Bakupress Milli İnformasiya Agentliyi

Mərhəmətsiz, qəddar dünyanın heç kimə faydası yoxdur

Küçədə rast gəldiyiniz insanlara nəzər yetirin. Kim bilir daxili aləmlərində nə baş verir, gülən üzlərinin arxasında nələr gizlənib, hansı çətinliklər, hansı problemlərlə mübarizə aparırlar?

Şübhəsiz ki, hər kəsin bir-birindən fərqli problemləri, fərqli narahatlıqları, fərqli qayğıları var. Əksəriyyəti də xoşbəxt deyil.

Mənəvi dəyərlərin əhəmiyyətini itirdiyi, dostluq, qardaşlıq, şəfqət, mərhəmət kimi hisslərin unudulduğu, maddiyətin ən önəmli güc halına gəldiyi dövrümüzdə üzümüzü hara çeviririksə-çevirək, tənhalıqdan gileylənən narazı insanlarla qarşılaşırıq. Dünya sözün əsl mənasında şiddət, nifrət, qəddarlıq və eqoistlik bataqlığına batmış haldadır. İstisnasız hər kəs münaqişələrin, mənfəətpərəstliyin, səmimiyyətsizliyin olmadığı, hər yerdə sülh, əmin-amanlıq və qardaşlığın hakim olduğu dünyanın həsrətindədir.

Dünyanı əhatə edən bütün bu pisliklərin mənbəyinə baxdıqda isə qarşımıza sevgisizlik çıxır. Sevgisizliyin səbəbi insanın özüdür. İnsanların daxili aləmlərində, digər deyişlə nəfslərində yaşadıqları sevgisiz, qəddar ruh zəncirvari təsir yaradaraq sürətlə bütün dünyaya yayılır.

Sevgisizliyin kökündə isə eqoistlik var. İnsan ən çox özünü sevir, təkcə öz nəfsini, öz rahatlığını, öz sağlamlığını, öz sevincini, öz komfortunu düşünür. Ətrafındakı heç kimə, heç bir varlığa sevgi və şəfqət gözü ilə baxmayıb, «başqaları niyə vecimə olsun», «yaşamaları və ya ölmələri, sağlam olmaları və ya olmamaları, əzab çəkmələri və ya çəkməmələri məni niyə narahat etsin» deyə düşünür. Tək meyarı isə budur: «kim mənə fayda verə bilər», «kim mənim əhvalımı, kariyeramı, qazancımı artıra bilər». Beləliklə qarşısındakı insana ancaq mənfəət əldə etmək gözü ilə baxır. Hər kəs onun üçün əmək sərf etsin, hər kəs onun üçün nəsə etsin. Sevməsin, amma sevilsin. Diqqət, şəfqət, mərhəmət, incəlik görsün. Xəta və qüsurları göz ardına vurulsun. Amma o heç kimə əmək sərf etməsin, heç kimi bağışlamasın, heç kimə səbir göstərməsin, heç kim üçün fədakarlıq etməsin. Heç kimə görə rahatlığından keçməsin…

Təkcə öz rahatlığını düşünən, «mən» mərkəzli dünyada yaşamağa öyrəşən bu insanların sürətlə vicdanları kütləşir. Qarşılarındakı insanı itirməkdən qorxmur, hətta yoxluğuna belə əhəmiyyət vermirlər.

Sanki yoluxucu xəstəlik kimi insanlar arasında yayılan bu eqoist ruh qısa müddət ərzində bütün cəmiyyətə sirayət edir. İnsanların acından ölməsi, dünyanın hər yerində müharibələrin olması, bazarların, məktəblərin, xəstəxanaların bombardman edilməsi bir çoxlarının vecinə olmur. Onlar həftə sonu necə əylənəcəklərini, əzələlərini gücləndirmək və ya artıq çəkidən xilas olmaq üçün hansı pəhrizi tutacaqlarını, «İnstagram»a, «Facebook»a hansı şəkillərini qoyacaqlarını, şəkillərə verilən şərhləri oxumaq və «like» sayında artım olub-olmadığını izləməklə məşğuldurlar.

Dünyanın bir çox ölkəsində gedən müharibələr, qətliamlar, münaqişələr, güllə yarası alan və qan içində olan yaxınını xəstəxanaya çatdırmağa çalışan və ya acından bir dəri, bir sümük olan uşaqların xəbərləri onları heç narahat etmir. Qollarına, bədənlərinə sevgi ilə bağlı gözəl sözlərdən ibarət tatuirovka vurdurur, sosial şəbəkə hesablarında yenə sevgi ilə bağlı sözlər paylaşır, amma o yazıların mənasını heç düşünmür, tələblərini yerinə yerirmirlər. Buna baxmayaraq bundan zərər çəkən yenə özləri olur. Ətraflarında bir çox insan olsa belə əsl sevgini heç vaxt yaşamamağın şüurunda olaraq həyatlarının sonuna qədər bədbəxt, narahat və tənha yaşayırlar.

Halbuki dünyanı yandırıb yaxan bu böyük bəla asanlıqla aradan qalxa bilər. Bu isə ancaq Allah qorxusu və gözəl əxlaqla mümkündür. Belə ki, Allah qorxusu və gözəl əxlaq olmadan sevginin yaranması mümkün deyil. Çünki sevginin şərtləri və sevgini bəsləyən meyarlar yalnız Allah qorxusuna əsaslanan vicdan və gözəl əxlaqla mümkün ola bilər. Fədakarlıq, səbir, bağışlayıcılıq kimi… Bu xüsusiyyətlərindən biri olmasa, əsl sevgi yaranmır. Məsələn, bağışlayıcılıq olmasa, sevgi olmur. Səbir olmasa, sevgi zaman keçdikcə yox olub gedir. Fədakarlıq olmasa, yenə də sevgi ölür. Sevgi sanki bir çox kiçik çarxın bir yerə gəlməsi ilə meydana gələn saat kimidir. Kiçik çarxlardan biri işləməsə böyük çarx fırlanmır. Sevgi də belədir.

Qısası, sevginin təməlini meydana gətirən mühiti ancaq çox güclü Allah qorxusu və gözəl əxlaq təmin edir. Çünki insanın eqoist nəfsani hissləri Allah qorxusu və gözəl əxlaqla cilovlanır. Sevgisiz, qəddar, eqoist hisslər ancaq Allahdan qorxub səbir və etina ilə gözəl əxlaq göstərildikdə aradan qalxır. Əks təqdirdə insan kabus kimi həyat yaşamağa məhkum olur. Qəlbindəki eqoistliyin qarşılığında eqoistlik görür və əsl sevginin, əsl dostluğun və qardaşlığın nə olduğunu heç vaxt bilmir.

Halbuki sevgi hər kəsin içində var. Hər kəsin ruhunda sevgiyə yer var. Sevgisiz, qəddar dünyanın heç kimə faydası yoxdur. İnsanları içinə düşdükləri bu qaranlıq dünyadan çıxartmağa çalışmaq, sevgini, mərhəməti, əfv etməyin gözəlliyini və sevgi dolu olmağın ruha verdiyi rahatlığı danışmaq hamımızın vəzifəsi olmalıdır.
Şəfəq Ağacan

Paylaş:

Oxşar xəbərlər