Bakupress Milli İnformasiya Agentliyi

Azərbaycanın ilk parlamentinin tarixi - necə yarandı, tərkibi...

Müsəlman şərqində yeganə parlamentli respublika olan AXC o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmışdı

Dekabrın 7-də Azərbaycan Parlamentinin yaradılmasının 100 ili tamam oldu. Azərbaycan xalq cümhuriyyəti və onun parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi.

1918-ci il may ayının 28-də Zaqafqaziya seymində Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla, əslində Azərbaycanın ilk Parlamenti yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu.

İstiqlal bəyannaməsində bəyan edildiyi kimi “Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur”.

1918-ci il, sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı. Milli Şuranın 1918-ci il 17 iyun tarixli qərarından hələ 6 ay keçməmiş, daha doğrusu, hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda, Fətəli xan Xoyskinin təşəbbüsü və müraciətinə əsasən, 1918-ci il, noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri Fətəli xan Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü.

Azərbaycan parlamenti 1918 ile ilgili görsel sonucu

Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da M.Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Azərbaycan parlament  tarixinin çox mühüm qərarları qəbul olundu. O zaman Azərbaycan Xalq Cümhuriyyəti fövqəladə dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, son dərəcə demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli həmin iclasda qeyd olundu ki, parlamentdə dövlətin hüdudlarında yaşayan bütün millətlər təmsil olunmalıdır. Bu ərazilərdə Qafqaz təqvimində verilmiş məlumatlara əsasən 2.750.000 nəfər əhali var idi. Onlardan 1.900.000 nəfəri müsəlman, 500.000 nəfəri erməni, 230.000 nəfəri isə ruslar idi. Hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar-80, ermənilər-21, ruslar-10 nümayəndə göndərməlidirlər. Beləliklə, Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Qanunda Parlamentə seçiləcək 21 erməni nümayəndəsindən 8-i Gəncə, 8-i Şuşa, 5-i isə Bakı erməni komitələrindən seçilməli idi. Bakıdakı rus əhalisindən Rus Milli Şurası 10, alman əhalisi milli təşkilatından 1, yəhudi Milli Şurasından 1, gürcü komitəsindən 1 və polyak komitəsindən 1 nəfər nümayəndə göndərilməli idi. Bundan əlavə qanunda Azərbaycan Cümhuriyyəti Parlamentinə Bakı həmkarlar Təşkilatı Şurası tərəfindən 3, Bakı Sənaye-ticarət tərəfindən isə 2 nümayəndənin göndərilməsi də nəzərdə tutulurdu. Parlamentin üzvlərinin deputat toxunulmazlığı var idi.

Ä°lgili resim

Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il tarixli iclasının qərarına əsasən hələ 1917-ci ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil edilirdi. Müsəlmanlardan qalan 36 deputat və başqa millətlərin nümayəndələri yenidən seçilməli idi. Yeni Parlamentin formalaşdırılması 1918-ci il, dekabrın 3-də başa çatdırılmalı idi.

Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından, onun sədri, Məhəmməd Əmin Rəsulzadənin imzası ilə 1918-ci il, noyabrın 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” müraciətnamə dərc edilmişdi. Həmin müraciətnamədə belə ifadələr də vardı: “Bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq. Tarix hamımıza bir yerdə yaşamaq məcburiyyətində qoyub. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək üçün yaşayışımızı aqil və insani əsaslar üzərində quraq, bir-biriminizi sevək, ehtiram edək. Milli və məzhəb fərqlərinə baxmayaraq, bütün Azərbaycan vətəndaşları bir vətənin övladlarıdır”.

1918-ci il dekabrın 7-də gündüz saat 1-də Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş Qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi.

Müsavat fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Paris sülh konfransına yola düşmüş Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə H.Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasındaca Fətəli xan Xoyski hökumətinin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərara alındı. Yeni hökumətin təşkili yenidən Xoyskiyə tapşırıldı.

1918-ci il dekabrın 26-da Xoyski parlamentdə öz proqramı ilə çıxış etdi və yeni hökumətin tərkibini təsdiq olunmağa təqdim etdi. Parlament hökumətin proqramını qəbul etdi və F.Xoyskinin təşkil etdiyi hökumətə etimad göstərdi.

Azərbaycan Parlamentinin fəaliyyətə başladığı dövrdəki tariximizin çox mühüm ibrət dərslərindən biri də budur ki, Cümhuriyyət xadimlərinin, bütün xalqımızın ilk Azərbaycan Parlamentində ermənilərə 21, ruslara isə 10 yer ayırmasına baxmayaraq, onlar Parlamentin açılışında iştirak etmədilər.

Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurur. Onu da qeyd edək ki, Parlamentin təşkili haqqında qəbul edilmiş qanunda Parlamentin 120 nəfərdən ibarət olması nəzərdə tutulmuşdursa da müxtəlif səbəblərdən heç vaxt Parlamentdə bu sayda deputat olmayıb.

Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti özünün həyatiliyi və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yüksəlib. O vaxt Azərbaycan Cümhuriyyəti müsəlman şərqində yeganə parlamentli respublika idi.

Bu dövr ərzində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilib. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olub.

Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılıb, onlardan da 230-a yaxını təsdiq edilmişdi.

1920-ci ilin 27 aprelində bolşevik Rusiyasının Qırmızı ordusunun Azərbaycanı işğal etməsi ilə Xalq Cümhuriyyəti ilə yanaşı onun parlamentinə də son qoyuldu.

Paylaş:

Oxşar xəbərlər