Bakupress Milli İnformasiya Agentliyi

Fuad Muradovun canfəşanlığı...FAYDA VERƏCƏKMİ? – Rəylər

Azərbaycan diasporunun fəaliyyətinin uzun illərdir ki, yalnız qapalı məkanlarda formal xarakterli tədbirlər keçirməkdən ibarət olduğu hər kəsə məlumdur. Bu səbəbdəndir ki, bu illər ərzində bəzi istisnalar olmaqla, Azərbaycan diasporu heç bir effektiv işə imza atmayıb.

 

Ölkə rəhbərliyi diasporun fəaliyyətinin tənzimlənməsi məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinə uzun illər rəhbərlik etmiş Nazim İbrahimovu bir müddət əvvəl bu vəzifədən kənarlaşdırdı və yerinə millət vəkili, Avronest Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Fuad Muradovu təyin etdi. F. Muradov vəzifəyə gətirildikdən sonra xarici ölkələrə yollandı, oradakı diaspora nümayəndələri ilə görüşlər təşkil etdi.

 

Bundan əlavə, Şəkidə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun birgə təşkilatçılığı ilə "Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsi keçirildi. Düşərgədə ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya, İngiltərə, bir sözlə, 37 ölkədən 140 gənc diaspora nümayəndəsi iştirak edib.

 

Bəs bu görülən işlər illərdən bəri dağınıq şəkildə fəaliyyət göstərmiş diasporumuzun effektivliyini artırmaq üçün kifayətdirmi? Daha hansı problemlər qabardılmalıdır? Ölkə, diasporla maraqlanan, bu işlə əlaqəli şəxslər Fuad Muradovdan hansı addımları gözləyir?

 

 

BakuPost-un əməkdaşı məsələ ilə bağlı bu sahə üzrə mütəxəssislərin fikirlərini öyrənib:

FAZİL MUSTAFA 

 

Parlamentin İnsan Hüquqları Komitəsinin və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü Fazil Mustafa Fuad Muradovun diaspor işini yaxşı bildiyini və ondan xeyli müsbət dəyişikliklər gözlədiyini bildirib: "Fuad Muradov problemləri özü çox yaşı bilir. Çünki bundan əvvəl Avronest Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri idi. Beynəlxalq səviyyəli tədbirlərdə iştirak edirdi. Özü də görürdü ki, bu məsələ elə bir vəziyyətdə həll olunmalıdır ki, hər kəs diasporun, orada yaşayan azərbaycanlıların ayağına getməyi bacarsın. Yaxud da hansısa kabinetlərdə, qapalı məkanlarda tədbirlər görməklə, formal xarakterli addımlar atmaqla bu məsələ çözülə bilməz.

 

"Çox ağır işdir..." 

 

Fuad Muradovun gələndən sonra bir çox ölkələrdə diasporun bütün təmsilçiləri ilə fərq qoymadan görüşlər keçirməsi, Kiyevdə 2 küsülü vəziyyətdə olan diaspor təmsilçilərini barışdırması, qrupların birləşdirilməsi və başqa addımların atılması göstərir ki, o, diaspor fəlsəfəsini daha fərqli şəkildə və daha doğru anlayışla qəbul edir və bu istiqamətdə də fəaliyyət göstərir”.

F. Mustafanın fikrincə, xaricə gedən azərbacanlıların böyük əksəriyyəti sosial problemlər ucbatından ölkəni tərk edib və ona görə də maraqlarını təmin eləmək olduqca çətindir: "Böyük əksəriyyət ya işsizliyə görə, ya sosial sıxıntıya görə xaricə gedir. Qismən siyasi motivlərlə gedənlər var. Diaspor fəaliyyəti deyəndə bu insanların həm də sosial maraqlarının təmin olunmasından söhbət gedir. Sosial problemdən əziyyət çəkənlərin ölkəmiz üçün kənarda siyasi aktivlik göstərmə istəkləri çox da geniş olmur. Bu amilləri nəzərə alaraq deyə bilərəm ki, onları bir araya gətirib dövlətimiz, millətimiz üçün faydalı işlər görməyə yönəltmək, bunların xaricdə mövqelərinin güclənməsinə çalışmaq çox ağır işdir. Hər halda bu istiqamətdə görülən işlər göstərir ki, müsbət istiqamətdə xeyli dəyişikliklər olacaq və yaxşı nəticələr ortaya çıxacaq”.

