Bakupress Milli İnformasiya Agentliyi

Unutmayın, günəş sadəcə sizin üçün dönmür...

"Məqsədi və ona çatmaq üçün zəhməti olmadan heç bir insan yaşaya bilməz." Fyodor Dostoyevski

Həyatda konkret yolumuzu və dəqiq hədəfimizi müəyyən etmək çox önəmli məsələ olduğu kimi, düşünülmədən atılmış hər bir hərəkətin də fiaskolarla nəticələnməsi labüddür.

 

Həyat böyük okean kimidir. Hara gedəcəyimizi bilməsək heç bir ruzigar bizə kömək edə bilməz… Və nəhəng su kütləsinin ortasında tək-tənha qalarıq. O zaman fırtınalara qurban getməmiz, Bermud üçbucağına rast gələrək əbədiyyən bilinməzlik aləminə yelkən açmamız möhtəməl olar. Yollar çox və qarışıq, rotası təyin olunmamış səyahətlərin qorxunc sonu isə qaçınılmazdır. Dolayısıyla, düşüncə platformasında hədəf və məqsəd daima ilk yeri tutmalıdır. Əks təqdirdə, çoxluğa gedilmiş və xaosa düçar olunmuş olar.

 

Hədəf müvəffəqiyyətə gedəcək yolun ən önəmli addımıdır. Minlərlə yolun arasından biri seçiləcək və əmin addımlarla irəli doğru gediləcək. Çəkinməyin! Düşünün və hədəfinizi müəyyən edin.

 

Yoxsa universitetə qəbul olmaq istəmirsinizmi? Yaxşı ailə başçısı olmağı düşünmədinizmi? Tərbiyəli övlad böyütmək arzusunda deyilsinizmi? Sahənizdə ən yaxşı mütəxəssis olmağı xəyal etmirsinizmi? Zəngin olmaq yuxularınızı qaçırmadımı?

 

İllər sonra miskin, aciz və əlibaxımlı olsanız, bu öz səhvinizin zərərli meyvəsi olacaq. Gələcək sıxıntılardan qurtulma naminə hədəfinizi bu gündən müəyyən edin. İtiriləcək günümüz yoxdur. Çünki biz hər insanın bir gündə iki günü olduğuna inanırıq. Biri hər kəsin özünə aid günü, digəri isə gələcək nəsillərə aid günü. İki qat məsuliyyət… Elə isə, vaxt keçirməyə lüzum yoxdur. Düşünün, daşının və hədəfinizi seçin. Siz hara gedəcəyinizi bilsəniz, yol vermək üçün bütün dünya bir yana çəkiləcək.

 

Böyük hədəflər seçin.

 

Nədənsə çox vaxt iç aləmimizdə saxladığımız, xəyalları ilə bütünləşdiyimiz hədəfləri söyləməkdən çəkinirik. Bəzənsə onların utopik çərçivədən çıxmayacağını fikirləşib birdəfəlik unutmaq üzrə qərar qılırıq. Halbuki, böyük nəticəyə gedən yolun ilk addımı böyük hədəfdir. Bacara bildiyiniz qədər böyük düşünəcəksiniz. Fransız siyasətçi Roques Montqayllard «Aşağıdan baxıldığında çox yüksəkdə görülən dağların zirvəsinə çıxdığımız zaman onların bir təpədən fərqli olmadığını anlayırıq», — deyir. Demək ki, hədəfiniz sərhəd tanımayacaq, yerlə çarpışıb, göylə əlləşəcəksiniz. Tam hədəfiniz reallaşarsa belə, çatdığınız məqam hədəfiniz nisbətdə böyük olacaq. Məhz buna görə Konfutsi əsrlər əvvəldən eyni şəkildə səslənir: “Əgər ağaca çıxmaq istəyirsinizsə, ulduzları hədəf alın.”

 

Böyük düşünün! Hədəf Himalay olunca, Elbrus təpə kimi olacaq. Ayaqlarınızın altına alın böyük işlər görməkdən çəkinmə duyğusunu. Yüksəklərə dikin gözünüzü, əminlik və güvənlə. Rajneş Bhaqvanın dediyi kimi «Zirvələrlə oynayın! Enerjinizin nələrə qadir olduğunu dərk edə bilsəniz, müvəffəqiyyət sizi izləməyə başlayacaq».

