Bakupress Milli İnformasiya Agentliyi

Heydər Əliyev hələdə yaşayır

Heydər Əliyev hələdə yaşayır

 

Heydər Əliyev ömrünün 81-ci ilində dünyasını dəyişdi. Millət və dövlətə xidmətə həsr olunmuş mənalı bir ömür başa çatdı. Heydər Əliyevin keçdiyi ömür yoluna nəzər salıb çox məqamları vurğulamaq mümkündür.

Heydər Əliyevin zəngin ictimai-siyasi ömür yolunun zirvələrini xronikal qaydada birər-birər xatırlamaq olar. Amma bunların hamısını etməklə biz onsuz da bəlli olan fikir və mülahizələri təkrarlamış olardıq. Heydər Əliyevin ömür yolu, onun şəxsi keyfiyyətləri bütün məziyyətləri ilə yetərincə məlumdur. Çünki Heydər Əliyev hər zaman Azərbaycan xalqına bağlı olub və onun ömür yolu elə Azərbaycan tarixinin bir hissəsidir. Əgər söhbət Heydər Əliyevin siyasi portretindən gedirsə, bircə tezislə məhdudlaşmaq kifayət edər. Heydər Əliyev ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə də təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin çıxarlarını ağılla və dəqiq hesablayan bir lider idi.


Azərbaycanın bugününə nəzər salsaq, qeyd-şərtsiz iddia edə bilərik ki, Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini 20-30 il öncədən görən lider olub. Heydər Əliyevin rəhbərlik etdiyi sovet Azərbaycanında əldə edilən iqtisadi nailiyyətlər, təməli atılan nəhəng layihələr, bu layihələrin bugünkü müstəqil Azərbaycan üçün strateji önəmi barədə çox danışmaq olar. Amma mən bircə faktı qeyd etməklə kifayətlənmək istərdim. Heydər Əliyev 30 il öncə sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq bir məktəbin yaradılmasına nail olub. O məktəb ki, Azərbaycanda milli ordu quruculuğunun əsas tədris ocaqlarından birinə çevrildi. 30 il öncə həmin məktəbin müdavimləri olanlar indi Azərbaycan Silahlı Qüvvələrinin komandirləri, generallarıdır. Əlbəttə, indi bəziləri 1973-cü ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasını bir zavod, fabrik tikintisi qədər adi qərar hesab edə bilərlər. Amma bu qərarı vermək üçün həqiqətən böyük iradə, cəsarət və uzaqgörənlik lazım idi.

Heydər Əliyev realist siyasətçi idi. Onun siyasi və idarəçilik prinsiplərinə romantizm və xülyaçılıq yad idi. Qəbul etdiyi qərarlar ilk baxışdan qeyri-populyar görünə bilərdi (məsələn, 1994-cü ildə atəşkəsin əldə edilməsi), lakin bu, son nəticədə düzgün və bütün reallıqları nəzərə alan ən optimal qərar olurdu. Heydər Əliyev xalqa fantastik və populist vədlər vermir, əksinə, real vəziyyəti və cari şəraitdə əldə edilə biləcək nəticələri açıqlayırdı. 
...Adətən, böyük şəxsiyyətlərə obyektiv qiymət verərkən onların yaşadıqları dövrün imkanları ilə müqayisədə nələri edə bildikləri əsas götürülür. Bu baxımdan Heydər Əliyevin həm Azərbaycana rəhbərlik etdiyi və həm də bu missiyadan kənarda olduğu dövrlərə qiymət verərkən birmənalı olaraq deyə bilərik ki, o, zamanın və şəraitin verdiyi imkanlardan öz xalqının maraqları və yüksəlişi naminə maksimum istifadə edib. Azərbaycanda Heydər Əliyev siyasəti, onun dövlətçilik xətti davam edəcək. Çünki bu siyasət Azərbaycanın gələcək tərəqqisinin təminatı baxımından lazımdır. Heydər Əliyev siyasəti tarazlı siyasətdir, cəmiyyətin bütün təbəqələrinin mənafelərini ifadə edir, cəmiyyətdə ahəngdarlıq yaradır, vətəndaşların hüquq və azadlıqlarını, onların milli-dövlətçilik mənafelərini, açıq cəmiyyətin ali dəyərlərini müdafiə edir. Orta statistik azərbaycanlı Heydər Əliyevin simasında ümummilli liderə məxsus bütün keyfiyyətləri -rasionalizm və müdriklik, qətiyyət, siyasi uzaqgörənlik, realizm və novatorluğu görürdü.

