Bakupress Milli İnformasiya Agentliyi

Ekologiya naziri jurnalistlərlə birlikdə ağac əkib, "Yaşıl qələm" adlı bağ saldılar - Fotolar

Martın 10-da media təmsilçiləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və ETSN-nin rəhbər şəxsləri ilə birlikdə ağac əkiblər.

"Bu yaz özün bir təbiət yarat"  adlı kampaniya çərçivəsində Zığ şosesində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılmış ərazidə yaşıllıq salınıb, jurnalistlərin təşəbbüsü ilə bağa “Yaşil Qələm” - “Jurnalistlər bağı” adı verilib. 


Kampaniya çərçivəsində 3 hektardan çox ərazidə 2 mindən çox ağac əkilib. Əkilən ağacların əksəri meyvə - yapon əzgili, feyxoa, nar, ərik ağaclarıdır.


“Yaşıl Qələm” kampaniyası AzTV-nin redaktoru Azər Qismətin təşəbbüsü ilə facebookda başladılıb. İlkin olaraq nəzərdə tutulurdu ki, kampaniyaya qoşulan jurnalistlər, yazarlar hərəsi özünün sevdiyi ağacı alsın və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq bildiyi yerdə əksin. Təşəbbüsə ETSN dərhal reaksiya verib, dəstəklənib və qərara alınıb ki, jurnalistlərin əkmək istədikləri ağaclar da nazirliyin tingli sahəsindən ayrılsın.

Beləliklə, media əhlinə bir iş qaldı – bağ üçün ayrılan yerə toplanmaq və ağacları əkmək, sonrakı mərhələdə qulluq etmək .

Ağaclar əkilib qurtardıqdan sonra nazir bildirdi ki, “Jurnalistlər bağı”na ETSN-nin əməkdaşları mütəmadi qulluq edəcək və ağaclar damcı-suvarma yolu ilə sulanacaq.

Tədbirin sonunda jurnalistlərlə çay süfrəsində ekologiyanın, flora və faunanın qorunması ilə bağlı geniş söhbətlər aparıldı, onların təklifləri dinlənildi.

 

Paylaş:

Oxşar xəbərlər