Bakupress Milli İnformasiya Agentliyi

Bobikin şikayəti - Alleqorik hekayə

İlhamə DAĞLI

Həyətimizdə Bobik adlı totuq-motuq, ağız-burnu, qulaqları qara, üzü ağımtıl, halqaya oxşar, boynundakı ağımtıl zolaq çənəsinin altından tamamilə ağarıb qarnının altına kmi uzanan yupyumşaq tüklü, rəngi isə sarımtıl, sakit, heç kəsə dəyib-dolaşmayan, pişikləri qorxudan, qarğalara cuman, gəmiricilərin qənimi bir it var. Bu it təsadüf nəticəsində gəlib həyətimizdə məskunlaşıb. Gəldiyi ilk gündən həyət sakinləri ilə dostlaşmağa çalışıb. Ona adqoyma mərasimi də elə bizim həyətdə keçirilib. Heyvan altı-yeddi aylıq olmasına baxmayaraq o, adsız gözəl kimi ömür sürüb. O, həyətə gəldikdən bir müddət sonra binanın bir-neçə sakini toplaşıb heyvana ad qoymaq üçün məsləhət- məşvərət elədilər və belə qənaətə gəldilər ki, itin adı ya Toplan, ya da Bobik olsun. Nəhayət, Bobik adı itin rənginə uyğun olduğu üçün səs çoxluğu qazandı və o gündən ismi Bobik qaldı. 

Bobik hər gün özü üçün yeyib-içir, arada bir-iki ağız gəlib-gedən maşınlara hürür, yad pişikləri həyətdən qovur, quyruğunu o yan-bu yana yellədə-yeldədə gəzirdi. Bina sakini Ayla Bobikə xüsusi diqqət və qayğı göstərərək ona lazım olan iynələri vurdurub, qulağının birinə birka taxdırdı. Bir sözlə, Bobik bizim həyətdə bəzi sakinlərin xoşuna gəlməsə də yaşamağa başladı. 

Heyvanlar insanlardan daha həssas, daha çox duyumlu olurlar. Onlar insanları daha yaxşı tanıyırlar. Hər kəsin hansı münasibətdə olduğunu daha yaxşı anlayırlar. Bobik də belə heyvanlardan biridir. O da anlayır ki, onu məskunlaşdığı yerdə istəyənlər də var, istəməyənlər də. O da özünü onu istəməyənlərə sevdirməyə çalışır, onların qarşısında quyruq bulayır, hər bir hərəkəti ilə onları razı salmaq üçün əlindən gələni eləyir. Bəzən də olur ki, bir zamanlar Bobikə düşmən kimi baxanlar, vaxt keçdikcə yumşalır və itə qarşı nifrət yavaş-yavaş əriyir. Amma bu yumşalma yavaş-yavaş ərisə də bəzi buzlar öz soyuqluğunu Antraktidadan götürdüyü üçün necə varsa, eləcə də qalır. Mənə belə gəlir ki, həmin buzları Cənubi Afrikanın qızmar günəşi belə əridə bilməz, qalmışdı ki, bir dilsiz-ağızsız heyvanın isti münasibəti.

İsti yay günlərinin birində axşam qonşular binanın həyətindəki talvara yığışıb söhbət edirdilər. Bobik quyruğunu bulaya-bulaya talvarda oturan qonşulara bir-iki perfromans göstərib getdi. Səhəri günü: “iti gördüm” , deyən olmadı. Bir gündən sonra gecənin bir aləmində Bobik həyətə gəlib möhkəmdən hürməyə başladı. Hətta arada zingildəyirdi də. Xeyli hürdükdən və zingildədikdən sonra sakitləşib səsini kəsdi. Səhər yuxudan oyananda Bobikin yanında bir erkək it peyda olmuşdu. O, Bobikin üz-gözünü yalayaraq ona məhəbbətini etiraf edirdi. Bobik də bu halından və ona olan sevgidən çox məmnun idi. O da, həmin sevgiyə biganə qalmırdı. Arada çəhrayı dilini bayıra çıxarıb sevgilisinin üz-gözünü yalayır, qabaq əlləri ilə itin boynunu qucaqlayırdı. Yəqin, o, həmin gecə ilk dəfə idi ki, erkəklə təmasda olurdu, buna görə də gecə bərkdən hürüb, zingildəyirdi. Səhər isə hər şey tamam başqa idi. Hər şey gözəl idi. Bobik özünü nazlı gəlin kimi aparırdı. Arada sevgilisinə naz da eləyib üzünü yana çevirirdi. Amma bu çox çəkmirdi. Sevgilisi onun üz-gözünü, başını, boynunu, belini duz kimi yalayır, ondan mərhəmət istəyirdi. Bobik də sevgilisinin burnundan, ağzından yavaşca dişləyib məhəbbət oyunu oynayırdı.Bax beləcə Bobikin sevgi macəraları başladı. 

Bobik bu hadisədən sonra həyətdə öz sevgilisi ilə gəzib-dolaşırdı. Ona verilən yeməkləri sevgilisi ilə bölüşürdü. Sevgilisini həyətdən qovanda o, öz eşqinə sadiq çıxıb, yemək qoyulan qabı içi dolu ona aparırdı. Sevgilisi də onu yad insanlardan qoruyurdu. 

Günlərin bir günü səhər yuxudan ayılıb gördük ki, həyətə bir sürü it gəlib. Bu itlər yolun o tayında olan itlər idi. Onlar Bobikin gözəlliyini eşidib onun üçün elçi gəlmişdilər. Həmin itlər öz ata-analarını, nənə-babalarını da özləri ilə elçiliyə gətirmişdilər. Bunu görən Bobikin sevgilisi onlarla dalaşmağa başladı. Elçi düşən itlər elə Bobik yaşda bəlkə də ondan bir-iki bayram böyük olardı. Onlar Bobikə özlərini daha cavan, daha sağlam, daha gümrah, daha çevik olduqlarını göstərirdilər. Bobik isə onlara əhəmiyyət vermir, öz sevgilisinin yanından əl çəkmirdi. Cavan itlərin ata-anaları, nənə-babaları Bobiki öz yuvalarında gəlin kimi görmək, onların yuvalarını qoruyan, nəsillərini davam elətdrən, onlara özü kimi gözəl balalr bəxş etdirən bir itin olmağını istəyirdilər. Nənə-babalar Bobikin ilk sevgilisinin həddindən artıq qoca köpək, hətta onlarla yaşıd olduğunu deyirdilər. 

