Bakupress Milli İnformasiya Agentliyi

Dağ vüqarlı sənətkar-VİDEO

Azərbaycan incəsənətində özünəməxsus, seçilən, barmaqla sayılacaq, əsl qiraətçilərdən, magikanlardan biri də Respublikanın əməkdar artisti, Mədəniyyət və İncəsənət Universitetin müəllimi Ağalar müəllim Bayramovdu. Böyük sənətkar həmişə haqqın, ədalətin çarçısıdı. Dərs dediyi tələbələrinə də doğruluğu, dürüstlüyü, düzgünlüyü, aşılayır. Ürəyinin Qarabağ yanğısını, qəlbinin yurd həsrətini qiraət etdiyi şeirlərlə tam olmasa da bir az ovuda bilir. Yalnız təsəllini sözlə tapır. Sanki şeir deməklə ürəyinin üstündən ən ağır yükü atmış olur. Dərdlilər dərdini suya danışdığı kimi, Ağalar müəllim də özünə ən yaxın sirdaş sözü bilib. Şad günündə də, çətin günündə də sözə arxalanıb, sözə mehrini, meylini salıb. Yalançıları, riyakarları, ikiüzlüləri, ifşa etməyi, onları ibrətamiz sözləri ilə yerində oturdub. Səhnəmizin dağ vüqarlı, sağikən ürəklərdə əzəmətli heykəli ucaldılmış Ağalar müəllimin şeir deməsi neçə ürəkləri riqqətə gətirir, qəlblərin sarı siminə toxunur. Ağalar müəllimin səsindəki kövrəkliyi Habil Əliyevin kamançasının sızıltısına, bir neyin naləsinə bənzədirəm. Yay ola, gözəl bir mənzərəli təbiətdə çayların həzin-həzin axması, bir yandan bülbüllərin cəhcəhi, bir yandan da Ağalar müəllimin şeir deməsi ola. İlahi, insanın beyni, ruhu necə sakitləşər. Təzə doğulmuş bir uşaq kimi saflaşarsan, qismən də olsa özünü dünyanın xoşbəxti sanarsan. Hər əlinə mikrofon alan deyir ki, mən qiraətçiyəm, mən şeir deyənəm. Görürsən nə şeir demək qabiliyyəti var, nə də səhnə mədəniyyəti var. Hərdən öz-özümə sual verirəm. Deyirəm İlahi tvlərdə niyə senzura yoxdu? Niyə bunlar belə özbaşına olublar? Əziz oxucularım bu dərd tək mənim, Ağalar müəllimin, və yaxud başqalarının dərdi deyil. Bu dərd bütün xalqımızın, bütün sənətkarların dərdidi. Hər şeiri, hər qəzəli də verilişlərdə səsləndirmək olmaz. Ağalar müəllim dəfələrlə müsahiblərində, çıxışlarında bu mövzuya toxunub. Necə deyərlər, " məsləhətli don gen olar." İndiki gənclər böyük sənətkarların sözlərinə qulaq assınlar, tapşırıqlarına, tövsiyələrinə, riayət etməklə onların məsləhətlərindən bir nəticə çıxarsınlar. Ağalar müəllim Vətənə, elinə, obasına, torpağa, yurduna, ailəsinə, ən əsası bədii qiraətə çox bağlıdı. Bu gün şeirləri, qoşmaları, qəzəlləri kim gözəl qiraət edir deyiləndə, o dəqiqə ağlıma Ağalar müəllim gəlir. Şairlərin şeirlərinə ruh verən, ürək verən, nəfəs verən, şeirləri xalqa sevdirən Ağalar müəllimdi. Böyük sənətkar