 

Dövlətimiz üçün qəpiyindən keçməyən milyonçular

Uzun illərdir fəal diaspor fəaliyyətilə məşğul olan, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı hesab edir ki, Fuad Muradov indiyə kimi buraxılan səhvlərdən xəbərdar adamdır:"Diasporumuzla bağlı pis-yaxşı əvvəldən də müəyyən işlər görülüb. Əlbəttə, bu çox çətin bir sahədi. Bu işlər böyük maliyyə və diqqət tələb edir. Hesab edirəm ki, burada əsas problem diaspor rəhbərlərinin, təşkilatlarının, bu işə aiddiyəti olan insanların əksəriyyətinin Azərbaycan dövlətindən nəsə ummalarıdır. Erməni diasporundan əsas fərqimiz də əsasən bu məqamdır.  Onlar bu işlərə daha əvvəldən başlayıblar, xaricdə yaşayan zəngin, iş adamlarının sayı da çoxdur. Və həmin şəxslər öz dövlətlərinin mənafeləri üçün çox böyük vəsait xərcləyirlər. 

 

Təəssüf ki, istər Güney, istər Şimal Azərbaycanından olan həmvətənlərimiz bu məsələlərə quruşlarını da xərcləmək istəmirlər. Hətta Amerikada fabrik-zavodları olan iş adamlarımız var, onlar Azərbaycanla bağlı tədbirlərin maliyyələşməsinə bir qəpik də vəsait xərcləmirlər. Kənardan durub izləməklə Azərbaycanın dövlətçiliyinin, xalqının mənafeyini qorumaq olmur. Nə olursa hamısı Azərbaycan dövlətindən gəlir, dövlət hesabına olur. Mən bunun dəfələrlə şahidi olmuşam. Eyş-işrət məclislərinə, şou-biznes nümayəndələrinə milyonlar xərcləyənlər təəssüf ki, Milli mənfəətimiz uğrunda, dövlətimizin mənafeləri naminə qəpiklərindən keçmirlər. Hesab edirəm, belə şəxslərlə mütəmadi görüşlər keçirməlidir, müəyyən təbliğat işləri aparılmalıdır. Nüfuzlu, intellektli,əlaqəli şəxslərin bu prosesə cəlb olunması Diaspor Komitəsinin prioritet məsələlərindən biri olmalıdır”. 

 

Tənzilə xanım qeyd edib ki, diasporla bağlı görülən bütün işlər demək olar ki, dövlətin boynuna düşür, amma əslində bu məsələlər fədakar insanların sayəsində yoluna qoyulmalıdır: 

 

"Azərbaycanı sevən şəxslər bir az fədakarlıq etməyi  də bacarmalıdır. Bu işdə bəziləri istedadını, ağlını düşüncəsini sərf edir, bəziləri də pulunu xərcləməlidir. Diaspora komitəsinə rəhbər təyin olunmuş Fuad Muradovun gənc olması, bu işdə bir dinamika yaratması, Azərbaycan diasporu barədə müfəssəl məlumatlara malik olması və həvəslə bu işə başlaması məndə böyük ümidlər yaradıb. Onun bu yaxınlarıda gənc diaspor nümayəndələri ilə Şəkidə təşkil etdiyi yay məktəbində mən də iştirak etdim, seminarda çıxışım oldu. Müxtəlif ölkələrdən gələn çox ağıllı, savadlı gənclərimizin olduğunu gördüm. Məni ən çox sevindirən onların milli düşüncəsi, ölkələri üçün daha çox iş görməyin, daha çox faydalı olmağın yollarını axtarmaqları idi.  Avropada doğulan, Azərbaycanı bəlkə də birinci dəfə görən, amma milli düşüncə ilə, milli şüurla böyümüş gənclərin bu işə həvəslə cəlb olunması məni qürurlandırdı.