- Bobik qızım, ondan sənə ər olmaz. Gəl bizim sözümüzə qulaq as, peşiman olmazsan. Babnik çox qocadır, bizimlə yaşıddır, hətta bizdən də böyükdür. Dişləri də tökülüb. Onun sənə qədər çoxlu arvadı olub. Hamısını da beş-altı bala ilə atıb qaçıb. İndi də bu qoca köpək səni tapıb. Sən də yeniyetmə bir qız. Bunun yalançı nəvazişinə aldanmısan. O, bütün arvadlarının hamısını gecə özünə ram eləyib. Onların hürməyinə, zingildəməyinə baxmayıb, çalışıb onları əldə eləyib. Sonra da hərəsini bir dərədə atıb qaçıb. Ancaq biz sənə sahib çıxacağıq. Səni yuvamıza gəlin aparıb, isti yuva sahibəsi eləyəcəyik. Aclıq nədir bilməyəcəksən. Yanımızda çoxlu zibil qutuları var, bir az aralıda heyvan kəsirlər, istədiyin qədər yeməyin olacaq. 

Bobik öz köpəyinə necə vurulmuşdusa elçilərin heç bir sözü onun beyninə batmırdı. Onun gözündə öz köpəyi dünyanın bütün itlərindən daha gümrah, daha cavan, daha qüvvətli idi. O, gələn elçilərə dedi:

- Mən artıq öz seçimimi etmişəm. Babniklə evlənmişəm. Mənim bu həyətdə qalmağa yerim də, yuvam da var. İnsanlar mənə burda çox yaxşı baxırlar. Hər gün mənə cürbəcür yeməklər gətirirlər. Binanın sakini Ayla həm öz balaca iti Selenaya, həm də mənə vitaminli it yemi verir. Mənim yemim o qədər çox olur ki, Babnik də yeyir, yenə də artıq qalır. 

Elçilər Bobikin səhv düşündüyünü, gələcəkdə bunun üçün peşiman olduğunu dedilər: 

- Bobik, sən gələcəkdə çox peşiman olarsan. Bu qoca köpək sənin təcrübəsizliyindən, yetimliyindən istifadə edir. Bir azdan səni də hamilə vəziyyətdə atıb gedəcək. Heç vaxt gəlib balaları ilə maraqlanmayacaq. Bir az səninlə kef eləyib, yeminə şərik olacaq. Özünə təzə sevgili tapan kimi səni tərk edəcək. Bu insanlara da inanma, onlara etibar yoxdur. Sənin quduzlaşıb onları qapan vaxtın olacaq. O zaman onlar səni öldürəcəklər. Yaxud sənin hansısa bir hərəkətin onların xoşuna gəlməsə səni döyüb balalarına xəsarət yetirəcəklər. Sən gəl bizimlə get. Ürəyin hansı itlə istəsə onunla da qalarsan. Biz də sənə yaxşı baxarıq. Sənə fikirləşmək üçün bir həftə vaxt veririk. Özümüz də burda səninlə qalırıq. Qoca köpəyi də sənə yaxın durmağa qoymayacağıq. 

Bobik nə qədər çalışdısa elçilərini qova bilmədi. Fikirləşdi ki, bu mərdimazarlar hardan gəlib çıxdılar. Gözəl həyatımı zəhərə döndərdilər. Sevginin ləzzətini təzə-təzə hiss eləyirdim. Gəlişləri ilə də məni bu hissdən məhrum elədilər, sevgilimə həsrət qoydular. Yazıq sevgilim o gün bir sürü itlə mənə görə dalaşdı. Cavan erkəklər az qalmışdı sevgili köpəyimi öldürsünlər. Üz-gözünü qan içində elədilər. Araya girməsə idim onu öldürərdilər. Mənə təsadüfən xəsarət yerirməsinlər deyə, sakitləşdilər. Yaxşı ki, onlar küçədə dalaşdılar. Binanın həyətində dalaşmadılar. Yoxsa binadakılar bizim hamımızı həyətdən qovardılar. İndi mən nə eləyim? Bunlar burdan xoşluqla gedən deyillər. Sevgili köpəyim uzaqdan mənə baxıb köks ötürür. Mən də çox fərasətsizəm, əlimdən heç nə gəlmir, sevgili köpəyimi müdafiə edə bilmirəm. 

Binanın həyətində bir küncdə sıra ilə böyük zibil qutuları qoyulub. Bobikin elçiləri bir neçə gün həmin zibil qutularının içərisinə girib zibillərin içərisindən yem axtarır, arada yem üstündə bir-birini qırırdılar. Səs-səsə verib xorla hürməyi, hərdən xorun duetə keçməsi bina sakinlərini cana yığmışdı. Uşaqlar, körpələr itlərdən qorxurdular. Hətta bir gün qonşunun uşağı Anar həyətdə dondurma yediyi zaman itlərdən biri uşağın üzərinə tullanıb dondurmanı onun əlindən alır, bundan qorxan uşaq geri çəkilir və yerə yıxılır. Yıxılan zaman Anarın qolu sınır. Bundan sonra binanın sakinləri şikayət edib itləri həyətdən uzaqlaşdırırlar. Onların içərisində təkcə Bobik yox idi. Aparılan itlərin içərisində təzə sevgili Babnik də var idi. O gündən sonra həmin itlərin taleyindən, hətta Babnikdən Bobikin xəbəri olmadı. 

Babnikin məcburi aparıldığı gündən Bobik həyətdə pərişan gəzib-dolanırdı. Onsuz da kədərli olan gözlərinə dünyanın kədəri qonmuşdu. Heyvan heç kəslə oynamır, quyruğunu o yan-bu yana yelləmir, yeməkdən imtina edir, arada bir ulayırdı. Şər qarışan vaxtlarda həyətdən çıxıb Babniklə ilk dəfə görüşdüyü yerə gedir, orda tapmayanda ulayıb onu səsləyirdi. Bobikin ilk məhəbbəti elçilərinin ucbatından daşa dəydi. Sevgili köpəyindən birdəfəlik ayrıldı. 

Bobikin sevgilisi gedəndən bir neçə vaxtdan sonra heyvanın həyatına günəş doğmuşdu. O, tezliklə ana olacaqdı. Sevgili köpəyindən ona qalan ən gözəl xatirə bətnindəki yavruları idi. 

