məğrur, cəsur Cahandar ağa " Dəli Kür" ötən əsrin 60 - cı illərinin şah əsəridir desək, yanılmarıq. Həmin romanın motivləri əsasında çəkilmiş " Dəli Kür" filmi uzun illərdir ki, ekranlardan çıxmır, həmişə maraqla baxılır. Xüsusi ilə gənc nəsil üçün bu film əsl qəhrəmanlıq səhifəsidir. İsmayıl Şıxlı ilk əmək fəaliyyətinə müəllimliklə başladığı kimi sonrakı illərdə də pedaqoji fəaliyyətini davam etdirmişdir. Ali məktəb tələbələrinə ədəbi biliyini, zəngin həyat təcrübəsini öyrətmişdir. Vaxtı ilə bu müdrik insandan elm və həyat dərsləri almış tələbələri onu indi də mehribanlıqla xatırlayırlar. Fitri istedad sahibi olan İsmayıl Şıxlı yaradıcılığında tərcümə ədəbiyyatına da geniş yer ayırmışdır. Onun Fransız , türk ədəbiyyatından etdiyi tərcümələr ədəbi aləmdə oxucular tərəfindən hədsiz maraqla qarşılanmışdır. Böyük ədib, təcrübəli pedaqoq İsmayıl Şıxlı həm də gənc yazarların, dərs dediyi tələbələrinin himayədarı olmuşdur. Ədəbi -bədii yaradıcılıqla yanaşı o, həm də bir sıra məsul vəzifələrdə çalışmışdır. Azərbaycan Yazıçılar İttifaqının katibi, birinci katibi, Azərbaycan jurnalının baş redaktoru kimi məsul vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Ali Sovetinin deputatı kimi seçicilərinin etimadını qazanmışdır. İsmayıl Şıxlını xidmətlərinə görə əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Böyük Vətən müharibəsində döyüş xidmətlərinə görə " Qızıl ulduz", ikinci dərəcəli Böyük Vətən müharibəsi ordenləri Azərbaycan ədəbiyyatı qarşısındakı xidmətlərinə görə isə " Şərəf nişanı", " Qırmızı əmək bayrağı", " Şöhrət" ordenlərinə layiq görülmüşdür. Görkəmli yazıçı İsmayıl Şıxlı 1995 - ci ildə dünyasını dəyişsə də , onun işıqlı xatirəsi həmişə ürəklərdədir. Fəxri xiyabanda dəfn olunmuş ədibin əsərləri bu gün də sevilə-sevilə oxunur. Məsəl var, deyirlər ot kökü üstündə bitər. 1957 - ci ildə İsmayıl Şıxlı ocağında dünyaya göz açmış Elçin Şıxlı da respublikanın ədəbi ictimaiyyəti arasında yaxşı tanınır. O da ixtisas seçimində pedaqoji sahəyə üstünlük vermiş, ali təhsil alaraq ingilis və alman dilləri üzrə müəllim ixtisasına yiyələnmişdir. Ordu sıralarında hərbi xidmət keçdikdən sonra Elçin Şıxlı bir çox məs'ul vəzifələrdə çalışmış, bir ziyalı kimi göz önündə olmuşdur. Hansı sahədə çalışmasından asılı olmayaraq yaradıcılıq aləmi ona doğma bir sahə olmuşdur. Çalışdığı " Azərbaycan komminsti" jurnalında, "Ayna" - "Zerkalo" qəzetlərində də yaradıcılıqdan ayrılmamış, uğurlu fəaliyyət göstərmişdir. Elçin Şıxlı uzun illər " Ayna"- "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru olmuşdur. 1989 -cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Elçin Şıxlı 2006 -cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədri kimi daha məsul vəzifədə fəaliyyətini davam etdirir. 

 

Müəllif: AYB üzvü, Prezident mükafatçısı, Fuad Biləsuvarlı

Paylaş:

Oxşar xəbərlər