Bakupress Milli İnformasiya Agentliyi

Həyatda qazanc dalınca qaçmaqdan daha gözəl işlər var, əziz müəllimlər ...

«Mənə bir hərf öyrədənin köləsi olaram». Bu sözlər Islam dünyasının parlaq simalarından olan Həzrəti Əliyə məxsusdur. Din, əqidə, məslək uğrunda uca şəhidlik zirvəsinə yüksələn Həzrəti Əlinin öyrədənin - müəllimin əməyini belə yüksək dəyərləndirməsinin səbəbini anlamaq üçün ilk növbədə müəllimlik peşəsinin mahiyyətinə nəzər salmaq gərəkdir.


Deyirlər ki, hər kəsin taleyində müəllimin yeri var. Bu, həqiqətən belədir. Ona əlindən tutub əlifbanın ilk hərfini, «ana» kəlməsini yazmağı, saymağı öyrədən ilk müəllimini kim xatırlamır? Məktəb partası arxasında keçən illərdə müəllimlər bizə qətrə-qətrə Vətənə, torpağa sevgi hissi aşılayırlar. Biz Azərbaycanın kəşməkəşli tarixi, ana yurdumuzun təbiətinin gözəllikləri, xalqımızın dostları və düşmənləri barədə müəllimlərimizdən çox şey öyrənmişik. Biz onların sayəsində bütün varlığımızla xalqımızın əsrlərin sınağından çıxan adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə bağlanmışıq, dünyagörüşümüz, həyata sağlam baxışımız formalaşıb.
Mənim həyatımda da müəllim əməyinin böyük rolu var.Amma çox heyfslənirəm ki,bu gün müəllim adını alçaldan müəllimlərdə az deyil.Az qala şüar kimi səslənən bu sözü eşitməyən insan olmaz. Boşuna deyilməyib bu söz.
Müəllimlik peşəsini şərəfli edən bir çox amillər var. Onlardan biri, bəlkə də birnicisi, müəllimin yaşadığı həyata, cəmiyyətə ehtiyac duyulan əsl vətandaş, əsl İnsan yetişdirməsidir.

Hər bir vicdanlı müəllim öz xoş hərəkəti, münasibəti, təmiz əxlağı, nümunəvi davranışı, savadı ilə qarşısındakı — həyata yeni qədəmlərini qoymuş 6 yaşlı uşağın valideynlərindən sonra ilk nümunə götürə biləcəyi insandır.

Müəllimlik sənətinə adicə peşə kimi baxanlar bu sənətin necə vacib, ali sənət olduğunun fərqində deyillər. Hətta bəzi müəllimlər belə anlamırlar ki, onların peşəsinə qarşı olan məsuliyyəti, ətraf aləmdə baş verən hadisələrə münasibət və fikir bildirmələri, davranış və hərəkətləri, qarşısında oturan uşağın, yeniyetmənin, gəncin xarakterinə, həyata baxışına mütləq mənfi və ya müsbət təsir göstərir, yaddaşında qalıcı izlər buraxır.

Hər birimizi dindirsələr, məktəbimizdəki müəllimləri 2 qrupa: Yaxşıya və pisə ayırarıq.
Yaxşılarından necə gözəl tərbiyə götürdüyümüzə, onların bizə xoş münasibətinə görə keçdiyi dərslərin bizimçün əhəmiyyətinə varmadan belə, sırf o müəllimi sevdiyimizə görə, o dərsi necə sevərək oxuduğumuza, hərəkətləri və xasiyyətinə görə, o müəllimlərə bənzəməmizə dair də misal çəkə bilərik. Və yaxud əksinə, şagird və tələbəsinə xoş davranmayanlara, bəzi şagirdlərindən «istifadə etmək» məqsədilə yanaşanlara, «səndən oxuyan çıxmaz», «avara olacaqsan» və s. bu kimi həvəsdən salan, qarşısındakını bir şəxsiyyət kimi davranmayan müəllimlərin hesabına onun verdiyi dərsdən belə soyuyan, o fənni müəllimə görə öyrənməyən uşaqların olduğunu da görərik.