Günlər, həftələr, aylar keçdikcə Bobikin əl-ayağı ağırlaşmağa başladı. Heyvan oturub-dura bilmirdi. O qədər şişmişdi ki, daha nə pişiklərə cumurdu, nə qarğalara hücum eləyirdi, nə də yaxınlıqda uçulub-sökülən köhnə evlərin həyətlərindən gələn siçovulların gününü qaraya vururdu. Yavaş-yavaş doğuş vaxtı çatdı. İt ağır yükünü yerə qoydu. Onun üç balası oldu. Balaların ikisi doğuş zamanı tələf oldu, biri sağ qaldı. Heyvanın doğuşu çox ağır keçdi. Doğuşdan sonra balalarını duz kimi yalamağa başladı. Balalarının ikisinin tərpənmədiyini, ölü olduğunu görəndə Bobik insan kimi göz yaşları töküb ulayırdı. O dayanmadan gah o balasını, gah bu balasını yalayır, sanki onlara can verməyə çalışırdı. Balalarını həyata qaytarmaq üçün onları ağzında Ayla yaşayan blokun qarşısına götürüb sanki ondan imdad diləyirdi. Ayla küçüklərin öldüyünü görüb itə yazığı gəldi. Diri balanı itin yanına qoyub, ölüləri onun qarşısından götürdü. İt ölmüş balalarının yanına gedib xeyli yaladıqdan sonra onlardan aralanıb, diri balasının yanına qayıtdı və qabaq ayaqlarının arasına salıb onu hamıdan gizlətməyə çalışdı. 

Bobik ana olandan sonra hara gedir balasını arxasınca salır, ona ana qayğısı göstərirdi. Yenidən şıltaqlıq edir, quyruğunu bulayır, balasına da həmin hərəkətləri öyrədirdi. Balası da anası kimi çox gözəl bir küçük idi. Küçük erkək idi. Həyətdə Bobikə ad qoyanlar onun balasına Rodik adı qoydular. 

Havalar çox soyuq keçirdi. Bobik öz balası ilə Aylanın onun üçün düzəltdirdiyi yuvada xoşbəxt yaşayırdı. Gündüzlər həyətdə gəzib-dolaşır, axşam əl-ayaq çəkildikdən sonra yuvasına girib balasını əmizdirir, sonra da qabaq ayaqlarının arasına salıb, balasını soyuqdan-şaxtadan qoruyurdu. Belə günlərin birində qəfldən yuvanın ağzı bağlanır, Bobik və balası yuva ilə birlikdə həyətdə dayanan Qazel yük maşınına mindirilir və naməlum istiqamətə aparılır. Ana it yuvanın qapısı açılan kimi, balasını ağzına alıb qaçmağa başlayır. İtin qaçdığını görən iti aparanlar maşını heyvanın dalınca sürürlər. Heyvan məcbur olub əsas yoldan çıxıb daş-kəsək tökülmüş yolla qaçır. Ayağı daşa ilişən ana it yıxılır, balası ağzından çıxıb daşlara çırpılır. Körpə Rodikin başı kəsik daşlaraın iti yerinə dəyib qanlayır. Küçük zingildəyir. Bobik balasını yenidən ağzına alıb ağsaya-ağsaya daşlıqdan torpaq yola çıxır. Maşının gəlmədiyini görüb balasını ağzından yerə qoyur yarasını yalamağa başlayır. Küçüyün başının qanı dayanmaq bilmirdi. Heyvan getdikcə haldan düşürdü. Bobik nə edəcəyini bilmirdi. Yenidən balasını ağzına alıb yol boyu qaçmağa başladı. O, hara getdiyini bilmirdi. Qanaxma güclü olduğu üçün Rodikin həyatına qaranlıq çökürdü. Yavaş-yavaş küçüyün gözündə həyat sönməyə başlayırdı. Bobikin ağız-burnu körpə balasının qanına bulanmışdı. Heyvan başa düşürdü ki, balası ölür. O dayanmadan balasını yalayır, qanın dayanması üçün yaranın üstünə qabaq ayağını qoyub dayanır. Qan dayansa da, artıq gec idi. Babnikdən qalan yeganə yadigar anasının gözünün qarşısında canını tapşırır. Bobik ölmüş balasını yenidən ağzına alıb hara getdiyini bilmirdi. 

Bobikin balası ilə brlikdə qəfildən yoxa çıxması Aylanı, Arif kişini, Tehranı çox narahat edirdi. Həyətdən itin yuvasının nə vaxt kim tərəfindən aparılması müəmmalı qalmışdı. Nə itin hara getdiyi məlum idi, nə də yuvanın kim tərəfindən aparılması. 

Bobikin itməyindən bir həftə keçmişdi. Bazar günü günorta idi. Bobik ölmüş balasını ağzında götürüb blokun qarşısında yerə qoydu. Ulamağa başladı. Səsinə Arif kişi, Ayla eyvana çıxdı. Bobikin blokun qarşısında dayandığını gördülər. Ayla aşağı düşdü. Blokun ağzında Bobiki çox halsız vəziyyətdə çoxdan ölmüş balasına baxıb ağladığını gördü. Ayla itin bu halından çox təsirləndi. Heyvanın başını tumarladı. Tez evə qalxıb ona yemək götürdü. İt yeməyi yemədi. Ayla ölmüş küçüyü anasının gözünün qarşısından götürüb basdırdı. Heyvan balasının basdırıldığı torpağı eşib balasını ordan çıxarmağa çalışdı. Ayla iti balasının basdırıldığı yerdən kənarlaşdırdı, torpağın üstünə də daş qoydu. 

Bobikin gözlərində yenidən həyat eşqi sönmüşdü. O heç nə yemir, saatlarla balası basdırılan yerdə dayanıb ulayırdı. 

Aylanın Selena adlı 10 yaşlı bapbalaca qara rəngdə bir iti var di. Bu it o qədər balaca idi ki, elə bil pişik idi. Balaca olmağına baxmayaraq bayıra çıxan kim özündən böyük itlərə hürür, onların üzərinə cumurdu. Əvvəllər Bobikə də cumur, bapbalaca quyruğunu bulayırdı. Bobik isə müdrüklük edib ona hürmür, əksinə onunla oynamağa çalışırdı. Başqa itlər Selenaya hücum çəkəndə, Bobik Selenanı müdafiə edir, itləri qara qızın yanından uzaqlaşdırırdı. Düzdür, onların arasında yaş fərqi çox olsa da, Bobik Selena dostluğu yarandı. 

