Bakupress Milli İnformasiya Agentliyi

Zamirə Hacıyevanın əmlakı Azərbaycana qaytarıla bilər

Ekspert: “Bu, çox yaxşı presedent olacaq”

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda xərclədiyi vəsait Azərbaycana qaytarıla bilər.

Bu barədə Böyük Britaniya Milli Kriminal Agentliyindən (NCA) bildirilib. Agentliyin İqtisadi cinayətkarlıqla mübarizə bölməsinin rəhbəri Donald Tunun (Donald Toon) sözlərinə görə, Böyük Britaniya Ali Məhkəməsi Zamirə Hacıyevanın qanunsuz vəsaitlərdən istifadə etdiyini müəyyənləşdirərsə, ondan alınaraq müsadirə olunmuş bütün əmlak və pul ölkəsinə qaytarılacaq: “Əgər Ali Məhkəmə qərara alsa ki, Zamirə Hacıyeva bu aktivləri əldə etmək üçün dələduzluq sxemlərindən istifadə edib, o zaman müsadirə edilən aktivlər onun doğma ölkəsinə qaytarıla bilər”.

Donald Toon ile ilgili görsel sonucu

Donald Toon

 

NCA direktoru deyib ki, mənşəyi naməlum olan pullar hesabına əldə edilmiş aktivlərin müsadirə edilməsini nəzərdə tutan qanunun ilk dəfə tətbiq edildiyi bir vaxtda müsadirə edilmiş əmlakın gələcək taleyi “siyasi və beynəlxalq məsələ” olacaq(virtualaz.org).

NCA bildirir ki, Hacıyeva bu aktivləri almaq üçün dələduzluq yolu ilə əldə olunmuş vəsaitlərdən istifadə edib. Ötən həftə London Yüksək Məhkəməsinin hakimi cənab Supperstoun Zamirə Hacıyevanın qarşısına şərt qoyub ki, həmin pulların necə əldə edildiyini əsaslandırsın. Əks halda, aktivlər müsadirə ediləcək.

Zamirə ile ilgili görsel sonucu

Lakin cənab Toon qeyd edib ki, müsadirə edilmiş aktivlərin gələcək taleyi barədə qərar vermək “siyasi və beynəlxalq” məsələ olacaq: “Beləliklə, həmin aktivlər ilk növbədə Böyük Britaniya hökumətinin sərəncamına keçəcək, daha sonra aktivlərin taleyinə dair pulların gəldiyi ölkə ilə Böyük Britaniya arasında birbaşa danışıqlar olacaq. Əmlakın taleyi bu danışıqların nəticəsində müəyyən ediləcək.

NCA rəhbəri deyib ki, onlar hazırda daha 8 nəfərin barəsində mənşəyi məlum olmayan pulların leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində araşdırma aparırlar. Onlar Afrika, Cənubi Asiya, keçmiş sovet respublikaları və Rusiyadan olan şəxslərdir.

Zamirə ile ilgili görsel sonucu

Xatırladaq ki, Zamirə Hacıyeva ərinin Beynəlxalq Banka rəhbərlik etdiyi vaxtda Londonda alış-verişə 16 milyon funt sterlinq xərcləyib, habelə Londonun Naytsbric kvartalında özünə beş yataq otağına malik, 15 milyon funt sterlinq dəyərində malikanə, Askot yaxınlığında 10.5 milyon funt sterlinqə qolf-klub və şəhərətrafı “Mill Ride” klubu alıb.

BBC-nin məlumatına görə, Z.Hacıyeva 10 il ərzində Londonun ən məşhur univermağı olan “Harrods”da 16 milyon funt sterlinq xərcləyib. O, həmçinin univermağın yaxınlığında lüks ev, 42 milyon dollar dəyəri olan “Gulfstream G550" özəl təyyarə alıb.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu sabiq məmur arvadının Böyük Britaniyadakı xərcləmələri barədə maraqlı bir müqayisə aparıb: “Zamirə Hacıyevanın gündəlik xərcləmələri son 10 ilin hər saatında 1126 manat olub.

Məmur xanımının orta hesabla 1 saatda xərclədiyini Azərbaycan müəllimi 4 ayda, həkimi isə 6 ayda qazanır.

Qlamur dəbdəbə, cah-cəlal, cazibə mənasında işlədilir. Belə yaşayışla adətən şou-biznesin məşhurları tərənnüm olunur və lovğalanırlar. Bu təbəqəyə Ərəb şahzadələrindən sonra Azərbaycan məmurlarının ailə üzvləri də əlavə olunub. Amma bütün dünya ondan danışır, dünən iştirakçısı olduğum söhbətdə ildə 150-200 min dollar qazanan professorların təəccüblü baxışları ilə qarşılaşmasaydım, yəqin ki, Zamirə Hacıyevanın Azərbaycanı dünya mətbuatında diqqətə gətirən xərcləmələri barədə yazmazdım".