bədii qiraətin gücünü də gözəl şeirlərdə, qoşmalarda, gözəl qəzəllərdə görür. Elə ona görədir ki, Ağalar müəllimin əsl bədii qiraətçi kimi şeir repertuarını klassik şairlərimizin şeirləri, qoşmaları, bəzəyir. Çağdaş ədəbiyyatımızdan şeirlər desə də böyük sənətkar yenə də üstünlüyü klassik şairlərimizin şeirlərinə verir. Hərdən mənə çoxları haqlı olaraq irad tuturlar. İrad tuturlar ki, şeirlərini gözəl demirsən. Mən də onlara həmişə deyirəm ki, mən Həsən Əbluc, Mikayıl Mirzə, Ağalar Bayramov deyiləm. Heç ola da bilmərəm. Allah mənə şeir yazmaq, məqalə yazmaq, müsahibə götürmək qabiliyyəti, istedadı veribsə mən Allahıma yalnız şükrlər etməliyəm.
Çoxları kimi Ağalar müəllim gündəmdə qalmaq üçün verilişlərdə tək sevgi şeirləri demir. O böyük sənətkardı. Bu sənət meydanında öz sözünü demiş, ensiklopedik biliyə malik, korifey sənətkarımız, həm də ki, məktəbdi. Heç onun gündəmdə qalmağa heç ehtiyacı da yoxdu. Ağalar müəllimin dediyi şeirlər ictimaiyyətin həyatını əks edən, pisi, satqınçılığı, yalançılığı kəsərək doğrayan, kökündən məhv edən şeirlərdi. Dəfələrlə tədbirlərdə Ağalar müəllimin çıxışlarını dinləmişəm. Allah sən özün saxla bu böyük sənətkarı. Dediyi şeirlərdə şeirlərin içində olub, obrazlı şəkildə şeirləri xalqa çatdırır. Şeir deyən vaxtı sanki Ağalar müəllim şeirlərin qanadında göylərin yeddinci qatında olur.
Sözü bəzəyir, ziyətləndirir, sözü söz zirvəsinə ucalda bilir. İstər dərs zamanı tələbələrinə istərsə də bizim kimi gənc şairlərə, yazarlara həmişə Qarabağ haqqında danışır. Şuşa, Ağdam, Laçın və digər işğal altında olan torpaqlar haqda bizə göz yaşı içində, geniş danışır. Bir an da olsa belə Qarabağ dərdini unutmur. Əsl Qarabağ dərdini daşıyan sənətkarlarımızdan olan Ağalar müəllimə Qarabağlı günləri arzulayıram.
Mən əminəm ki, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev inşallah torpaqlarımızı azad edəcək. Ağalar müəllim Şuşada Cıdır düzündə, İsa bulağında qələbə müjdəli şeirləri ilə dəli Kür kimi coşaraq, qoç Koroğlu kimi hayqıraraq sevinc göz yaşları içində o taylı, bu taylı, güneyli, qüzeyli, cənubi, şimali, şərqi, qərbi, dünya ölkələrində yaşayan Azərbaycanlılara göz aydınlığı verəcək.
Hər bir sənətkarın meyarı, dünyagörüşü, güclü hafizəsi, qaval daşı kimi möhkəm yaddaşı olmalıdı.
Elə böyük sənətkarımız Ağalar müəllim Bayramov kimi. Allah qismət eləsin Xalq artisti fəxri adına layiq görüləsiniz böyük sənətkarımız. Bu gün 65 yaşındasınız. İnşallah 70, 80, 90, 100 yaşlarınızda, yubileylərinizdə görüşənədək.