Bina saknlərinin bəziləri evlərində müxtəlif cinsli itlər saxlayırdılar. Bir qonşunun bapbalaca çibuşu var idi. Çibuşun adı Masya idi. Bu çibuş da qızılı rəngli dişi it idi. Çibuşun yiyəsi hər gün çibuşuna çürbəcür rəngli paltarlar geyindirr, başını darayır, rəngbərəng saç rezinləri ilə uşaq saçı yığan kimi itin də başının tüklərini altı-yeddi yerdən yığırdı. Hər gün qucağında onu götürüb şəxsi avtomobilinə mindirib özü ilə aparırdı. Gələndə də eyni qayda ilə qucağında avtomobilin qapısını bağlayıb evinə gedirdi. Masya Bobiki görəndə yiyəsinin qucağından tullanıb Bobikin yanına qaçır, onunla oynamağa başlayırdı. Ancaq bu çox nadir hallarda olurdu. Masyanın yiyəsi onu qucağından yerə qoymur, uşaq kimi çibuşu qucağında gəzdirirdi. 
Bobikin balası öləndən sonra Selena öz dostunun kədərini başa düşür, bayıra çıxan kimi dostunun yanına qaçıb ona ürək-dirək verirdi. Bir gün yenə Selenanı Ayla havaya çıxardı. Selena səkinin kənarında kədərli oturan Bobikə yaxınlaşıb onunla söhbət eləmək istədi. Bobik ilk dəfə idi ki, başına gələn faciələri dostuna danışdı: 

-Eh, Selena! Sən bilsən ki, mənim başıma necə faciələr gəlib, oturub ağlayarsan. Mən dünyaya gözümü sökülən evlərin dağıntıları altında açmışam. Anam deyirdi ki, bizim burda isti yuvamız var idi. Ev sahibi həyətdə çoxlu toyuq-cücə saxlayırdı. Pişiklər, hətta tülkü də bizim həyətə toyuq-cücəyə görə dadanmışdı. Ev sahibi də anamla atama həyətdə yuva düzəldir onları həmin yuvada saxlayırdı. Onlara yaxşı qulluq edir, yeməyini, dərmanını vaxtını gecikdirmirdi. Anamla atam da həyət-bacanı qoruyur, yad heç kimi içəri buraxmırdı. Ev sahibinin bir dostu var idi. O dəfələrlə sahibimizdən ya atamı, ya da bizlərdən birini istəmişdi. Ev sahibi isə mütləq bizim birimizi ona verəcəyinə söz vermişdi. Bir gün gördük ki, ev sahibi toyuq-cücələrinin hamısını yığıb satdı, beş-altısını da kəsdi. Sabahı günü ev yiyəsinin dostu həyətə gəldi, atamla anam onu həyətə buraxmadılar. Evin sahibi bayıra çıxıb ata-anamı sakitləşdirdi. O, qonağı bizim yanımıza gətirdi. Qonaq bizə yaxınlaşıb tumarladı və atama tərəf keçib onu da sığallamağa başladı. Atam və anam artıq sakitləşmişdilər. Qonaq bizə dadlı it yemi gətirmişdi. Biz hələ çox balaca idik, ana südü içirdik. Ancaq buna baxmayaraq anamız bizə həmin yeməklərdən dadmağa icazə verdi. Biz həmin yemi yedikdən sonra ağzımızın dadını bildik. Artıq ana südündən imtina eləyrdik. Anamız isə bizə məcburi süd verib sağlam böyüməyimizi istəyirdi. 

Qonaq bir neçə gün dostunun evində qaldı. Qaldığı günlərdə ata-anama və bizə yemi o verirdi. Artıq ata-anam onu tanıyır, daha ona hürmürdülər. O, bizi də qucağına götürüb başımızı tumarlatır, bədənimizi qıdıqlayır, bizimlə oynayırdı. Qonaq bir gün yenə bizim yanımıza gəldi. Atamın başını sığallayıb onu çöl qapısına tərəf apardı və bayıra çıxarıb qapını örtdü. Anam həyətdə bizi əmizdirdiyi üçün atamın dalınca küçəyə çıxmağa macal tapmadı. Qapı yerdən bir qarış aralı olduğu üçün mən qapının aşağısından bayıra çıxdım. Orda polad məftildən hazırlanan evcik kimi tələ gördüm. Qonaqla ev sahibi tələyə yem tullayıb atamı ora saldılar. Atam əvvəlcə nə baş verdiyini anlamadı. Biləndə isə artıq gec idi. O hürməyə başladı. Hətta çırpınıb tələdən çıxmağa çalışdı, ancaq gec idi. Tələ maşına qoyuldu. Yazıq atam maşına minəndə də o yan bu yana çırpınıb çıxmağa çalışdı, ancaq ona əhəmiyyət verən olmadı. Bizimlə yalandan dostluq eləyən qonaq atamı bizim əlimizdən alıb birdəfəlik getdi. Mən həyətə girib anama gördüyüm hadisəni danışdım. Anam qapının ağzında nə qədər hürüb atama kömək eləmək istədisə də qapıdan çölə çıxa bilmədi. Maşın gedəndən xeyli sonra ev sahibi anamı və bizi yuvaya salıb bağladı.Anam bir az hürdükdən sonra bizi bağrına basıb sakitləşdi. Artıq ev yiyəsi bizə əvvəlki kimi baxmır, yadına nə vaxt düşürdü yemək verirdi. Bəzən elə olurdu ki, axşama kimi evdə olmurdu biz ac qalırdıq. Ancaq ana südü ilə qarnımızı doydururduq. Bir gün həyətə bir neçə kişi gəldi. 

