Bakupress Milli İnformasiya Agentliyi

Çörəyini xalqla bölən kişi - Palçıq daşımaqdan başlayan milyonçu Tağıyevin doğum günüdür

Bu gün azərbaycanlı milyonçu-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin anadan olmasından 196 il ötür. O, Bakı neftini, Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan sayılır. Məqsədyönlü tədbirləri nəticəsində Tağıyev Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçilərdəndir.

BakuPress.Az  xəbər verir ki, Zeynalabidin 1823-cü il 25 yanvarda Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi.

10 yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyur. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur.

1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o sonradan "Hacı Zeynalabdin" şirkətini yaradır. Onu Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb, onlarda neft buruqları ucaldılırdı. Bu Hacını da maraqlandırır və podratçılığı buraxaraq, neft işinə başlayır.



Neft səltənəti

1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda Tağıyev də torpaq payı icarəyə götürür. Ümidini heç zaman itirməyən Tağıyev, nəhayət, arzusuna çatır. Götürdüyü torpaqdan neft fəvvarə vurur. "H.Z.Tağıyev" adlandırdığı neft şirkətini qeydiyyata aldıran Zeynalabdin mədənində ustalara yüksək maaş verir, ən yeni avadanlıq quraşdırır. Nəticədə onun gəlirləri sürətlə artmağa başlayır. Bundan sonra o həm də neft zavodları alır. 1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə layıq görülür. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olur. 32 milyon pud (512 kq) neft hasil edir.
"Mazut" şirkətinin yaranması ilə əlaqədar, yerli varlılardan Çolaq Ağabala Quliyevin başçılığı ilə "Bakı-Batum" neft kəməri aksioner şirkətini yaradırlar. O zaman üçün nəhəng inşaat hesab edilən bu neft kəməri Bakıdan başlayaraq Kür düzənliyindən keçib, Qafqaz dağlarının ətəyini və Suram qalasının yamacını aşıb, Reon düzənliyindən ötərək 800 kilometr məsafədə uzanıb Xəzər sahilini Qara dəniz sahili ilə birləşdirəcəkdi. Bakı nefti okeanlara, uzaq-uzaq ölkələrə, beynəlxalq bazarlara yol açacaqdı. Kəməri uzatmağa 1897-ci ildə başlayıb, 1907-ci ildə tamamlamışdılar.

Qeyri-neft sektoru

1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satan Tağıyev qeyri-neft sektoruna sərmayə qoyur. Onun inşa etdirdiyi Bakı toxuculuq fabriki Azərbaycanda yeni istehsal sahəsində başlanğıc olur. Toxuculuq fabrikini xammalla təmin etmək məqsədi ilə Tağıyev Yevlax rayonunda pambıq əkini üçün torpaq sahəsi alır və 1909-cu ildə Cavadda pambıqtəmizləmə zavodu tikdirir. Bakının ən iri ticarət mərkəzi sayılan ticarət evini də Tağıyev təşkil edib.
1890-cı ildə balıq sənayesinə güclü sərmayə qoyan Tağıyev iri balıqçılıq vətəgələrinə sahib olur. O, balıq məhsullarının saxlanmasını təmin etmək üçün Mahaçqala şəhərində soyuducu zavodu, buz istehsalı zavodu, çəllək zavodu inşa etdirir.

 

