Bakupress Milli İnformasiya Agentliyi

Ordum varsa,yurdum var

Ordum varsa,yurdum var

Milli Ordu güvənc yerimiz, qürur mənbəyimizdir

 


Tarix boyu xalqımız qəhrəmanlıq ənənələri ilə ad-san çıxarıb, yadellilərə qarşı mərdliklə döyüşüb. Böyük sərkərdələr yetirən Azərbaycan xalqının çox yaxşı bir deyimi var: “Ordun varsa, yurdun var”. Doğrudan da, nizami ordu, mərd və qorxmaz oğullarımız olmasa, Vətəni nə qorumaq, nə də yaşatmaq olar. Güclü ordumuz olmasa, müstəqilliklə, azadlıqla bağlı xalqımızın bütün arzuları puça çıxar.

 

Ötən əsrin əvvəllərində — Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu cəmi 23 aylıq qısa zaman kəsiyində xalqımız öz ordusunu, hərbi qüvvəsini yaratmağa imkan tapdı. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi dövrün istedadlı generallarının böyük zəhməti nəticəsində Azərbaycan ordusunun peşəkar hərbi quruma çevrilməsi üçün mühüm tədbirlər həyata keçirildi. Cümhuriyyət dövründə ordu quruculuğu ilə bağlı çatışmazlıqlar çox idi. Xarici təzyiqlərdən, hərbi texnikanın alınmasındakı çətinliklərdən tutmuş peşəkar hərbi kadrların çatışmazlıqlarına qədər mövcud olan bütün problemlər özünü qabarıq formada büruzə verdi.

Çar Rusiyası dövründə azərbaycanlıların hərbi mükəlləfiyyətdən azad edilməsində bir hiylə, məqsəd var idi. Bu yolla xalqımız hərbi ənənələrini yadırğayırdı. Çarizm istəmirdi ki, milli respublikalarda hərbin nə olduğunu bilsinlər. Sovet dövründə isə azərbaycanlı gənclər əsasən tikinti-inşaat taborlarında, müasir hərbi texnikanın olmadığı, taktiki döyüş təlimlərinin aparılmadığı yerlərdə hərbi xidmət keçirdilər. Təbii ki, bütün bunlar məqsədli şəkildə həyata keçirilirdi.
100 illik tarixi olan Azərbaycan Ordusu bu gün öz yaranma gününü qeyd edir. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. O zaman Milli Ordunun ömrü Demokratik Respublikanın ömrü qədər oldu. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Sovet dövründə azərbaycanlı gənclər hərbi xidmətə çağırılsalar da, onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi. Bu siyasətin mahiyyətini yaxşı başa düşən ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail oldu.

Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra isə ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. İlbəil Orduya ayrılan vəsaitin həcmi artırıldı, maddi-texniki baza gücləndirildi, yeni-yeni silah-sursat və hərbi texnika alındı, ölkədə hərbi sənayenin inkişafına başlanıldı. Məhz bunun nəticəsində Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarət Azərbaycan Ordusu bu gün regionun ən güclü ordusu adını daşıyır.

Ordu quruculuğu dövlətin diqqət mərkəzində olan bir nömrəli məsələdir. Yalnız Silahlı Qüvvələrin müasir silahlarla təchizatı, texniki təminatı deyil, hərbçilərin sosial problemləri də nəzərə alınır və uğurla həll edilir. Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı sərəncama əsasən, indiyədək 900-ə yaxın hərbi qulluqçu müxtəlif regionlarda dövlət vəsaiti hesabına tikilmiş mənzillərlə təmin olunub. Daha yüzlərlə hərbçinin mənzil-məişət problemləri yaxın zamanlarda öz həllini tapacaq. Vətən keşikçilərinin nəinki mənzil, eyni zamanda xidmət şəraiti də yaxşılaşdırılır. Hərbi hissələr, hərbi şəhərciklərdə təmir-bərpa işləri aparılır, yeni hərbi bazalar tikilir. Azərbaycan müdafiə sənayesinin inkişafına da böyük diqqət ayırır. Dövlət sifarişi əsasında hərbi texnika, silah, mühəndis texnikası, ehtiyat hissələri, döyüş sursatları və digər mindən çox adda hərbi təyinatlı məhsullar istehsal edilir. Və indi ölkəmiz hərbi məhsulları həm də ixrac edir.

İlham Əliyev– Azərbaycan Respublikasının Prezidenti: “Ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi-texniki təminatla məhdudlaşmır. Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu mühüm yer tutur. Mən tam əminliklə deyə bilərəm ki, bu baxımdan Azərbaycan Ordusu güclü ordular sırasındadır. Döyüş qabiliyyəti artır, orduda mənəvi-psixoloji vəziyyət çox müsbətdir, vətənpərvərlik ruhu, nizam–intizam yüksək səviyyədədir. Əlbəttə, bütün bu amillər bizim hərbi gücümüzü daha da artırır. Mən son illər ərzində dəfələrlə qeyd etmişəm ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha sübut etdi. Bütün dünyaya sübut etdi ki, bu gün Azərbaycanla hesablaşmaq lazımdır”.

Azərbaycan nəinki iqtisadi və sənaye gücünə malikdir, biz hərbi sahədə də böyük nailiyyətlərə çata bilmişik. Dövlət başçısı əmin edir ki, bu proses daim aparılacaq. Döyüş qabiliyyəti daim təkmilləşməlidir və Azərbaycan qarşıda duran bütün vəzifələri bundan sonra da uğurla icra edəcək. Çünki biz müharibə şəraitində yaşayırıq və uzun illərdir torpaqlarımız işğal altındadır. Azərbaycan Ordusu artıq böyük uğurlara imza atıb. Aprel döyüşləri bunun ən bariz nümunəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, aprel döyüşləri tarixdə bizim böyük hərbi qələbəmiz kimi qalacaq. Bu qələbə ilə düşmən Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunu aydın şəkildə gördü və anladı ki, artıq Azərbaycanla hesablaşmaq vaxtı çatıb, bizə heç kim şərt qoya bilməz.

Düzdür, Ordumuz əhəmiyyətli zəfər qazandı, yalnız bir neçə strateji yüksəklik deyil, xalqın qələbəyə inamı da geri qaytarıldı. Əlbəttə ki, bu, hələ yolun başlanğıcıdır. Məqsədə çatmağa uzun yol var. Ona görə də, bilik və bacarıqlar təkmilləşdirilməli, döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılmalıdır. Mütəmadi şəkildə keçirilən hərbi təlimlər də məhz buna hesablanıb.
Təlimlər də göstərdi ki, Prezident, ali baş komandan İlham Əliyev tərəfindən Silahlı Qüvvələrdə bütün istiqamətlərdə aparılan islahatlar öz uğurlu nəticəsini verir. Azərbaycan əsgərinin açdığı atəş hədəfdən yan keçmir. Ordumuz qarşıya qoyulan məqsədə doğru inamla irəliləyir. Və bu uğurlu addımlar bizi QARABAĞA aparır!
İnşAllah gələn il Milli Paradımızın Məhz Qarabağımızda qeyd etdiyimiz haqqında təəsüratlarımı məhz elə bu cür qürur hissi ilə yazacam! Amin!

Şəfəq Ağacan

Paylaş:

Oxşar xəbərlər