Qeyd edək ki, Böyük Britaniyada 2017-ci ildə qəbul edilmiş “Kriminal maliyyələşdirmə haqqında” qanuna əsasən, Britaniya hökuməti var-dövlətin aydın olmayan mənşəyi haqqında sorğu (Unexplained wealth orders, UWO) göndərmək hüququna malikdir, 50 min funt sterlinqdən artıq gəlir əldə edilməsinə dair aydın izahın olmaması isə aktivlərin dondurulmasına səbəb ola bilər. Bu qanunun ilk olaraq məhz Z.Hacıyevaya tətbiq olunması bu prosesdə Azərbaycan hakimiyyətinin rolu olmasına ciddi əsaslar yaradır.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, hər bir dövlətin başqa dövlətə öz ərazisindən çıxarılan vəsaitlərlə bağlı sorğu göndərmək hüququ var: “Görünür ki, Azərbaycan hökuməti də Zamirə Hacıyeva ilə bağlı Böyük Britaniya hökumətinə sorğu göndərib. Bu sorğudan sonra onun haqqında fəaliyyətlər başlanıb. Lakin düşünmürəm ki, onun əmlakının Azərbaycana qaytarılması asan başa gələcək. Bunun üçün çox ciddi və güman ki, uzun müddət tələb edəcək hüquqi prosedurlar olmalıdır. Azərbaycan dövləti bacarıqlı vəkillər tutmalıdır ki, onun adından həmin əmlakın burada qeyri-qanuni yollarla əldə olunmuş vəsait hesabına alındığını sübut etsinlər. O vəkillər anqlo-sakson hüququnu gözəl bilməli, vəsaitlərin korrupsiya yolu ilə əldə olunduğunu isbatlayan faktları əsaslandırmağı bacarmalıdılar”.

Ekspertin fikrincə, Z.Hacıyevanın əmlakı Azərbaycana qaytarılarsa, bu, digər məmurlarla bağlı da əlverişli presedent yaratmış olacaq: “Bu, digər məmurlar üçün bir nümunədir. Onların da hər hansı yerdə qeyri-qanuni əldə olunmuş vəsaitlər hesabına əmlakı, mülkü varsa, onlarla bağlı da Azərbaycan dövləti istədikdə belə prosedurlar başlada bilər. Bu, çox yaxşı bir presedent olacaq”.

Böyük Britaniya çoxsaylı ofşor ərazilərə malik, dünyanın hər yerindən qanunsuz yollarla qazanılan irihəcmli vəsaitlərin yerləşdirildiyi bir ölkə kimi tanınır. Yuxarıda qeyd olunan qanunun qəbulu və icrası bu vəsaitlərin Böyük Britaniyadan çəkilməsinə gətirib çıxara bilərmi?

N.Cəfərlinin sözlərinə görə, Böyük Britaniyaya məxsus ofşor zonalarda dünyanın hər yerindən insanlar, şirkətlər çirkli pulların yuyulması, vergidən yayındırılan məbləğlərin saxlanması məqsədilə istifadə edirlər: “Son illərdə dünyada bu ofşorlardakı gizli hesabların açıqlanması, qaranlıq maliyyə əməliyyatlarının aşkara çıxarılması ilə bağlı proses başlayıb. Böyük İyirmilik ölkələrinin toplantısında da bu məsələ müzakirə olunub, gizli maliyyə əməliyyatlarının açıqlanması ilə bağlı müəyyən qərarlar qəbul olunub. Böyük Britaniya bu qərarlara tabe olmağa həvəsli görünür. Buna görə də Z.Hacıyevanın əmlakının araşdırılmasına imkaan verən qanun qəbul olunub. Düzdür, Latın Amerikasındakı ofşorlar, xüsusilə də Panama bu qərarla razılaşmır, onun icrasından imtina edir. Bu da təbiidir, çünki Panamanın  son 20 ildəki iqtisadi yüksəlişi məhz həmin çirkli pulların ölkəyə axını ilə bağlıdır. Lakin düşünürəm ki, zaman keçdikcə, bütün ofşorlarda şəffaflaşma prosesi başlayacaq. Bu, bütün dünyada müşahidə olunan trenddir, kiminsə oradan kənarda qalması real deyil. Böyük Britaniyadakı prosesin böyük vəsaitlərin bu ölkədən çıxarılmasına gətirib çıxarması ehtimalına gəlincə, burada ciddi çətinliklər ola bilər. Çünki söhbət milyardlarla dollarlıq vəsaitlərdən gedir, onları çıxarıb haradasa yerləşdirmək çox çətin bir proses olar. Bu baxımdan, düşünürəm ki, vəsait sahibləri onları əldə etmək yollarına dair sübutlar yaratmağa daha çox üstünlük verəcəklər, nəinki ölkədən çıxartmağa”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Paylaş:

Oxşar xəbərlər