 

Dəqiq və konkret hədəflər seçin.

 

Hədəfiniz dəqiq və konkret olmalıdır. Bu, planlarınızı reallaşdıracaq yollar müəyyənləşdirməniz üçün ən önəmli faktordur. Nə istədiyinizi dəqiq biləcək və əsla müxtəlif məcralarda, bir-birinə zidd hədəf və arzulara yanaşmayacaqsınız. Məşhur həkim olmağı göz önünə alarkən, mükəmməl mühəndis olmağı düşünməməlisiniz. Həyatınız bir-birindən uzaq hədəfləri reallaşdırmaq üçün mümkün qədər qısa, tələb və ehtiyaclarınız sonsuzdur. Əks təqdirdə, hər şeyi əldə etmək istərkən, heç bir şeylə qarşılaşacaqsınız.

 

İ.A.Krılovun «Qu quşu, durnabalığı və xərçəng» təmsilini bilirsiniz. Bir zamanlar qu quşu, durnabalığı və xərçəng dostluq edirlər. Bir gün onlar yüklərini araba ilə daşımaq qərarına gəlirlər. Qu quşu dərhal uçaraq arabanı havaya, durnabalığı üzərək suyun dibinə və xərçəng geriyə gedərək özünə doğru çəkməyə başlayır. Nə qədər güc sərf etsələr də, arabanı konkret bir yerə yönləndirə bilmirlər.

 

Dəqiq düşünün. Nə olmaq istəyirsiniz. İstəkləriniz eyni istiqamətdə, birinin reallaşdırılması digərinə kölgə salmayacaq şəkildə olsun. Və bütün varlığınızı hədəfinizi reallaşdırmağa həsr edin. Nəzərləriniz, əsla başqa yerə yönəlməsin.

 

Aleksandr Qreham Bell «Bütün fikrinizi etməkdə olduğunuz işin üzərində mərkəzləşdirin. Günəş şüaları bir yerə mərkəzləşmədən oranı yandırmaz», — deyir. Demək, bütün fəaliyyətləriniz hədəflərinizin ətrafında dövr edəcək. Lakin…

 

Hədəfləriniz müəyyən plan çərçivəsində olmalıdır.

 

Hal-hazırda üzərində işlədiyiniz obyekt bu fəaliyyətlər üçün bir zərgər dəqiqliyi tələb edən həyatınızdır. Etdiyiniz hər hansı boş vermənin fakturasını ödəyəcək sizsiniz. Bu məramda mütləq planlı və proqramlı olmasınız.

 

Diqqət etsəniz, iş həyatında insanların çoxu mövcud şəraiti bəyənməz, giley-güzar edərlər. Çünki, başqalarının tətbiqini məcburi qıldığı qərarlar heç də hər kəsə xoş gəlməz. Bəzən ən mükəmməli fikirləşərsiniz, amma nadfilə, kimsə sizi dinləməz. Təşəkkür edilib, təriflənmək yerinə, məzəmmət olunub tənqidçi bilinərsiniz. Üzülməyin, çarə qılın. Gələcək planlarınız haqqında düşünün. Yoxsa həyatın hökmüdür, öz gələcəyi haqqında planları olmayanlar başqalarının planlarına tabe olarlar.

 

Sizdən biriniz roman yazarı olmağı hədəfləyirsə, olimpiadalara qatılacaq bir idmançı surəti ilə çalışmalıdır. İçinizi roman doldurmalıdır. Çörəyin, pendirin qiymətini unutmalısınız. Başqa şeyləri ağlınızdan silməlisiniz. Hündürlüyə tullanma məşqləri edən adam futbolçu ola bilməz. Roman yazarı olmaq istəyən ümumdünya miqyasında tanınacaq yazar olmağı qarşısına məqsəd qoymalıdır. Arada bir qaçan olimpiada rekordu qıra bilməz. Hər kəs gəzib-əylənərkən, o çalışmalıdır.

 

Hədəfə bağlanmaq, onunla bir vəhdət halına gəlmək, yatarkən, gəzərkən, hətta gündəlik fəaliyyətləri həyata keçirərkən hər zaman hədəfini düşünmək lazımdır. Düşünməkdən yuxularınız qaçacaq və əzminiz əsla tükənməyəcək.

