Bakupress Milli İnformasiya Agentliyi

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanıldı

Bu gündən Daxili İşlər Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır.

BakuPress.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

Onun sözlərinə görə, hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün “ASAN xidmət” mərkəzlərində və Sumqayıt regional “ASAN xidmət” mərkəzlərində həyata keçirilir:

“Növbəti günlərdə regional “ASAN xidmət” mərkəzlərində yeni nümunəli şəxsiyyət vəsiqələrin verilməsi və dəyişdirilməsi üçün sənəd qəbuluna başlanacaq”.

Elnur Niftəliyev bildirib ki, hazırda vətəndaşlar etibarlılıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadə etməyə davam edə bilərlər:

“Bu vəsiqələrin dəyişdirilməsi zəruri deyil. 15 yaşı tamam olmuş vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün müəyyən olunmuş dövlət rüsumunun məbləğində hər hansı dəyişiklik yoxdur.

Belə ki, 10 gün müddətinə 5 manat, üç gün müddətində 25 manat, bir gün müddətinə isə  35 manat təşkil edir. 15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rüsumlar tətbiq olunur.

Belə ki, 10 gün ərzində 4 manat, üç iş günü müddətində 20 manat, bir iş günü müddətində isə 25 manat dövlət rüsumu müəyyən edilib. Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitdikdə, sənəd itirildikdə, vəsiqə korlandıqda, ad, soyad, ata adı dəyişdirildikdə yeni nəsil şəxsiyyət vəsiqələrinin alınması zəruridir”.

Paylaş:

Oxşar xəbərlər