P. S. Ağalar müəllim haqda yazımı, Allah rəhmət eləsin! Xalq şairi Zəlimxan Yaqubun Bu gecə yuxuma girmişdi Şuşa və
Öldürün məni şeiri ilə bitirmək istəyirəm. Bu gözəl şeirləri Ağalar müəllim möhtəşəm qiraət edib. Əziz oxucularımız həmin şeirləri həm oxuya bilərsiniz, həm də böyük sənətkarımız Ağalar müəllimin qiraətində, aşağıdakı linkdə qula asa bilərsiniz.

Xalq şairi Zəlimxan Yaqubun şeirləri Respublikanın əməkdar artisti Ağalar Bayramovun qiraətində.

Bu gecə yuxuma girmişdi Şuşa.

Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı.

Uzadıb əlini Bakıya sarı,
“Batdıqca günaha batın!”, deyirdi.
“Vətən xainləri, yurd satqınları,
Satın Qarabağı, satın!”, deyirdi.

Canında od vardı, istilənirdi,
Şuşanın dağları çəkirdi ahı.
Seyidin qəlyanı tüstülənirdi,
Zülfi oxuyurdu “Yetim segah”ı.

Bu gecə yuxuma girmişdi Şuşa,
Pənah xan qəzəbdən tir-tir əsirdi.
Şuşanı satanlar verib baş-başa,
Şəhərin üstündə qiymət kəsirdi.

Od tutub yanırdı Vaqifın goru,
Natəvan ah çəkib ağı deyirdi.
Usta toxunmuşdu hiylənin toru,
Hələ ki sözünü yağı deyirdi.

Vidadi Qazaxda qalxıb məzardan,
Gəlirdi Vaqifın qəbrinə sarı.
“Qurtarın, – deyirdi, – milləti dardan!”
“Qurtarın, – deyirdi, – bu torpaqları!”

Gözündə yaş gördüm, yanağında nəm,
Cıdır düzündəki “Xarı bülbül”ün.
Dərdin sinəsində dağlandı sinəm,
Didərgin olmuşdu yarı bülbülün.

Ocaq yerlərində qalanırdı kül,
İsa bulağından qan fışqırırdı.
Susmuşdu Üzeyir, susmuşdu Bülbül,
Düşmən “mənəm” deyib boğaz cırırdı.

Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı.

Öldürün məni.

Dünyanın gözəl yerlərini gördük zor və silah gücünə əlimizdən alınan gözəlliklərin itkisi məni dəhşətə gətirir.

Arımı yemişəm, ar itirmişəm,
Bir dağam, zirvəmdən qar itirmişəm.
Qarabağ görkəmdə dünya gözəli,
Şuşa yaraşıqda yar itirmişəm.
Öldürün, öldürün, öldürün məni.

Üstə duz səpilmiş yaramdı dünya,
Mənə yas, düşmənə bayramdı dünya.
Tək bircə Kəlbəcər gedibsə əldən,
Mənim kimisinə haramdı dünya.
Öldürün, öldürün, öldürün məni.

Günah işlətmişəm, səhv eləmişəm,
Səhvimlə özümü məhv eləmişəm.
Torpaq unudulub, yurd yaddan çıxıb,
Qaniçən düşməni əfv eləmişəm.
Öldürün, öldürün, öldürün məni.

Qatil sifətinə şilləm olmadı,
Cəllad sinəsinə gülləm olmadı.
Fürsəti boşuna verdim əlimdən,
Ağlım işləmədi, kəlləm olmadı
Öldürün, öldürün, öldürün məni.

Kərəmim ağılsız, Əslim günahkar,
Lələm tərbiyəçim, nəslim günahkar.
Qələbə çalanı bəyənməsək də,
Məğlub günahkardı, təslim günahkar
Öldürün, öldürün, öldürün məni.

Torpaq itirəni torpaq götürməz,
Ancaq igidlərə yer versin Vətən,
Ancaq şəhidlərə yer versin Vətən.
Qarabağ dərdinə dərman yoxdusa,
"Qaytarın!" Hökmündə fərman yoxdusa,
Ölmürsə ruhuma qənim olanlar,
Mənim olmadısa mənim olanlar,
Sabahı görməyən gözdədir günah.
Səndədir, məndədir, bizdədir günah
Öldürün, öldürün, öldürün məni.

Hazırladı: AYB üzvü, Prezident mükafatçısı, Nəğməkar şair - yazar Fuad Biləsuvarlı

 

Paylaş:

Oxşar xəbərlər