Bakupress Milli İnformasiya Agentliyi

SOCAR-ın Mənsimova gücü çatmazdı: Pekeri kim danışdırır?

Son günlər türkiyəli iş adamı, “mafiya babası” Sedat Pekerin açıqlamaları gündəmdədir. Bu açıqlamalara onmilyonlarla adam baxır. Sedat Peker hazırda laməkandır (BƏƏ-də bir oteldə gizləndiyi haqda bilgi var – red.), özündən olsa, “Türkiyə dərin dövləti”ni ifşa edir. Guya “Türkiyə dərin dövləti” azərbaycanlı iş adamı Mübariz Mənsimovu aradan götürmək istəyir və bütün mərəkə də buna görədir...

 

Sedat Peker hətta azərbaycanlı məşhur avtoritet Lotu Qulinin də Türkiyə dərin dövlətinin sifarişi ilə Bakıda həbsdən azad edildiyini və “killer” qismində İstanbula gətirildiyini iddia edir. Lotu Quli Mübariz Mənsimovu qətlə yetirməkdən imtina etdikdə (!), Mübariz Mənsimov “Türkiyə dərin dövləti”nin adamı ilə ABŞ-a göndərilir və məlum Xoca ilə tanış edilir. Sonra Müabariz Mənsimovu Xoca ilə işbirliyində şərləyib həbs edirlər. Lotu Quli isə “Türkiyə dərin dövləti”nin əli ilə qətlə yetirilir...

 

Göründüyü kimi, Sedat Pekerin “Türkiyə dərin dövləti”nə qaşı ittihamları çox ciddidir və hazırkı araşdırmaların predmetidir.

 

Sedat Peker kimdir?

 

O, 50 yaşlarında, Türkiyədə “mafiya babası” və imkanlı iş adamı kimi tanınan, Türkiyə hökumətində və cinayətkar aləmində danılmaz nüfuzu olan ciddi fiqurdur. Lotu Qulinin Sedat Pekerlə çox isti, dostyana, hətta qol-qola şəkilləri var. Amma Sedat Pekerin mətbuata açıqlamaları siyasətə qoşulması kimi dəyərləndirilməlidir və bütün dünyada cinayət aləmində pis qəbul edilir. Sovetin cinayət aləmində siyasətə qoşulan avtoritetlər “apelsin” adlanırdı və aşağı “sortlu” sayılırdı.

 

Keçək Sedat Pekerin konkret ittihamlarına. Adam iddia edir ki, Mübariz Mənsimov Türkiyədə kokain alverinin babası idi. Aralıq dənizində bir ada almışdı və minlərlə ton kokain Mübariz Mənsimovun neft tankerlərində bura gətirilirdi və burdan bütün Türkiyəyə idxal edilirdi. “Türkiyə dərin dövləti” də məhz bu biznesi Mübariz Mənsimovun əlindən almaq üçün ona “torba tikirdi”.

 

Məlum olduğu kimi, Mübariz Mənsimov Türkiyədə ilk onluğa düşən ciddi iş adamı, milyarderdir. Belə bir adamın şübhəli və cinayətli bir bizneslə məşğul olması nə qədər realdır və ona nə qədər lazımdır?!

Sonra, Mübariz Mənsimov Türkiyədə məlum “Gəmi mafiyası”nın üzvü idi, ona təhlükəli “narko-trafik”ə qoşulmaq imkanı verilərdimi?! ABŞ-da yaşayan və Türkiyə hakimiyyətinə düşmən olan Xoca ilə şübhəli əlaqələr iş adamı Mübariz Mənsimova nə qədər lazım idi?!

 

Göründüyü kimi, bu suallar bu gün də cavabsızdır. Deməli, Sedat Peker də yalan danışır. Mübariz Mənsimovun SOCAR-ın sifarişi ilə həbs olunduğunu deyənlər də var. Amma bunlar avam adamlardır, onlar ya SOCAR-ın miqyasını şişirdir, ya da PALMALİ-nin miqyasını bilmir. Mübariz Mənsimov Türkiyədə SOCAR-dan daha böyük vergi ödəyicisi idi. Türkiyə də, bütün sivil dövlətlər kimi özünün vergi ödəyicilərini qorumalı idi. Deməli, Mübariz Mənsimovun sanksiyalara məruz qalan İrandan neft daşıması və ABŞ-ın sifarişi ilə həbs olunması versiyası daha realdır...

 

Nəhayət, Sedat Pekerin Lotu Quliyə yapışdırmaq istədiyi “killerlik” damğası. Məlum olduğu kimi, cinayətkar aləmdə pulla adam öldürmək pis sayılır və hətta killerlər cəzalandırılır. Bilənlər bilir, bilməyənlər üçün deyim ki, Lotu Quli postsovet məkanında “qanuni oğru” adını qiyabi alan tək-tək adamlardan biri idi. Türmədə, qapalı məkanda oturan və bütün postsovet məkanında ciayətkar aləmə təsir imkanları olan yeganə avtoritet idi. Bunu hətta cinayətkar aləmin sovet əfsanələri – Ded Xasan və Yaponçik də edə bilməmişdi. Lotu Qulinin hər iki ciddi düşməni – Hikmət Sabirabadski və Rövşən Lənkəranski Azərbaycandan çox uzaqda, naməlum şəraitdə qətlə yetirilmişdi. Doğrudur, bu qətllər hamıdan çox Lotu Quliyə sərfəli idi, amma o, bu zaman hələ türmədə idi...

 

Bəli, Lotu Quli çox ciddi adam idi, faktiki olaraq, cinayətkar aləmin postsovet əfsanəsi idi. Belə bir adamın “killer” kimi əskik bir missiyanı boynuna götürməsi və Mübariz Mənsimov kimi hörmətli bir oğlanı öldürmək üçün Türkiyəyə gəlməsi nə qədər realdır, ağlabatandır?!

 

Deməli, Sedat Peker yenə də yalan danışır. Amma niyə yalan danışır, bu, onun nəyinə lazımdır?

Bəli, bu suallar da çox ciddidir və növbəti araşdırmaların predmetidir...

 

Paylaş:

Oxşar xəbərlər