Ən önəmlisi isə odur ki, Heydər Əliyev siyasəti bugünlə, indi ilə yekunlaşan, bitən deyil. Bu siyasəti həmin uğurla gələcəkdə də davam etdirə biləcək gənc lider, sınanmış dövlət komandası və aydın strategiya var.

Siyasətdə müdriklik, dövlət idarəçiliyində ustalıq - bu böyük siyasətin ana xəttini təşkil edir. Azərbaycan siyasətçiləri içərisində heç kimə bu qədər siyasət Olimpinin zirvəsində qalmaq və Vətəninə, xalqına xidmət etmək və heç kəsə ürəklərdə sağlığında özünə heykəl ucaltmaq da nəsib olmayıb.

Heydər Əliyev özü şəxsiyyət kimi tarixi hadisədir. Tarix şəxsiyyəti yaradır, bu cür şəxsiyyətlər isə tarixi. O həmişə lider olub. O, imperiya dövründə də lider idi, istiqlalımız dövründə də liderdir, onu o dövrdə də tərif, mədhiyyə, tənqid atəşinə tutublar, indi də, bunlar heç nəyi dəyişməyib - dəyişməyən amalı, əqidəsi və mənəviyyatı imkan verməyib.

Heydər Əliyev cənabları sənin, mənim, onun - Azərbaycan xalqının gözü qarşısında dahiləşib, əbədiləşib, zirvələşib. Heydər Əliyevin ən böyük fəxri, qüruru onun yaratdıqları, gördüyü işlərlə doğma xalqının qəlbini fəth etməsi idi. Bu fəthiylə o, xalqının qəlbində əbədi yaşayacaq - bugünkü nəslin də, sabahkı nəslin də.

Bu gözəl insanın ömür salnaməsini dönə-dönə səhifələmək, oxumaq, öyrənmək və oxuya-oxuya, öyrənə-öyrənə sevərək təbliğ etmək lazımdır, çünki Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycanın tarixidir.

... O, ömrünün 81-ci ilində - müdriklik, ağsaqqallıq zirvəsində bizi tərk etdi. Amma o, cismən bizdən ayrılıb.Heydər Əliyev hələdə yaşayır,öz ideyaları və qurduğu müstəqil Azərbaycan dövləti ilə birlikdə... Heydər Əliyev öz ideyaları, hələ başa çatdıra bilmədiyi işlərlə, Azərbaycanın 10, 20, 50, 100 il sonrakı gələcəyini görən böyük planları, arzuları ilə daima bizimlə olacaq. O hər zaman zirvədə olacaq. Heydər Əliyevi bu zirvəyə xalq, onun etimadı və inamı yüksəldib. Onun fəth etdiyi ən böyük zirvə xalqın qəlbidir. Həmin zirvədən Azərbaycanın dünəni və bugünü ilə yanaşı, gələcəyi, rifahlı sabahı da aydın görünür. Yetər ki, hər birimiz Azərbaycanın sabahını düşünərək həmin zirvənin işığında addımlamağı bacaraq...
Bu gün ulu öndərin 95 illik yubileyidir, Azərbaycan xalqının yaddaşına xilaskar, qurucu, yaradıcı lider kimi həkk olunan bu dahi insan təkcə bizim yox, bütün dünya azərbaycanlılarının fəxrinə çevrilmişdir. Heç kəs unutmamalıdır ki, Azərbaycanı parçalanmaqdan qurtaran, beynəlxalq aləmdə tanıdan, bugünkü firavan, azad həyatımızın banisi məhz Heydər Əliyevdir. O, Azərbaycan xalqının dahilik rəmzidir. 
Onun ideyaları yaşayır və hər zaman yaşayacaq. Çünki bugünkü və gələcək inkişafımız Heydər Əliyevin qurduğu bünövrə üzərində ucalıb. Azərbaycanın böyük oğlu Heydər Əliyevin parlaq şəxsiyyəti və misilsiz xidmətləri qədirbilən xalqımızın xatirəsində əbədi yaşayacaq.

ŞƏFƏQ AĞACAN

Paylaş:

Oxşar xəbərlər