 

Karfagen Romaya gedən dəniz ticarət yolunu Qərbi Siciliya və Şimali Afrika vasitəsilə nəzarətdə saxlayırdı. Bu da öz növbəsində Romanın ticarət fəaliyyətlərini çətinləşdirirdi. Dolayısıyla, necə olursa olsun, Karfagen məğlub edilməli idi. Romalı senator Markus Porsius Katon (e.ə. 234 -149) da bunu heç bir şəkildə ağlından çıxartmırdı və tam 30 il nə mövzuda danışırsa, danışsın, xitabını „Delenda est Carthago!“ (Karfagen mütləq dağılmalıdır!) ifadəsilə bitirirdi. Hər şeyini hədəfinə həsr etmişdi. Beləcə bir müddət sonra hədəfinə qovuşmuş və Karfagen ilə müharibəni qalib olaraq başa vurmuşdu.

 

Heç bir şey çətin deyil, əsas məsələ onu kiçik parçalara ayıra bilməkdir.

 

Henri Ford hər səhər Nyu-Yorkun cənub məhəlləsindən şimalda yerləşən məhəlləsinə piyada gedərmiş. Getdiyi yolda xeyli uzaq məsafədə idi. Bu idealist adam hər gün təkrarladığı gəzintini belə izah edir:

 

»Səhər evdən çıxanda yolun uzunluğunu əsla ağlıma gətirməzdim. Qabaqda gül mağazası var idi. Ora çatıb, yeni açılan gülləri qoxulamağı fikirləşirdim. Gül mağazasına çatanda qarşıda olan qəzet köşkünə çatmağı hədəfləyirdim. Görəsən aşağıdakı qəzetlərin manjetlərində nələr yazılıb. Köşkə çatdıqdan sonra qarşıda olan paltar mağazasına çatmağı hədəfləyirdim.”

 

Henri Ford hər yüz metrdən bir özünə hədəf seçdiyi üçün davamlı qət etdiyi kilometrlərlə yolu gözündə böyütmədən bitirirdi. Beləliklə o, Hədəfə çatmağın ən qısa yolu onu parçalara bölməkdir sözünü özünə düstur edir və bu yolla böyük uğur qazanır. «Yolu qət etməyi asanlaşdırdığım kimi maşın istehsalını da asanlaşdıra bilərəmmi?» sualını özünə verir və cavab tapır — hərəkət edən konveyer üzərində maşın istehsalı.

 

Motor konveyer üzərində hərəkət edir. Bir işçi onun bir hissəsini, digər işçisi isə başqa bir hissəsini motora taxır. Hər işçi bir parça əlavə edəndə avtomobil sürətlə istehsal edilir. Amma heç bir işçi böyük bir maşını istehsal etdiyini düşünmür. İşçi sadəcə olaraq işinin şurup taxmaq olduğunu biləcək və ona əməl edəcəkdir.

 

«Hədəfə çatmağın ən qısa yolu onu parçalara bölməkdir». Elə isə siz də hədəflərinizi parçalara ayırın. Bütövlükdə sizə böyük görünən işlər addım-addım irəlilədikcə kiçiləcək. Hər gün edəcəyiniz işləri müəyyənləşdirin. Və bir günü də olsa, boş buraxmayın. Günlük görüləcək işlər sizə az gəlsə də, böyük xəyallarınızı reallaşmasına hamilədir. Unutmayın, dəryalar damlalardan meydana gəlir, amma damlaların dəryalaşacağı zamanı önləməyə kimsənin gücü yetməz.

 

Hədəflərinizi reallaşdırmağa bu gündən başlayın..!

 

Artıq planlarınızı qurdunuzmu, hərəkətə bu gündən başlayın. Özünüzü havanızda hiss edincəyə qədər gözləməyin. O ruh halı, əsla gəlməyəcək. Və bacardığınız qədər tez hərəkət edin. Əgər verildiyi vaxt ala bilməzsəniz, heç ala bilməyəcəksiniz. Unutmayın, günəş sadəcə sizin üçün dönmür..

Şəfəq Ağacan

 

Paylaş:

Oxşar xəbərlər