Zaqafqaziyada ilk qızlar məktəbi

Tağıyevin qızlar üçün xüsusi məktəb açmaq ideyası sırf xeyriyyəçilik məqsədi daşıyırdı. Lakin məktəbin açılmasına yerli ruhanilər mane olurdular. Ruhanilər qızlara təhsil vermək təklifindən qəzəblənir və camaatı ayağa qaldırırdılar. Məktəbin məhz azərbaycanlı qızlar üçün təsis edilməsi maarifçi mesenatın həyatını böyük təhlükə qarşısında qoyurdu. Dövrün köhnə fikirli, mühafizəkar adamları azərbaycanlı qızların oxumasını böyük bir qəbahət saydıqlarına görə Hacı Zeynalabdin Tağıyevi öldürmək istəyirdilər.
Lakin Hacının xalq arasında olan nüfuzu və ətrafındakı adamların onu mühafizə etməsi bu bədxahlığın baş tutmasına imkan vermirdi. Hacı bir gün ruhaniləri məscidə toplayaraq çıxış edir: “Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir. Gözləri açılar, külfətlə rəftarı xoş olar. İngilistana, Firəngistana gedib oxuyan cavanlarımız hərəsi oralarda qollarına bir arvad keçirib gətirirlər. Çünki qızlarımızla məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan doğulan uşaqlar bütün varidatımıza vərəsə çıxırlar. İşlər belə getsə, ata-baba ocağımız qalacaq Quransız, namazsız, şəriətsiz. Təzə məktəblərdə qızlara ehkami-şəriyyət, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman (Azərbaycan) və rus dilində oxuyub-yazmaq, elm-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda nə pis iş var? Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Sırağa gün gecə iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin, qızı yoxladı, dava dərman elədi, qız ölümdən qurtardı. İndi de görüm, Lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur. O məktəbi mən bizə padşahlıqdan vəhşi deyiləndən sonra qərara gəldim, açdırdım. Ətək dolusu pul töküb bu məqsədlə bina tikdirmişəm. Dərs deyənlər zənən xeylağı olacaq”.
Beləcə Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cü ildə hazır olur. Bu məktəb Nikolayevski (Kommunist) küçəsində (Azərbaycan SSR Elmlər Akademiyasının Əlyazmaları fondunun binası) yerləşir. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.

Dustaqlar üçün bina

O zamanlar dustaqları Nargin adasında saxlayırdılar. Camaat da, işçilər də adaya gedib-gələndə əziyyət çəkirdi. Axırda Zeynalabdinə müraciət edirlər ki, bu işdə bizə kömək elə, dərdimizə bir çarə qıl. O da, o zaman şəhərin ucqar yeri hesab edilən Quba (Füzuli) meydanı ilə Kömürçü meydanı arasında tikdirdiyi beşmərtəbəli dəyirmanı (indiki şirniyyat fabrikini) dustaqxana üçün verir. Xaricdən gətirdiyi dəyirman avadanlığını toxuculuq fabriki yerləşən əraziyə daşıtdırır, orda dəyirman tikdirir.


Şollar su kəmərinin çəkilişi

Tağıyev həm də Bakı-Şollar su kəmərinin tikintisi üçün şəxsi vəsaitindən pul ayıran xeyriyyəçidir. O vaxt Xudatdan şimal-şərqə doğru meşədə şəffaf, təmiz bulaq suyu olduğunu aşkarlanır. Buna baxmayaraq, Bakı sakinlərinə sərinlik gətirəcək Şollar kəmərinin çəkilişi bir tərəfdən lazımi vəsaitin tapılmamasından, digər tərəfdən isə layihənin əleyhdarlarının apardıqları əkstəbliğat səbəbindən uzanırdı. Yalnız çar II Nikolayın 6 oktyabr 1909-cu il tarixli fərmanı ilə Bakı şəhərinə 27 milyon rubldan çox olmamaq şərtilə istiqraz buraxılmasına icazə verməsindən sonra Şollar su kəməri layihəsi fəal tikinti mərhələsinə qədəm qoyur. Layihənin müəllifi Lindleyin qətiyyəti və inadkarlığı olan avadanlıq xaricdən alınıb gətirlir. Hətta Birinci Dünya müharibəsinin qızğın çağında belə tikinti işləri səngimir. Kəmərin, anbarların, şəhərdaxili şəbəkənin inşası anbaan sürətlənir. Nəhayət, V.Lindleyin və onun mütəxəssis komandasının, Bakı Dumasının və onun azərbaycanlı deputatlarının, şəhər idarəsinin, tikintidə çalışan minlərlə Azərbaycan kəndlisinin, Bakı fəhlələrinin möhkəm iradəsi və gərgin əməyi hesabına 1916-cı ilin dekabrında Şollar-Bakı su kəmərinin birinci növbəsinin tikintisi başa çatır.


Ölümü

Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülküyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.
Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, 101 yaşında vəfat edib, sentyabrın 4-də dəfn edilib. Onun dəfninə çox böyük izdiham toplanmışdı. İnsanlar yas mərasiminə bütün Bakı və ətraf kəndlərdən ərzaq gətirirdilər.
 

Paylaş:

Oxşar xəbərlər