Onlarda Azərbaycana qarşı böyük sevgi, ilgi gördüm. Orda bir qızımız mənə  bildirdi ki, Qarabağa aid mövzuda elmi iş götürüb işləyəcək. Bu yaxşı bir ideyadır. O tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu.

 

Başlanğıc olaraq belə tədbirlər, türk diasporu ilə Azərbaycan diasporasının birgə fəaliyyətinin təşkilatlandırması təqdirəlayiqdir. Bizim hər birimizin bu işlərə dəstək verməyimiz lazımdır. Dövlətimizin mənafeyi naminə hər kəs dəstək olmalıdır”.

 

 

"Onların məqsədi dəstək almaq yox, Azərbaycanda vəzifəyə gəlməkdir”

 

 

 

Araşdırmaçı jurnalist Aygün Muradxanlı isə Azərbaycan diaspora nümayəndələrinin yanlışlarından bəhs edib. Onun sözlərinə görə, Azərbaycan icmalarını digər millətlərin diaspor qurumlarından fərqləndirən cəhət fəaliyyət göstərdikləri ölkəyə yox, daha çox Azərbaycana yönəlik olmalarıdır: "Düşünürəm ki, bu, azərbaycanlıların diaspor anlayışındakı ən yanlış nöqtədir və problemlərin çoxu da burdan qaynaqlanır. Bəzi diaspor rəhbərlərinin fəaliyyətini izləyəndə aydın görünür ki, onların hədəfləri Azərbaycanı, ölkəmizin uğurunu, problemini bulunduqları ölkələrdə cəmiyyətlərdə tanıdaraq dəstək almaq yox, Azərbaycanda vəzifəyə gəlməkdir. Bu düşüncədə olan insanlarla faydalı iş qurmaq son dərəcə çətin, hətta mümkünsüz görünür. Sağlam diaspor fəaliyyətinə ən elementar məsələlərdən tutmuş, Azərbaycan üçün kənar dəstəyin vacib olduğu qlobal problemlərə qədər çox ciddi ehtiyac var”.

 AYGUN MURADXANLI

 

A.Muradxanlı deyib ki, ildə 3 dəfə - Xocalı qətliamının ildönümündə, Novruz bayramında və Dünya Azərbaycanlılarının Həmrəylik Günündə öz aralarında yığışmaq praktikasından əl çəkilməlidir: "Diaspor qurumlarının toplantılarında çox az hallarda fərqli millətlərin nümayəndələri görünür. Əslində isə toplantılarda rəsmilərin, heç olmasa, yerli səviyyəli hökumət nümayəndələrinin, diaspor qurumunun fəaliyyət göstərdiyi ölkənin vətəndaş cəmiyyəti fəallarının iştirakı Azərbaycan üçün faydalı olar. Hər il eyni 3-5 nəfəri toplayıb "tədbiri" Azərbaycan telekanallarına çəkdirib, Azərbaycanda yayımına nail olmaq, buna görə Azərbaycandan maddi dəstək ummaq qətiyyən diaspor fəaliyyəti sayıla bilməz. Düşünürəm ki, bu tendensiyalar təkrarlandıqca biz dünya ilə hökumətlər deyil, hətta vətəndaş cəmiyyətləri səviyyəsində də faydalı işbirliyi qura bilməyəcəyik”.

