Bakupress Milli İnformasiya Agentliyi

Afaq Bəşirqızı: "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüş çox məhsuldar oldu və ölkəmizin inkişafına xidmət edəcək"

Yaradıcı ziyalıların Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü çox mühüm və məhsuldar oldu, bu görüş gözəl ölkəmizin gələcək inkişafına xidmət edəcək.

BakuPress.Az bildirir ki, bunu Trend-ə Xalq artisti, "Şöhrət" ordenli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Afaq Bəşirqızı deyib.

O bildirib ki, görüşdə incəsənət və mədəniyyət xadimləri müxtəlif problemlərin həlli üçün müraciətlər ediblər, vacib məsələlər müzakirə olunub, milli mədəniyyət və incəsənətin inkişaf yolları təklif edilib:

"Mən Dövlət Musiqili Teatrını birinci kateqoriyaya keçirməyi təklif etdim ki, bu da akademik ada yaxınlaşmağa imkan verəcək. Bu amil əmək haqlarının artmasına təsir göstərəcək. Orta və gənc yaşlı aktyorların mənzillə təmin olunması məsələsi də qaldırılıb. Hər bir görkəmli mədəniyyət və incəsənət xadiminin borcu bu günün və gələcək nəsillərin qeydinə qalmaqdır. Mən çox şad oldum ki, Prezident mənə diqqətlə qulaq asdı və öz çıxışında yaradıcı insanların rifahının yaxşılaşdırılması məsələsini vurğuladı".

Xalq artistinin sözlərinə görə, bu cür görüşlər ölkəmizin siması olan, respublikamızı dünyada tanıtdıran, mənəvi tərbiyəyə və yüksək dəyərlərin təbliğinə xidmət edən mədəniyyətimizin gələcək inkişaf yollarının müəyyən olunması üçün çox vacibdir:

"Xüsusi vurğulamaq lazımdır ki, biz müharibə şəraitində yaşayırıq və bundan yaranan bütün çətinliklərə baxmayaraq hər kəs öz şəxsi ambisiyalarını kənara qoyub xalq naminə yaşamalı, hər kəs öz sahəsində vicdanla və vətəndaşlıq borcu hissi ilə işləməli və bununla ölkənin çiçəklənməsinə kömək etməlidir".

Paylaş:

Oxşar xəbərlər