Ev yiyəsi yenə bizi yuvaya salıb bağladı. Yuvanın dərmə-deşiyindən həyətdə nə baş verdiyinin hamısı görünürdü. Kişilər evdən bütün əşyaları küçəyə daşıyırdılar. Əşyaların hamısı küçəyə daşındıqdan sonra, ev sahibi yuvanın qapısını açdı və bizə sonuncu dəfə yem verib getdi. Gedəndə küçə qapısını da açıq qoydu. Biz sərbəst küçəyə çıxıb, yenidən həyətə qayıdırdıq. Ev sahibi köçəndən sonra bizə yem verən olmadı. Anam bizi arxasınca salıb çöl-bayırda yem axtarırdıq. Bir tikə yem tapan kimi anam özü yemir, həmin yemi bizə yedirdirdi. Axşam düşən kimi gəlib yuvamızda yatırdıq. Bir gün bacılarım xəstələnmişdilər. Gəzməyə taqətləri yox idi. Anam onların yanından tərpənmir, onları yalayır, nəvaziş göstərir, döşünə salıb əmizdirirdi. Mən yem axtarmaq üçün çölə çıxmışdım. Birdən həyətə böyük bir buldozer gəldi. O, həyətin hasarını uçurtmağa başladı. Həmin hasarın dibində bizim yuvamız var idi. Anam buldozerin səsini eşidib bacılarımı ordan çıxartdı. Buldozerçi yuvada anamı və bacılarımı görəndə işini saxladı. Anam yuvanı tamamilə boşaltdıqdan sonra buldozerçi işə başladı. Hasarın ilk daşı bizim yuvamızın üstünə düşüb onu dağıtdı. Anam xəstə bacılarımı da götürüb həyətdən qaçdı. Biz qonşuluqda uçulub-dağılan yiyəsiz evin birinə yığışdıq. Bacılarımın vəziyyəti getdikcə ağırlaşırdı. Anam lap başını itirmişdi. Bilmirdi nə eləsin. Xəstə balaları necə qoyub yem dalınca getsin. Onları qoyub getsə birdən gəlib bizim yerimizi dağıdarlar, balaları ordan çıxa bilməz. Biz dağılmış evə yığışandan bir gün sonra güclü külək əsməyə və ildırım çaxmağa başladı. Hər yeri sel-su basdı. Onsuz da xəstə və ac olan bacılarımın vəziyyəti daha da pisləşdi. Anam dağılmış daşların altında bir balaca quru yer tapıb bizi ora apardı. Yağışdan qorunduğumuz yer çox təhlükəli idi. Daşlar hər dəqiqə uça bilərdi. Yağış və külək getdikcə şiddətlənirdi. Mən ildırımdan və küləkdən qorxub anama sığınmışdım. İldırım çaxdıqca elə bil ki, ətrafa ölüm səpirdi. Güclü yağışın hər bir damlası yurd-yuvası olmayanlara fəlakət gətirirdi. Mən ilk dəfə idi ki, belə bir fəlakətlə üzləşirdim. Rahat həyatımıza zəhər qatılmışdı, isti yuvamız, mehriban ailəmiz paramparça olmuşdu. Həyətə gələn uğursuz qonaq bizə bədbəxtlik gətirdi. Əvvəlcə bizi atasız qoydu, yuvamız dağıldı, sonra da bacılarım xəstələndi. 

Küçələri sel yuyub aparırdı. Yağışdan gizləndiyimiz yeri də su basırdı. Anam bizi ordan çıxardıb daha təhlükəsiz yerə aparmaq istədi. Əvvəlcə məni çıxardıb doğulduğumuz həyətə apardı. Orda toyuq hininin bir tərəfi uçsa da, digər tərəfi dağılmamışdı. Məni hinin quru hissəsinə qoyub bacılarımın dalınca getdi. Onları gizlətdiyi yerdən çıxarmaq istəyəndə laxlayan daşlar anamın və bacılarımın üstünə tökülür. Nə anam, nə də bacılarım daşların altından çıxa bilməyib dünyadan köçdülər. Mən toyuq hinində təkcə qorxurdum. Hər dəfə ildırım çaxanda mən o dünyaya gedib-gəlirdim. Qorxudan bütün bədənim əsirdi. Anam isə gəlmək bilmirdi. Səhərəcən anamı gözlədim. Səhər açılanda yağış kəsdi, külək dayandı. Mən hindən çıxıb anamın yanına getdim. Bir-iki ağız zingildəyib anamı çağırdım. Anam isə mənə hay vermədi. Mən onların olduğu yerə gedəndə əzizlərimi al qan içində daşların altında öldüyünü gördüm. Onları daşların altından çıxarmağa gücüm yox idi. Bir-neçə saat onların yanında qaldım. Sonra adam səsi eşidib dayandığım yerdən adamların yanına gedib kömək istədim. 

İnsanlar mənim nə dediyimi anlamırdılar. Onları başa salmaq mənim üçün də çox çətin idi. Axırda birinin şalvarının ətəyindən tutub anamgil olan yerə dartdım. Həmin adam mənimlə gəldi. O, ana və bacılarımın daşların altında qaldığını görəndə yoldaşlarını köməyə çağırdı. Yoldaşlarının köməkliyi ilə mənim əzizlərimi daşların altından çıxardılar. Çox təəssüf olsun ki, doğmalarımın heç biri sağ deyildi. şalvarını dartdığım kişinin mənə rəhmi gəldi. O, özü üçün nahara götürdüyü yeməyin yarısını mənə verdi. Mən həmin yeməyi yeyib kişilərin yanında qalmaq istədim. Fəhlələr evləri buldozerin qabağına qatıb darmadağın elədikləri üçün məni həmin yerdən uzaqlaşdırdılar. O gündən mənim sərgərdan həyatım başladı. Orda-burda qorxa-qorxa, gizlənə-gizlənə qalmağa başladım. Onun-bunun artıqqalmışını yedim, amma ölmədim, sağ qaldım. “Yetimin də Allahı olar” - deyiblər. Bir gün də mənim qarşıma xoş, mehriban bir qız çıxdı. Mən ona yaxınlaşdım, onu qoxulamağa başladım. Hiss elədim ki, bu adam heç vaxt qəddar, zalım ola bilməz. Onun əlindəki salafan paketin içindən mənə doğma olan bir ətir gəlirdi. Həmin ətir atamı aparan qonağın bizə ilk dəfə verdiyi yemin ətri idi. Başa düşdüm ki, bu qız məni yanından qovmaz, məni ac buraxmaz. Onun ayaqlarına düşüb quyruğumu yellədim. Həmin qız mənə salafan paketdən yem çıxarıb verdi. Mən doyunca o yemi yedim. Qıza təşəkkür etmək üçün yenidən ayaqlarına düşüb quyruğumu yellədim. Qız da mənim boynumu, başımı tumarlayıb gedəndə mən onun arxasınca düşüb bura gəldim. Qız onun arxasınca düşüb gəldiyimi görəndə, nəinki məni qovdu, hətta mənimlə mehriban rəftar elədi. O gündən burda qaldım və həmin qızın sənin kimi şirin bir iti olduğunu öyrəndim. Selena, sən çox xoşbəxtsən ki, o cürə sahibin var. Mən isə avara-sərgərdan qalmışam küçələrdə. 