Son zamanlar təhsil müəssisələrimizdəki müəllimlər uşaqlara savad, bilik öyrətməyi belə yadırğayıblar. Özəl olaraq şagirdlərə evlərdə keçirilən hazırlıq dərslərindən həmən repetitor müəllimlərin məktəbə ancaq dincəlmək üçün gəldikləri kimsəyə sirr deyil.

Belə sıx qrafiklə işləyən o müəllimlər məktəbdə onlara ehtiyacı olan uşaqlara nə verə biləcək?

Həyatı, insanlığı, dünyagörüşü artırmaqdan danışmağa, ən əsası, öz dərsini belə keçməyə həvəsi, halı qalmayan müəllimdən o şagird nə öyrənə biləcək?

Belə müəllimlər cəmiyyətimizə necə sağlam düşüncəli, tərbiyəli, insani keyfiyyətləri özündə ehtiva edən İNSAN verə bilər ki?..

Avtobusda, metroda rastlaşdığımız, özünü apara bilməyən bəzi gənclər, mağazada qarşılaşdığımız mədəniyyətsiz satıcılar, hər hansı idarə və müəssisədə görmək istəmədiyimiz bürokrat, savadsız məmurlar belə müəllimlərin "əsəri" deyilmi?

Insanın özündən də çox şey asılıdır, düzdür. Bunları deməklə bütün neqativ halları müəllimlərə yükləmək deyil niyyətim. Amma razılaşaq ki, müəllimlərin də fərdin şəxsiyyət, insan kimi formalaşmasında təsiri az deyil. Və 6 yaşından başlayaraq bir uşağı həyata hazırlayan müəllimin özü cəmiyyətin kamil, yüksək təbəqəli ziyalısı olmayacaqsa, onun tələbəsindən də cəmiyyətə xeyirli bir vətəndaş olmayacaq.

Həyatda qazanc dalınca qaçmaqdan daha da gözəl işlər var, əziz müəllimlər ..: İNSAN yetişdirmək kimi.
Hərdən parta arxasında oturan o kiçik yaşlı uşağa şəxsiyyət kimi baxın. Unutmayın ki, bu gün ona təmənnasız verəcəyiniz, öyrədəcəyiniz elm, bilik, savad, həyata doğru-düzgün baxış, xoş əməllər, bir vaxt olacaq sizə qayıdacaq. Mütləq qayıdacaq…Bu gün rüşvət umduğunuz şagirdən gələcəyə psixoloji travma ilə gedir və sabah cəmiyyəti zəhərləyən bir insan olur.Axi mən müəllimlərimdən bunu görmədim, nədə övladlarımın müəllimləri belə olmadı.Bəlkədə vaxtı ilə sizin kimi bəzi müəllimlər tərəfindən beyni zəhərlənmiş valideyinlərlə əlbir olan bu tip müəllimlər gələcəyin saf insanı ola biləcək yüzlərlə körpənin ruhunu yaralıyırsınız.Onlarda gələcək cəmiyyətimizi yaralıyacaq.Azərbaycan dövlətinin gələcəyini yaralamayın ,bu dövlətin azda olsa gələcəyini düşünün,milləti maraqlarınızın qurbanına çevirməyin!
Bu gün şərəfli peşə olan müəllimlərin bayramıdır.Bu bayramda hamını təbrik etsəm mənə ayıb olar çünki vicdanım buna yol verməz.Amma bu ada layiq olan vicdanlı,savadlı müəllimlərin qarşısında baş əyirəm ,çünki mən müəllim nəvəsiyəm,ailəmdə,qohumlarımda onlarla bu peşənin sahibləri var.İlk növbədə ilk müəllimim ,savadı,insanlığı,mədəniyyəti,alicənablığı,xanımlığı ilə nümunə olan Xalidə İsgəndərovanın qarşısında baş əyirəm Nə yaxşı ki,mənim müəllimim bu xanım olub.Sənətinin,peşəsinin dəyərini bilən bütün vicdanlı müəllimləri peşə bayramları münasibəti ilə təbrik edirəm!

Şəfəq Ağacan

Paylaş:

Oxşar xəbərlər