Bakupress Milli İnformasiya Agentliyi

"Məni və Fidan xanımı xalqımıza tanıdan jurnalistlər olub, jurnalistlər olmasaydı..."

"Öncə təbrikləriniz üçün sizə öz təşəkkürümü bildirirəm. Ad günlərimi uşaqlıqdan çox sevməyə başlamışam, xatırlayıram ki, ailəmizlə bu günü səbirsizliklə gözləyərdik. Bilirdik ki, yaxınlarımız bizə yığışacaq, hamı məni təbrik edəcək. Çox gözəl, çox şən keçərdi doğum günlərimiz. Bu bizim ailəmiz üçün məxsusi gün idi. Yadımdadır, anamız gözəl tortlar hazırlayardı, masanı bəzəyərdik, tortların üstünə şam qoyub onları üfürəcəyimiz dəqiqələri sayardıq. Bütün bunlar çox gözəl anlardır, mən bunları heç bir zaman unutmuram. Elə indi də mən öz doğum günümü sevirəm, çünki kifayət qədər ailə üzvlərim, dostlarım, yaxınlarım var ki, bu xoş günü mənimlə birlikdə qeyd edirlər. Əfsuslar olsun ki, bu gün  valideynlərimiz yanımızda deyil. Yanımızda olmasa da onların ruhu, siması hər zaman bizimlədir"

 

BakuPress.Az xəbər verir ki,bunu moderator.az-a açıqlamasında Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, Şöhrət, Şərəf və İstiqlal ordenli Xuraman Qasımova deyib. Sənətkar daha sonra əlavə edib.

"Bu il keçirilən doğum günümü xüsusi bir hədiyyə ilə qeyd edirəm. Bilirsiniz ki, möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyev dünən məni vətənimizin ən yüksək "İstiqlal" ordeni ilə təltif etdi. Bu xoş xəbəri eşidəndə mən çox kövrəldim, gözlərim yaşardı, hətta ağlamağa başladım. Təbii ki, bu sevinc göz yaşları idi. 3 il bundan öncə cənab prezident bacım Fidan Qasımovanın yaradıcılığına yüksək qiymət verərək, onu da "İstiqlal" ordeni ilə təltif etmişdi. Cənab prezidentə təşəkkürümü bildirirəm ki, bizim yaradıcılığımızı yüksək qiymətlə dəyərləndirib. Dünəndən başlayaraq, demək olar ki, 24 saatdır ki, mənim evimə Azərbaycanın bütün bölgələrindən telefon zəngi edirlər, nəinki Azərbaycandan, xarici ölkələrdən-Amerikadan, Almaniyadan, İtaliyadan, Fransadan, Hollandiyadan, İrandan, Türkiyədən və s. ölkələrdən zəng edib təbrik ünvanlayırlar. İki ildir ki, ürəyim istəyən kimi doğum günümü qeyd edə bilmirəm. Keçən ildən bəri başlayan pandemiya şəraiti bizi evlərimizə qapadıb, özümüzü qoruyuruq, məsafə saxlayırıq, canlı yox, onlayn ünsiyyətə üstünlük veririk. Mən arzu edirəm ki, necə ki, biz 44 günlük Qarabağ müharibəsindən qələbə ilə çıxdıq, bu koronovirusa da tezliklə qalib gələcəyik. Fidan və Xuraman Qasımovalar yaradıcılıqları boyu daim Azərbaycan mədəniyyətinin, incəsənətinin adını yüksək tutmağa çalışıblar. Biz hər zaman istəmişik ki, ölkəmizin incəsənəti, musiqi sənəti dünyada tanınsın və bunun üçün əlimizdən gələni əsirgəməmişik. Əgər buna nail ola bilmişiksə biz çox xoşbəxtik. Bu illər ərzində yüzlərlə insan mənə də, Fidan xanıma da zəng edib, xoş sözlərini bildirirlər. Bu zənglər onu göstərir ki, biz həyatımızı boşuna yaşamamışıq, xalq bunu qiymətləndirir. Uzun illər öncə ağır günlər keçirmişəm, yenə də xalqımın dəstəyini görmüşəm. Xalqımıza təşəkkür edirəm ki, hər zaman bizim haqqımızda yüksək fikir söyləyirlər. İnanın, küçədə gedəndə bizi saxlayırlar, əlimizdən tutmaq, şəkil çəkdirmək istəyirlər. Çox gözəl xalqımız, ürəyi açıq, üzügülər, insanlarımız var. O gün olsun ki, bizim küçələrimizdə, meydanlarımızda şən musiqi səslənsin, gözəl günlər keçirək. Biz hər zaman sizinləyik, sizin Fidan və Xuraman Qasımovalarınızıq! Hamınızı öpürük! Mən Azərbaycan xalqının qarşısında baş əyirəm. Qarabağ qələbəsində bütün xalq, qəhrəman oğullarımız Ali Baş Komandanımız İlham Əliyevin bir çağırışı ilə ayağa qalxıb, cəsarətlə döyüşərək torpaqlarımızı azad etdi. Bütün şəhid olan qardaşlarımızın ruhu şad olsun, yerdə qalanlara isə uzun ömür arzu edirəm. Mən və Fidan xanım, hər ikimiz vətənimizi çox sevirik, onunla qürur duyuruq, ona görə də biz bu günləri burdayıq, heç bir yerə getməyi düşünməmişik, hər zaman vətənimizdə olmağı arzulamışıq" deyə sənətkar bildirib.

 

Xuraman Qasımova bir neçə gün öncə Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlər haqda da danışıb.

 

"Bizi, məni və Fidan xanımı xalqımıza tanıdan jurnalistlər olub. Jurnalistlər olmasaydı, bizim haqqımızda o yazılar mətbuatda yayımlanmasaydı, uğurlarımız kütləvi informasiya vasitələrində işıqlandırılmasaydı bizi kim tanıyacaqdı?! Jurnalistika çox çətin və məsuliyyətli peşədir. Bir neçə gün öncə bizim iki jurnalistimiz, media nümayəndəmiz Kəlbəcərdə minaya düşərək, həlak oldular. Çox böyük ürək ağrısı ilə dünyasını dəyişərək şəhid olan jurnalistlərə Allah rəhmət etsin deyirəm, ailələrinə səbr arzulayıram. Onlar hələ çox cavan idilər, bu qəbul edilməz bir acıdır. Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini bizə versəydi, əlbəttə ki, bu itkilərimiz də olmayacaqdı. Hər bir vətəndaşımızı Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırmağa çağırıram. Çox təəssüf ki, son illərdə bizim səfərlərimiz məhdudlaşıb, amma  buna baxmayaraq bir çox dünya ölkələrində dostlarımız var ki, çalışırıq ölkəmizlə bağlı həqiqətləri, haqq səsimizi onlar vasitəsilə bütün dünyaya çatdıraq. Çünki biz haqlıyıq, haqq heç bir zaman yerdə qalmır, haqq qələbədir. Hər şey göz qabağındadır" deyə sənətkar bildirib.

Paylaş:

Oxşar xəbərlər