Bobikin hekayətini dinləyən Selena da öz həyatını dostuna danışmağa başladı:

-Eh, Bobik! Sən mənə xoşbəxt deyirsən. Amma bil ki, mən də xoşbəxt deyiləm. Doğrudur, Ayla mənə çox yaxşı baxır, heç nədən korluq çəkmirəm. İsti yorğan-döşəkdə yatıram, cürbəcür geyimlərim var, yeməyim bol, vaxtında müayinədən keçirəm, xəstələnən kimi müalicə olunuram, bir sözlə, it kimi yaşamağa nə lazımdırsa hər şeylə təmin olunmuşam. Ancaq yenə xoşbəxt deyiləm. Bilirsən niyə xoşbəxt deyiləm? 

-Niyə?
-Ona görə ki, doğulduğum evin sahibi balaca olanda məni ailəmdən ayırıb satdı. O zaman mən anama çox bağlı idim. Ondan ayrılmaq mənim üçün çox ağır idi. Satılandan sonra təzə yerimə öyrəşə bilmirdim. Anam üçün çox darıxırdım. Hər gün ağlayırdım. Saatlarla pəncərə önündə dayanıb yollara baxırdım. Fikirləşirdim ki, nə vaxtsa anamı uzaqdan da olsa görərəm. Ancaq anamdan xəbər yox idi. Satıldığım adam məni bir müddət saxlayandan sonra mənim ahu-zarımdan bezib Aylanın anasına bağışladı. O da məni gəmi ilə bura gətirdi. Doqquz ildir burda qalıram. Yaşadığım bu müddət ərzində bir gün də olsun anamı unutmadım, onunla haçansa görüşəcəyim ümidilə yaşadım. Hətta sahbim məni özü ilə tanımadığım yerlərə səyahətlərə aparanda da gözlərim anamı, doğmalarımı axtarırdı. Kim bilir, bəlkə də anam dünyasını çoxdan dəyişib. Hal-hazırda on yaşım var. On ildir tək yaşayıram. Heç vaxt erkəklərlə təmasda olmamışam. Bir gün pəncərədən bayıra baxanda erkək bir it bizim pəncərəmizin qarşısında dayanıb mənmlə danışmağa başladı. Ondan çox xoşum gəldi. 

Ona qarşı məndə xoş hisslər yarandı. Onu görəndə az qalırdım özümü pəncərədən atım. Pəncərənin şüşəsi qarşımızı bir sədd kimi kəsib bizi bir-birimizə qovuşmağa qoymurdu. Mən belə vaxtlarda pəncərə qarşısında dayanmadan hürür, balaca quyruğumu tərpədir, qabaq ayaqlarımı qaldıraraq arxa ayaqlarım üstə dayanır və yenidən qabaq ayaqlarımın üstünə düşüb pəncələrmi bir neçə dəfə yerə çırpırdım. Ən pisi o idi ki, evə qonaq gəlsin. Həmin vaxt hürməyim evdəkiləri narahat edir, səs-küydən ağız deyəni qulaq eşitmirdi. Sahibim bir gün məni hava almağa həyətə çıxarmışdı. Ayaqlarım batmasın deyə o məni qucağında tutmuşdu. Mən də sakitcə gəlib-gedənə tamaşa edir, arada xoşum gəlməyən adamları görəndə bir-iki ağız hürüb sakitləşirdim. Sən demə, sevgilim də həyətdə imiş. Mənim səsimi eşidən kimi bizə tərəf qaçdı. Mən onu görən kmi sahibimin qucağından özümü yerə atıb sevgilimə tərəf qaçmağa başladım. Həmin vaxt ayağım sındı. Ancaq mən ayağımın ağrısına əhəmiyyət vermədən sevgilimə qovuşmağa tələsirdim. 

Pərvanə sevgilisi şama görə onun ətrafında fırlanıb ona qovuşmaq üçün özünü oda atdığı kimi, mən də ayağım qan içndə sevglimin yanına qaçırdım. Sevgilim məni qan içində görüb üz-gözümü, başımı, qanayan ayağımı yalamağa başladı. O, məni yaladıqca bütün ağrı-acını unudur, özümü dünyanın ən xoşbəxti sanırdım. Ancaq bu xoşbəxtliyin ömrü uzun çəkmədi. Sahibim ayağımın qanadığını görüb məni aparmağa gəldi. Sevgilim məndən ayrılmaq istəmirdi. Sahibim məni qucağına almaq istəyəndə o, Aylaya hürməyə başladı. Onu yaxına buraxmadı. Mən üç ayağım üstə dayanıb sevgilimin boğazının altına keçib onun boyun-boğazını qoxuladım və dişlərimlə yavaşca onu dişlədim. Bundan sonra hürməyib sakit dayandı. Ayla məni qucağına alıb həkimə apardı. Həmin gecə mən ağrıdan yata bilmədim. Səhəri gün ağ xalatlı həkim mənə bir iynə vurdu. Mən həmin saat yatdım. Ayilanda isə qarnımda dəhşətli ağrı hiss eldim. Axı mənim ayağım sınmışdı, qarnıma heç nə olmamışdı. Bəs qarnım niyə belə ağrıyır?! Bir-iki gün ayağıma və qarnıma iynə-dərman vurulandan sonra evə gəldim. Xəstə olduğum üçün bütün günü yatırdım. Bu minvalla on gün yatdım. On gündən sonra hər gün pəncərə önündə dayanıb sevgilimin yolunu gözləyirdim. Gözüm yollarda qalmışdı, amma o gəlmirdi ki, gəlmirdi. Bir dəfə həyətə düşəndə həyətin iti Cemadan sevgilimi soruşdum:
- Cema, Şariki görməmisən?
- Bəs bilmirsən?
-Nəyi bilmirəm? Mən on gündən çoxdur xəstəyəm, evdə yatıram. Nə olub ki?
-Şariki elə on gün olar ki, həyətdə maşın vurub öldürdü.
-Sən nə danışırsan?