 

"Azərbaycanlıların kompakt yaşamasına nail olmaq lazımdır”

 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da maraqlı məqama toxunub. O bildirib ki, diaspora fəaliyyətinin effektiv olması üçün ilk növbədə xaricdə yaşayan azərbaycanlıların kompakt yaşamasına nail olmaq lazımdır:"Azərbaycanlılar Gürcüstan istisna olmaqla Rusiyada da, Avropada da həddən artıq dağınıq şəkildə yaşayır. Bu da diasporun işində ciddi problemlər yaradır. Tutaq ki, Norveçin şimalı ilə cənubu arasında məsafə 1000 km-dir. 5-6 azərbaycanlı şimaldadır, 5-6-sı cənubdadır. Bunların bir araya gəlməsi qeyri-mümkündür. Komitə diaspor fəaliyyətini əgər doğrudan da səmərəli qurmaq istəyirsə, gərək azərbaycanlıların xaricdə kompakt şəkildə yaşamalarını təşviq və təbliğ etsin. Hansısa səbəbdən azərbaycanlı xaricə gedirsə, onu mümkün qədər kompakt şəkildə yaşamağa inandırmaq, təşviq etmək lazımdır ki, diaspor əmələ gəlsin. Diaspor sadəcə vətəndaşların xaricdə yaşamasına deyil, həyatını birgə quran insan qrupuna deyilir. Bunlar əgər bir-biri ilə əlaqəli deyilsə, xeyirdə, şərdə birgə deyillərsə, diaspor təşkil edə bilməzlər”.

 

SƏRDAR CƏLALOĞLU

 

Partiya sədri hesab edir ki, eyni zamanda xaricə gedən azərbaycanlılara problemlərini həll etməyə kömək etmək lazımdır. Buna səbəb isə o azərbaycanlının sonradan əlindəki imkanlardan istifadə edərək, ölkə üçün müəyyən işlər görməsiə şərait yaratmaqdır: "Diaspor Komitəsi xaricdəki təmsilçilərin siyasi savadlanmasına, onların müəyyən iqtisadi problemlərini həll eləməsinə qayğı göstərməlidir ki, sonradan onlar əllərindəki imkanlardan istifadə edib Azərbaycanın xeyrinə işlər görsünlər. Xaricdə yaşayan azərbaycanlıların orada siyasi partiyalara üzv olması, seçkilərdə iştirak etməsi, həmin ölkələrin siyasi həyatında aktiv iştirakı mütləqdir, vacibdir. Bunsuz o diasporun Azərbaycan üçün heç bir əhəmiyyəti olmayacaq”.

 

Televiziya, qəzet və kitablar...

 

S. Cəlaloğlu diasporun fəaliyyətinin təşkili ilə bağlı təkliflərlə də çıxış edib: "Bütünlükdə diaspor işinin təşkili üçün diasporların fəaliyyətlərini əlaqələndirmək üçün KİV-dən istifadə edilməlidir. Bir diaspor televiziyası açılmalıdır. Hələlik internet səviyyəsində olsa da olar, sonradan lisenziya alına bilər. Bir diaspor qəzeti buraxılmalıdır. Bir də diaspor ədəbiyyatı yaradılmalıdır.

 

Mən hər dəfə xaricə gedəndə özümlə Qarabağla bağlı albomlar, kitablar aparıram. Görürəm ki, oradakı azərbaycanlıların Qarabağ münaqişəsi, Xocalı faciəsi, Azərbaycan problemləri ilə bağlı demək olar ki, anlayışları yoxdur. Diaspor nümayəndələrinin işinin effektiv olması üçün onların özlərini ilk növbədə maarifləndirmək, daha sonra onlar vasitəsilə yerli əhalini maarifləndirmək lazımdır. Yalnız bu vasitə ilə xarici ölkə vətəndaşlarının diqqətini ölkəmizə çəkmək olar”.

Diaspor Komitəsinin ilk növbədə Azərbaycan üçün strateji əhəmiyyəti olan ölkələri hədəfləməli, işi orada qurmalı olduğunu deyən partiya sədri həmin ölkələrin adlarını da açıqlayıb: "Bu ölkələr Rusiya, Almaniya, İngiltərə, Amerika, Fransadır. Dünyada baş verən proseslərdə Azərbaycan üçün bu ölkələrin mövqeyi vacibdir. Ondan sonra ikinci, üçüncü dərəcəli ölkələrdə diasporun fəaliyyətini əlaqələndirmək olar.

