Bakupress Milli İnformasiya Agentliyi

"Rektor dedi ki, bığını qırx, o da rektoru söydü" - Həsən Turabovun tələbəliyindən XATİRƏLƏR

Dünən əfsanəvi aktyor, xalq artisti Həsənağa Turabovun vəfatının 16 ili tamam oldu. Qeyd edək ki, Turabov 1938-ci ildə Bakıda anadan olub, Teatr İnstitutunu bitirib və 1960-cı ildən Azərbaycan Dram Teatrında (indiki "azdrama") aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Və "Azdrama" tarixində seçki yolu ilə direktor seçilmiş və ilk və son direktor olub.

BakuPress.Az bildirir ki, ölkə.az məşhur sənətkarın tələbə yoldaşı olmuş Nazim Zeynalovla görüşüb. Dövlət Televiziyasının ilk rejissorlarından olmuş Zeynalov Turabovun tələbəlik illərindən danışıb.

Həsənağa Turabov bizdən bir kurs yuxarı oxuyub. Biz Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutuna 1957-ci ildə daxil olanda, onlar ikinci kursa keçmişdilər. Arif Qazıyev, Həsənağa Turabov... 

Turabov tələbəlikdən ciddi adam idi. Məsələn, Arif Qazıyevdən, digərlərindən fərqlənirdi. Düzdür, boy-buxunlu adam deyildi, amma zəhmli idi.

O vaxt bizə gənc rektor təyin etdilər - Rahib Hüseynov. Rahib Hüseynov bizə rus teatrı tarixindən "şparqalka" ilə dərs keçən adam idi. Deyə bilmərəm ki, savadsız idi, amma qəfil rektor oldu. O, rektor olanda tələbələrlə kobud rəftar edirdi. Mən Teatr İnstitutunda Tələbə Həmkarlar Təşkilatının sədri idim, rəhmətlik Tofiq İsmayılov isə komsomol təşkilatının katibi idi. Günlərin birində Rahib Hüseynov qərar verdi ki, bığlarınızı qırxın. Deyirdi ki, aktyorda bığ olmamalıdır. Mən, Muxtar Maniyev və digər tələbə yoldaşlarımız bığımızı qırıxdırdıq, Həsən qırxdırmadı. Ona görə deyirəm ki, ciddi və bir az da tərs adam idi.

Rahib Hüseynov dedi ki, instituta gəlmə. Rahibə söz də qaytardı, hətta rektoru söydü ki, sən kimsən mənə bığımı qırxdırasan? O zaman biz Həsənağaya həsəd apardıq. Bizə də dedi ki, Rahib kimdir onun sözünə qulaq asasınız. Lap saqqal da saxlayın (gülür). İllər sonra səksəninci illərdə Rahib Hüseynovu tutdular, on beş ilə yaxın iş verdilər. 

Həsənağa çox ciddi adam olsa da, davakar deyildi, institutda heç kimlə davası düşməzdi. Onun ən yaxın dostlarından Fazil Bayramov var idi. Eyni kursda oxuyurdular. Arif Qazıyevlə də arası pis deyildi.

Adil İsgəndərov kinostudiyanın direktoru idi. Orada gənc aktyor kursu yaratmışdı. Arif Qazıyev, Həsənağa Turabov həmin kursa gedirdi. Televiziyadan Rauf Kazımovski. Ağəli Dadaşov onları aktyor kimi dəvət etməyə başlamışdı. Tamaşalara çəkilirdilər. İnstitutdan sonra "Azdrama"da işə başladı və direktor vəzifəsinə qədər yüksəldi.

Tələbəlikdən sonra Turabovla elə də yaxın əlaqələrimiz olmadı. Düzdür, bəzən yolda rastlaşanda maşını saxlayırdı, iş yerimə qədər aparırdı. Köhnə model "Mercedes"i var idi.

Günlərin birində televiziyaya gəldi, dedi ki, oğlum Mədəniyyət və İncəsənət Universitetini bitirir, onu işə düzəltmək istəyirəm. Daşqını dövlət televiziyasında rejissor köməkçisi kimi işə düzəltdim. Amma Daşqın bu sahədə elə də uğurlu olmadı və hüquq-mühafizə orqanlarına işə düzəldi. Özüm də Həsənağaya demişdim ki, Daşqın bu sahəni sevmir. Altı aydan sonra işdən çıxdı. Daşqın zahirən çox yaraşıqlı adam idi. O, 1997-ci ildə balıq qaçaqmalçıları ilə atışmada həlak oldu. Ondan sonra Həsənağa düşdü. 

Həsənağanı o hadisədən uzun müddət sonra gördüm.  Bir az yaradıcılıqdan danışdıq, xeyli sınıxmışdı. Dedim ki, teatra televiziya ünsürlərini gətirmək lazımdır, daha maraqlı şeylər etməyə ehtiyac var. Həmin vaxt "Azdrama"da təmir gedirdi. Dedi ki, təmir yekunlaşsın, sonra baxarıq. 

Onun əsl adı Həsənağa idi, amma tələbə yoldaşlarımız arasında ona "Qasançik" də deyirdik. Özü də bundan incimirdi. Sonradan daha çox Həsən Turabov kimi məşhurlaşdı.

Paylaş:

Oxşar xəbərlər