-Hə, düz sözümdür. Sənin ayağın sınan günü sahibin səni maşına mindirib aparanda Şarik sizin maşının dalınca qaçırdı. Qəfldən yan tərəfdən bir maşın çıxıb Şariki vurdu. Yazıq Şarik elə zingildədi ki, səsinə camaat yığışdı. Sürücü heç maşından da düşmədi, heç nə olmamış kimi də maşınını sürüb getdi. Ləman taksi çağırıb onu xəstəxanaya aparmaq istəsə də artıq gec idi. Şarik ölmüşdü. Ləman Şarikin meyidini götürüb yolun o tayında torpaqlıqda basdırdı. 

Mən Cemanın dediklərini eşitdikcə dünya gözümdə qaralırdı. Elə bildim göylər üstümə gəlir. Batmaqda olan günəşn al şəfəqləri əjdahanın alovuna dönüb məni başdan-ayağa bürüyürdü. Mən bu alovların içində yanıb-yanıb kül olurdum. Kül olduqca içimdən acı bir fəğan qopurdu. Şarikimin mənə görə ölməyi sönməyən bir atəş olub içimə doldu və bu atəşin alobu heç vaxt səngimədi.

Selena başına gələn faciələri Bobikə danışdıqca gözlərinin yaşı sel kimi axırdı. O ayağı sındığı zaman qarnından da əməliyyat olmağının səbəbini isə çox sonralar başa düşmüşdü. Selena heç vaxt ana ola bilməyəcəkdi. Bu onun yaralı qəlbini bir az da yaralamışdı. 

Bobik Selenanın həyat hekayəsini eşidəndən sonra onu ancaq bir şey düşündürdü. Axı niyə biz heyvan olaraq dünyaya gəlmişik?! Axı biz də canlıyıq. Biz də yaşayırıq. Bizim insandan fərqimiz elmi şüurumuzun və nitqimizin olmamasındadır. Axı niyə bizim ixtiyarımız öz əlimizdə deyil?! Niyə insanlar bizi incidirlər, niyə ovçular körpə balası olan heyvanların canına qıyırlar, qanını töküb, balalarını yetim qoyurlar? Axı südəmər balalar da anasız böyüyə bilmirlər. Niyə insanlar bizi sevdiklərimizdən ayırırlar, niyə, niyə?! Heyvansevər insanlar öz evlərində müxtəlif ev heyvanları saxlayırlar. Onlar min cür naz-nemət içində olsalar da, yenə də xoşbəxt deyillər. Çünki əzizlərindən ömürlük ayrı yaşamağa məhkum olublar. Mənim kimi heyvanlar isə azaddır. Hara istəyirik gedirik, harda istəyirik gəzirik, bizi heç kəs zəncirləyib bir küncdə bağlamır. Ancaq hava soyuyanda özümüzə isti yuva axtarırıq, tapmayanda qarda, yağışda, şaxtada buz kimi yerdə yatır, zibil qutularını axtarıb özümüzə ac qalmamaq üçün yem axtarırıq. Tapdığımız yemlər də qarın-şaxtanın altında qaldığı üçün donur. Biz də məcbur olub buzlu yeməkləri yeyirik. Xəstələnəndə həkimimiz olmur. İnsanların arasında da belə fərqlər var. Afrikada yaşayan qara dərili insanlar bizdən fərqlənmir. Ordakı kasıblar xəstəlikdən, acından ölür, varlılar isə onları adam yerinə qoymur. Səfalətdən, aclıqdan, müharibələrdən əziyyət çəkən insanlar yurd-yuvalarını qoyub tufanda, küləkdə, fırtınada qayıqlara doluşub okean yolu sakit yerlərə qaçırlar. Qaçdığı yerlərdə də onları qəbul eləmir, ölkələrinə buraxmırlar.
Bu yerdə şair Baba Pünhanın satirası yadıma düşür: 

İtim, gəl dur yanımda
Gəl başına dönüm də.
Sən Pünhanın günündə,
Pünhan da it günündə. 

Bizim insanlardan bir-neçə fərqimiz var. Biz heç vaxt paxıl olmuruq, var-dövlət həvəskarı olmuruq, sədaqətli oluruq. Heç vaxt öz sahibimizə naxələf çıxmırıq. Ancaq bəzi insanlar öz valideynlərinə naxələf övlad olur, ata-ananı döyür, əzizlərinə, yaxınlarına paxıllıq edir, mal-mülk üstündə canlara qıyılır, qanlar tökülür. Bu heyvanlar, bu insanlar...

Yolun o tayında - bizim binanın qarşısında ömrünü tapşırmaqda olan məhəllələr və yastı-yapalaq həyət evləri var. Bir gün eyvandan həyətə baxanda həmin məhəllələrdən uşaqlar bir sürü küçə itlərini qova-qova gətirib bizim həyətə buraxdılar. Bobik bu itləri görən kimi onlara hürməyə başladı. Nə qədər cəhd elədisə onları həyətdən qova bilmədi. Elə itlərə də bu lazım idi ki, həyətdə qalıb Bobikin yeminə şərik olsunlar. İtlərin həyətə doluşduğunu görən bina sakinləri Bobiki gözümçıxdıya saldılar. Onlar belə düşünürdülər ki, həyətə itləri Bobik gətirib. Mən Bobikin günahsız olduğunu, itləri həyətə qarşı məhəllənin uşaqları gətrdiyni desəm də, onlarda heyvana nifrət olduğu üçün öz bildiklərini söyləyirdilər: “Bobik lap qudurub, özünün qalmağı az idi, indi də qohum-əqrəbasını başına yığıb”. Bobik həyətdə yaranan vəziyyətdən çox narahat idi. O, məhəllədən həyətə doluşan itlərə hər gün yalvarırdı:

-Ey Allahın heyvanları, sizdən xahiş edirəm, burdan çıxıb gedin. Sizin bura gəlişiniz mənim üçün problemlər yaradıb. Sizə görə hər gün üzüm danlanır. Əgər siz də elçilərimin, sevgili Babnikimin taleyini yaşamaq istəmirsinizsə, tezliklə buranı tərk edin. Yoxsa bir gün hamınızı maşına doldurub apararlar. Bax, onda heç nə eləyə bilməzsiniz. Nə qədər tezdir burdan uzaqlaşın. Mən bu acını görmüşəm, sizin də acı çəkməyinizi istəmirəm. Biz eyni taleli itlərik: avara-sərgərdan. Düzdür, neçə vaxtdır burda qalıram, sakinlərin verdiyi müxtəlif yeməklərlə dolanıram. Ancaq təhlükə hər zaman üzərimdədir. Körpə balamla yuvamda yatdığım yerdə bizi yuvaqarışıq apardılar. Balamı götürüb qaçanda balam daşlara çırpılıb öldü. Sonra Ayla mənim üçün təzə yuva düzəltdirdi. Ancaq mən bir dəfə də olsun, o yuvada yatmamışam. Mənim elə yuvalara nifrətim var. Gecə-gündüz iyirmi dörd saat həyəti yadlardan, siçovullardan qoruyuram, amma yenə də məni burdan qovmaq istəyirlər. Doğulacaq balalarım bina sakinlərini narahat eləməsin deyə, məni əməliyyat yolu ilə analıqdan məhrum elədilər. Bütün bunlara dözürəm. Sizin bura gəlişiniz mənim həyatımı cəhənnəmə döndərib. Nə qədər tezdir, gedin burdan.

Bobik gələn həmcinslərinə yalvarib-yaxardısa da, həmcinsləri həyətdən getmədilər. Hətta bir ağ tüklü itin gözü Bobikə düşmüşdü. İmkan düşən kimi Bobiki yanlayır, onunla sevişmək istəyirdi. Bobik isə sevimli köpəyi Babnikinə sadiq qalaraq heç bir köpəyi yaxınına buraxmırdı. 

Şənbə günü idi. İtlər həyətdə gəzib dolaşırdılar, hətta qohum-əqrəbalarını itli-küçüklü də yanlarına gətirmişdilər. Balaca toppuş küçüklər həyətdə dolaşır, analarını yanlarında görməyəndə Bobikin döşünü əmirdilər. Bobik onları nəinki qovur, hətta ana nəvazişi ilə dili ilə yalayırdı. 

Elə bu zaman həyətə böyük bir maşın gəldi. Bu maşına küçə itlərini yığırdılar. Maşındakılar xüsusi geyimdə və əllərində itləri tutmaq üçün qutuya bənzər tələlər var idi. İtləri zərərsizləşdirənlər bütün itləri həyətdən tutub maşına apardılar. İtlərin hürüşməsi həyəti başına götürmüşdü. Səsə Ayla da eyvana çıxmışdı. İt aparanlar ən sonda Bobikə qorxudan sığınan balaca küçükləri və Bobiki aparanda Bobik dayandığı yerdən tərpənmədi. O, küçükləri təhlükədən qorumaq üçün əllərində qutu onlara yaxınlaşan adamlara hürməyə başladı. İt aparanlar Bobikə əhəmiyyət verməyib qutunun üstündə olan düyməni basıb qutunun ağzını açdılar və yenidən digər düyməni basıb qutunun içərisindən plastik materialdan hazırlanmiş maqnit kimi heyvanı cəzb eləyən qutunun dili çıxdı. Həmin dil Bobikə sığınan küçükləri və Bobiki özünə tərəf çəkməyə başladı. O, nə qədər çalışsa da, küçükləri və özünü lənətə gəlmiş qutudan azad edə bilmirdi. Heyvan gücü çatdıqca müqavimət göstərsə də, bu qutunun qarşısında çox aciz qalmışdı. Qutu küçükləri özünə tərəf tamamilə çəkib bağlandı. Bobikə yer olmadığından onu qutuya sala bilmədilər. Bobik küçüklərə görə elə hürürdü ki, sanki fəryad qoparırdı. İt aparanlar küçükləri maşına qoyub Bobiki tutmağa gələndə, Ayla onlara yaxınlaşıb Bobikin təhlükəsiz olduğunu, bütün iynə-dərmanlarının vurulduğunu, hətta qulağında yoxlamadan keçmə nişanının olduğunu da göstərdi. Bundan sonra itləri aparanlar maşına minib həyətdəki bütün itləri apardılar. 

Hətta Bobikdə yenidən analıq hisslərini yaşadan toppuş küçükləri də. Maşın gedəndən sonra Bobik üzünü binaya tərəf tutub ucadan ulamağa başladı. Bu ulamağın içində bir hayqırtı var idi. Bu ulamağın içində bir sızıltı var idi. Sanki insanlara deyirdi: 

-Ey insanlar! Siz ən uca məqamda, insan kimi yarandınız. Biz isə canlı olsaq da insan kimi uca məqamda deyil, heyvan kimi dünyaya gəldik. Sona kimi də biz heç vaxt insandan yüksək ola bilməyəcəyik. Axı bu bizim günahımız deyil ki, dünyaya heyvan olaraq gəldik. Heyvan olsaq da sizin həyatda yaşamağınız üçün biz heyvanların nə qədər əhəmiyyətli olduğunu çox yaxşı bilirsiniz. Siz evinizdə rahat yatanda biz sizi təhlükədən qoruyuruq. Evinizin bütün günü qarovulçusu oluruq. Çətinə düşəndə birinci yardımçınız biz oluruq. Suda boğulanı sudan çıxarırıq, qar uçqununda qalanı uçqundan xilas edirik, yanğın zamanı özümüzü alovların içnə atıb siz insanları od-alovdan azad edirik. Biz bacardığımız nə varsa sizin rahatlığınız üçün eləyirik. Sizə sadiq qalırıq. 

Ancaq siz nə edirsiniz? Siz günahsız körpə balaları analarından ayırırsınız, balalarımızı istədiyiniz dost-tanışlara hədiyyə edirsiniz. Yatdığımız zaman bizi maşınlara yığıb aparırsınız, dayandığımız yerdə heç bir günahımız olmadan başımıza, bədənimizin müxtəlif yerlərinə daşla, təpiklə vurub bizi incidirsiniz. Axı siz insansınız! Sizin heyvanlara elədikləriniz insanlıq adına yaraşmır. Mən başa düşürəm ki, sizə zərər verənlərdən qurtulmaq lazımdır. Necə ki, insanların özləri də zərər verəndə onları cəzalandırırlar. Ancaq biz insan deyilik, sizin kimi nə elmi şüurumuz, nə təfəkkürümüz, nə də nitqimiz var. Biz heyvanıq, bizim canımız var. Siz heyvanlarla şüursuz heyvan kimi deyil, şüurlu insan kimi davransanız, sizin insanlığınızla, bizim heyvanlığımız seçilər. Çalışın insan olun! 
 

Paylaş:

Oxşar xəbərlər