 

Əsas məsələlərdən biri diasporumuzun gücünü Türkiyə və digər islam ölkələrinin disaporunun gücü ilə birləşdirməkdir. Bizim diaspor nümayəndələrimiz onların diasporunun fəaliyyətində aktiv iştirak etməlidir ki, sonradan onları da öz işlərimizə cəlb edə bilsinlər”.

 

"Plan olmasa, nəticə də olmayacaq...”

 

Diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Elturk Diaspor Komitəsinin yeni rəhbərliyinin işlər gördüyünü, lakin indidən hansısa nəticə gözləməyin əbəs olduğunu dilə gətirib:"Bu sahədə əvvəldən problemlər var idi. Zaman-zaman mətbuat vasitəsilə dilə gətilirdi. Bildiyiniz kimi administrasiyasıın rəhbəri akademik Ramiz Mehdiyev diaspor komitəsinin keçmiş rəhbərinin fəaliyyəti ilə bağlı çıxış edərkən sərt ifadələr işlətmişdi.

Bu gün yeni rəhbərlik nəsə etməyə çalışır. Kadr islahatları aparılır. Bir sıra ölkələrə səfər ediblər və diaspor təşkilat sədr və fəalları ilə görüşlər keçiriblər. Sosial şəbəkələrdə də Bakıya gələn təşkilat sədrləri ilə komitə sədri Fuad Muradovun görüşləri haqqında məlumatları görürük. İndidən hansısa nəticələri gözləmək tezdir.Müəyyən vaxtdan sonra nəticələr haqqında danışmaq olar. Hesab edirəm ki,bu günlərdə xaricdə yaşayan gənclərlə bağlı düşərgənin təşkil olunması diasporda gənclərin fəallaşmasına təkan verə bilər. Bunu yaxşı dəyərləndirmək lazımdır.

Əsas sistemli fəaliyyətdir. Biz sahə ilə maraqlanan şəxs kimi bunu gözləyirik.

 

ELNUR ELTÜRK 

 

Konkret plan üzrə hərəkət etmək lazımdır. Ola bilər ki, komitənin yeni rəhbərliyinin əlində fəaliyyət proqramı var. Əgər, bu olmayacaqsa vəziyyət əvvəlki kimi olacaq.

 

Diasporda gənclərin aktivliyini mütləq təmin etmək lazımdı.Gənclərsiz diasporda hansısa addım atmaq çox çətindir”.

 

E. Eltürkün sözlərinə görə, xaricdə yaşayan intellektual ziyalılarımızla işbirliyi güclənməlidir: "Yüzlərlə ziyalımız xaricdə ali məktəblərdə dərs deyir və insanlar qarşısında çıxışlar edirlər. Onlar intellektual mühitlə daha çox yaxındırlar.Onlarla koordinasiya güclənməlidir. Bununla da diasporda effektiv iş ortaya qoyular.

 

 

Xarici media ilə əlaqələr sıxlaşmalıdır. Bilirsiniz ki,cənab Prezident Dünya Azərbaycanlılarının IV qurultayında xarici media ilə işləməyin vacibliyini dilə gətirdi. Xüsusilə,icmalarımızın yaşadıqları ölkələrin dillərin də saytların açılmasını qeyd etdi. Ən yaxşı təbliğat vasitəsi hesab edilə bilər.Bunun üzərinə yenidən gəlmək olar.

 

Əgər,diaspor fəalları yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiya edə bilmirlərsə,istənilən nəticəni göstərə bilməzlər. Yerli seçkili orqanlarında iştirak fəaliyyətin əsas istiqaməti təşkil olsa çox yaxşı olar. Bu həm də lobbiçilik fəaliyyətinə keçidi sürətləndirər”.

Paylaş:

Oxşar xəbərlər